Xəbərlər

ABŞ-da ikinci Demokratiya Sammitinə hazırlıq gedir

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ikinci Demokratiya Sammitinə hazırlıq gedir.

Dekabrın 7-də Milli Təhlükəsizlik Şurasında insan haqları üzrə baş direktor Rob Berşinski (Rob Berschinski) jurnalistlərə deyib ki, ABŞ tərəfdaşlarını demokratiyanın təşviqində və korrupsiyaya ilə mübarizədə daha fəal olmağa çağırır. “Bu, həm dəvət etdiklərimiz, həm də dəvət etmədiklərimiz üçün keçərlidir”, – Berşinski “Turan”ın müxbirinin Azərbaycan və Türkiyənin sammitə dəvət edilib-edilməməsi barədə sualına cavabında deyib.

“Biz açıq şəkildə bildirdik ki, dialoqa girmək istəyirik və nəticədə məqsədimiz siyasi iradənin olduğu təqdirdə hamını cəlb etməkdir”, – Berşinski vurğulayıb.

İkinci sammit martın 29-30-na planlaşdırılıb. Ağ Ev martın 29-da dünya liderlərini virtual plenar iclas formatında bir araya gətirməyi planlaşdırır.

Ötən il dekabrın 9-u və 10-da ABŞ Demokratiya Sammiti keçirmişdi. Həmin sammitə dünyanın bir çox liderləri çağırılsa da, Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bu məsələyə toxunaraq xüsusilə Azərbaycandan fərqli olaraq Ermənistanın dəvət almasına iradını bildirmişdi: “Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrıseçkilikdir”.

Amma həmin vaxt müxalifətdə olan Milli Şuranın rəhbərliyi Azərbaycanda insan hüquqların daha çox pozulduğunu söyləyərək vurğulamışdı ki, “Demokratiya Sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır”.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan, Ermənistan və Rusiya prokurorları görüşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button