2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ-dan Rusiya ilə bağlı Türkiyə və Cənubi Qafqaz ölkələrinə xəbərdarlıq

Yayımlandı: 23 Avqust 2022 13:38

Siyasi şərhçi: “İndiki mərhələdə Rusiyaya ən çox Türkiyə şərait yaradır”

Bayden administrasiyası Azərbaycanı, Gürcüstanı və Ermənistanı Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays avqustun 22-də keçirdiyi brifinqdə deyib.

Məlumatı “Turan” yayıb.

Ned Prays bildirib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaların effektiv olması və mövcud boşluqları aradan qaldırmaq üçün addımlar atır.

Avqustun 20-də ABŞ Maliyyə Nazirliyi Türkiyəyə xəbərdarlıq edib.

Ned Prays. Foto: Amerikanın səsi

Bildirilir ki, Rusiya qurumları və şəxsləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün bu ölkədən istifadə etməyə çalışırlar.

“Yüksək rütbəli ABŞ rəsmiləri mövcud sanksiyalar rejimini saxlamaq, boşluqları aradan qaldırmaq və Rusiyaya qarşı potensial hədəfləri müəyyən etmək üçün dünya üzrə həmkarları ilə müntəzəm əlaqə saxlayırlar”, – deyə Ned Prays əlavə edib.

O, Vaşinqtonun Azərbaycanı, Gürcüstanı və Ermənistanı da Rusiyanın fiziki və hüquqi şəxslərinin sanksiyalardan yan keçməsinə imkan verməməyə çağırdığını təsdiqləyib.

Deputat: “ABŞ-ın Rusiyayla problemi varsa, özləri həll etməlidir”

Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Departament sözçüsünün açıqlaması ilə bağlı Meydan TV-nin sorğusuna cavab verib.

O bildirib ki, xarici siyasətdə münasibətlər heç vaxt diktə ilə qurulmur:

Arzu Nağıyev
Arzu Nağıyev. Foto: “Trend”

“Hər bir məsələ ümumi maraqlardan doğur. Qarşılıqlı münasibətlərlə tənqimlənən proseslərə kimsə təzyiq göstərə bilməz. Əgər ABŞ-ın Rusiyayla problemi varsa, özləri həll etməlidir. Bunun üçün digər dövlətləri niyə təhrik etməlidir?! Çünki ABŞ öz marağından çıxış edərək belə çağırış səsləndirir”.

Şahin Cəfərli: “Yəqin, Vaşinqtonda Moskvanın bu ölkələrdən istifadə etməsi haqda məlumat var”

Siyasi şərhçi Şahin Cəfərli güman edir ki, Vaşinqtonda sanksiya rejimindən yayınmaq üçün Moskvanın bu ölkələrdən istifadə etməsi haqda məlumat var:

“Amma inanmıram ki, Azərbaycan hökuməti Rusiyaya sanksiyalardan yayınmaq üçün bank və ya başqa sektorlardan istifadəyə ciddi imkan yaratsın”.

O, Meydan TV-yə deyib ki, rəsmi Bakı bu cür məsələlərdə mümkün qədər ehtiyatlı hərəkət edir:

“Ancaq Moskvanın sanksiyalardan yayınmaq üçün qonşu ölkələrdən istifadə etmək cəhdləri sirr deyil. O cümlədən, Rusiya Azərbaycanın bank sektorundan və digər imkanlarından istifadə etməyə cəhd göstərir. Yəqin, müəyyən addımlar da atılır ki, ABŞ belə bir xəbərdarlıqla çıxış edir”.

Şahin Cəfərli
Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Şahin Cəfərlinin fikrincə, indiki mərhələdə Rusiyaya ən çox Türkiyə şərait yaradır:

“Xüsusilə Prezident Ərdoğanın Soçidə rusiyalı həmkarı Putinlə görüşdən sonra səsləndirdiyi açıqlamalar Qərbdə ciddi narahatlıq doğurub. Türkiyə dövlət başçısı demişdi ki, Rusiyayla iqtisadi əlaqələri daha da dərinləşdirmək qərarına gəliblər. Eyni zamanda, Türkiyə bankları Rusiyanın “NİL” ödəmələr sisteminə şərait yaradacaq. Bunlar isə açıq-aşkar Qərb sanksiyalarının pozulması anlamına gəlir. Ardınca, ABŞ maliyyə nazirinin müavini Adeyomo ötən günlərdə türkiyəli həmkarı ilə telefon əlaqəsi saxlayaraq ona xəbərdarlıq edib”.

“Vaşinqtonu daha çox Ankaranın addımları narahat edir”

“Türkiyə isə sanksiyaları pozmaq niyyətinin olmadığını deyib. Bu mənada Qafqazın 3 respublikasının elə imkanları yoxdur ki, Rusiyayla bu tip dərin əlaqələrə girib sanksiyaları pozmaq imkanı yaratsın. Ona görə Vaşinqtonu daha çox Ankaranın addımları narahat edir”, – deyə Şahin Cəfərli qeyd edib.

Şahin Cəfərli düşünmür ki, ABŞ-ın xarici siyasətində hansısa diktə elementi var:

“Rusiyaya müstəqil dövlətə hərbi təcavüz etdiyi üçün sanksiyalar tətbiq edilib. Rusiya Ukrayna ərazisini işğal edib, qətllər törədib, dinc əhalini bombalayıb. Məhz buna görə Rusiyaya qarşı sanksiyalar tamamilə haqlıdır və insani addımdır. Əgər biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyiriksə, o zaman Rusiyanın sanksiyalardan yayınmasına şərait yaratmamalıyıq. Bu, həm insani, həm də beynəlxalq hüquq məsələsidir. Çünki Rusiya aşkar şəkildə beynəlxaq hüquqa tüpürüb. Ona görə burada diktədən söhbət getmir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button