SEÇMƏ

Abbas Abbasovun oğlunun məhkəmədə dindirilməsi tələb olunur

Yayımlandı: 1 Noyabr 2022 20:26

İşdə Məhərrəm Əliyevin kürəkəninin də adı hallanır

“Onun sifarişilə prokurorluq və daxili işlər orqanlarına ləkə vurulmaq üçün bu iş qurulub”

Uzun illər Azərbaycanda Baş nazirin 1-ci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəməyə çağırılıb dindirilməsi tələb olunur. Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Samir Kərimov məhkəmədə bu barədə vəsatət qaldırıb.
Samir Kərimov hazırda həbsdədir və onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham edilən keçmiş müstəntiq Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin inspektoru olmuş Ramin Talıbovla birlikdə mühakimə olunur. Lakin Ramin Talıbov həbsdə deyil. Onun barəsində hökm çıxarılana qədər başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Onlar 20 il öncə Bakıda işləyən Hindistan vətəndaşlarından rüşvət almaqda təqsirləndirilirlır. İttihama əsasən, yuyucu toz istehsalı və satışıyla məşğul olan hindistanlılardan 300 min pul tələb olunub, son nəticədə 20 min alınıb.
Samir Kərimov və Ramin Talıbovun heç biri özünü təqsirli bilmir. Ramin Talıbov bildirib ki, o, adi inspektor olub. İşlədiyi bölmənin rəisi bir qrup əməkdaşa, o cümlədən ona prokurorluğun müstəntiqi ilə birlikdə əməliyyata getmək barədə göstəriş verib. O da həmin göstəriş əsasında ora gedib. Kiminsə kimdənsə pul tələb etməsi və ya almasından xəbəri yoxdur.
Samir Kərimov da özünü təqsirli bilmir, baş verənləri “Aydın Abbasovun quraşdırdığı iş” sayır. O, məhkəmədə deyib ki, şahidlər dindiriləndən sonra ifadə vermək istəyir. O həm də bu işdə adları keçən Hindistan vətəndaşlarının videokonfrans vasitəsilə olsa da, dindirilməsi barədə vəsatət qaldırıb.
Onun daha bur tələbi hadisə baş verən dövrdə 28-ci polis bölməsinin rəisi olmuş Ülvi Allahyarovun dindirilməsidir. Ülvi Allahyarovun Prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyevin (Bakı şəhər Baş Polis İdarəsinin uzun illər rəisi olub) kürəkəni olduğu bildirilir.
“Ülvi Allahyarovun hansı ölkədə olması müəyyən edilsin, bu iş üzrə dindirilsin. Onunla üzləşdirmə təmin olunsun”, – Samir Kərimov bildirib.
O əlavə edib ki, Hindistan vətəndaşlarının dindirilməsi zamanı tərcüməçilik edənin şəxsiyyəti müəyyənləşdirilməlidir. Onun belə bir səlahiyyəti olub-olmadığı aydınlaşdırılmalıdır.
Sabiq müstəntiq digər tərcüməçi Kamran Muradovun ali təhsili olub-olmaması, tərcüməçilik üçün müvafiq sənəd təqdim edib-etməməsi məsələsinin də araşdırılmasını istəyib.
Onun daha bir vəsatəti bu iş üzrə istintaqı aparan müstəntiq Nürəddin Qasımovun məhkəmədə dindirilməsi ilə bağlı olub.
Məhkəmə Samir Kərimovun vəsatətlərini təmin etməyib.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən sabiq müstəntiq və polis əməkdaşı əcnəbiləri keyfiyyətsiz məhsulları əhaliyə satmaqda ittiham edərək hədələyib. Onlara deyilib ki, həbs edilmək istəmirlərsə, pul verməlidilər. İş materiallarında bəhs olunan hindistanlılar bunlardır: Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramanian.
Vəkil Kamandar Nəsibov deyib ki,əvvəlcə
Hindistan vətəndaşları və Aydın Abbasovun məhkəmədə dindirilməsi təmin olunmalıdır:
“Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqnalarına ləkə vurulmaq məqsədilə bu iş qurulub. Cinayət işi başlanmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişilə bu cinayət işi başlanılıb. Biz hesab edirik ki, Hindistan vətəndaşları burada mütləq dindirilməlidir. Bundan sonra müdafiə etdiyim təqsirləndirilən şəxs ifadə verəcək”.
Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.
Hindistan vətəndaşlarının işlədiyi şirkətin Aydın Abbasova məxsus olduğu bildirilir.
İttihama əsasən, baş vermiş rüşvətalma hadisəsi 20 il öncə olub. Samir Kərimov müstəntiq vəzifəsindən azad ediləndən sonra uzun illər Rusiyada yaşayıb. 2022-ci ildə o, Bakıda ASAN Xidmətdə şəxsiyyət vəsiqəsini dəyişməyə gedəndə saxlanılıb.

Gözdən qaçırmayın:  Müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir?

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button