Xəbərlər

ABŞ Bakı-Yerevan danışıqları ilə bağlı Putinin bəyanatını 'dezinformasiya' adlandırır

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar gündəlikdə olan planın Vaşinqton tərəfindən təklif edilib” fikrinə reaksiya verib.

Dövlət Departamentinin sözçüsü Ned Prays bu məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinin ABŞ-dakı müxbirinin sualına cavab verərəkən Moskvanın təhrif və dezinformasiyalarının davam etdiyini deyib.

Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək dezinformasiya davam edir”, -Ned Prays deyib.

Çərşənbə günü Putin bildirib ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib və əlavə edib ki, Yerevan güzəştə getmək istəsəydi və buna “hazır olsaydı”, Rusiya “Ermənistana daha sərfəli sövdələşmə əldə etməyə kömək edərdi”.

Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır:

“Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən ErmənistanAzərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan “böyük tərəfdaş yoxdur”.

“1991-ci ildə Ermənistanın, Azərbaycanın Sovet İttifaqından müstəqilliyini bərpa etməsi bu ölkələrin hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib.

“Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, -Prays deyib.

ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə – “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir.

Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı suala gəlincə Prays deyib ki, Azərbaycan və Ermənistan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərnə qərar verməlidirlər.

“Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”, – Prays deyib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bu il sentyabrın ortalarında iki ölkə sərhədində yenidən vəziyyət gərginləşib, ağır silahlar işə düşüb. Nəticədə hər iki tərəfdən ümumilikdə 300-dən çox hərbi qulluqçu həlak olub. Lakin bir neçə günə tərəflər arasında yenidən atəşkəs bərpa edilib.

Gözdən qaçırmayın:  Azərbaycan və daha 3 ölkə Aİ-yə elektrik enerjisi ötürmək istəyir

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button