Xəbərlər

ABŞ hökumətin Venesiya Komissiyası ilə məsləhətləşməsini istəyir

Yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılması gözlənən “Siyasi partiyalar haqqında” qanun layihəsi ətrafında müzakirələr davam edir.

Turan” agentliyi bu qanun layihəsi ilə bağlı ABŞ səfirliyinin rəyi ilə maraqlanıb. Mətbuat katibindən alınan cavabda deyilir: “Biz “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi partiyaların qeydiyyatını çətinləşdirərək azərbaycanlıların birləşmək azadlığını daha da məhdudlaşdıra biləcəyindən narahatıq. Biz Azərbaycan hakimiyyətini beynəlxalq ekspertlərlə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Şurası Venesiya Komissiyası ilə məsləhətləşmələrə və qanun layihəsi ilə bağlı onların rəylərini nəzərə almağa çağırırıq”.

Cavabda daha sonra da vurğulanır ki, birləşmək azadlığına hörmət Azərbaycan Konstitusiyasında və beynəlxalq öhdəliklərdə təsbit olunmuş fundamental azadlıqdır: “Biz bu məsələni diqqətlə izləməyə davam edəcəyik”.

Yaxınlarda Milli Məclisin saytı “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini təqdim edib.

Layihədə bir sıra maddələr AXCP, Müsavat kimi müxalif qüvvələrin tənqidi ilə qarşılanıb. Onlar xüsusilə hesab edirlər ki, orada bir partiyanın iki dəfə seçkiləri boykot edəcəyi halda, qeydiyyatının ləğvinin gündəmə gəlməsi, qeydiyyat üçün üzv sayının artırılması və partiya təsisçilərinə son 10 ili Azərbaycanda yaşamaq tələbinin qoyulması mənfi məqamlardır.

Milli Məclisdə layihə ilə bağlı parlamentdə təmsil edilən partiyaların iştirakı ilə ictimai dinləmələrin keçirildiyi açıqlanıb. Həmən müzakirələrə qatılanların bir çoxu müxalifətin tənqidlərini haqlı saymırlar.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Usubov və Patruşev əməkdaşlıq planı imzalayıb 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button