2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Bakı və Yerevanı sülhə çağırıb

Yayımlandı: 11 Yanvar 2023 13:05

Rəsmi Bakı Ermənistanın təxribatlar törətdiyini iddia edir

Yanvarın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Tərəflərin iki ölkə arasındakı əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə etdiyi bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi məlumat yayıb.

Nazirlik qeyd edib ki, Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistandan prosesə davamlı şəkildə müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb:

“Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib. Həmçinin son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub”.

Mənbə: XİN

“Nazir Ceyhun Bayramov guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib”, – deyə nazirlik əlavə edib.

Bundan əlavə, XİN bildirib ki, Ceyhun Bayramov erməni sakinlərinin yoldan sərbəst hərəkətinə heç bir maneə olmadığını söyləyib:

“Ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, özlərini yerli ermənilərin rəhbərləri kimi təqdim edən şəxlərin əhalinin yoldan istifadəsinə qarşı olması barədə faktları da diqqətə çatdırıb”.

Karen Donfrid Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da telefonla danışıb.

Mirzoyanın 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış humanitar vəziyyətin gündən-günə pisləşdiyini qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi də dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə telefon əlaqəsi saxladığını təsdiqləyib.

Səfirlik bildirib ki, Karen Donfrid xarici işlər naziri Ceyhun Bayramovu və Ararat Mirzoyanı Laçın dəhlizi vasitəsilə müxtəlif  malların daşınmasını təmin etmək üçün dərhal səy göstərməyə və diplomatik həll yolu tapmağa çağırıb.

O, hər iki naziri davamlı sülhə yönələn prosesə yenidən qatılmağa təşviq edib.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button