97 gündür aclıq edən Fazil Qasımova təcridxanada təzyiq edirlər
İqtisadçı, İstanbul Universitetinin doktorantı Fazil Qasımov 97 gündür ki, Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edir. Sentyabrın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları ona baş çəkiblər.
Vəkilin sözlərinə görə, Penitensiar Xidmət aclığı dayandırması üçün Fazil Qasımova təzyiq göstərir.
“Penitensiar Xidmətin əməkdaşları Fazil Qasımova fiziki, mənəvi və psixoloji təzyiqlər edir. Onun yanında yemək yeyirlər, bərkdən danışırlar, kobud rəftar edirlər. Fazili psixoloji təzyiq məqsədi ilə müalicə müəssisəsinin çox ağır xəstələrin saxlanıldığı intensiv terapiya şöbəsinə yerləşdiriblər”, – vəkil qeyd edib.
Fazil Qasımovun səhhəti çox ağır olaraq qalır. “O, sərbəst hərəkət edə bilmir. Kifayət qədər çəki itirib”, – Rəhimli qeyd edib və deyib ki, uzun müddət onu müttəhimin yanına buraxmayıblar.
“Müalicə Müəssisəsinin əməkdaşları axtarış səbəbilə məni 50 dəqiqəyə yaxın yubatdılar. Mən dedim ki, buna imkan verməyəcəyəm. Bundan sonra məni qurumun rəis müavininin kabinetinə apardılar və o dedi: “Bura strateji obyektdir, bəlkə qanunsuz əşyalar gətirmisiniz, haradan bilirik?! Mən vəkil kartımı geri tələb etdim və şikayət edəcəyimi binanı tərk etmək istədim. Bundan sonra mənə yoxlama aparılmadan Fazil ilə görüşə icazə verildi”, – Rəhimli bildirib.
* Bakı 1 saylı İstintaq Təcridxanasının sanitar-tibb şöbəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən səhhətinin kəskin pisləşməsi ilə əlaqədar iyulun 26-da Penitensiar Xidmətin sanatoriyasına köçürülüb.
O 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. O, tanınmış iqtisadçısı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub.
Hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır. Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti iclas keçiriləcək.