Loading...
Loading...
Xəbərlər

ABŞ-ın Qafqaz üzrə yeni məsləhətçisi regiona səfər edəcək

Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarda baş müşavir təyin edilmiş səfir Filip Riker bu yaxınlarda regiona səfər edəcək.

Bunu “Turan”a ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib. O qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.

“Hər üç ölkədə o, regiondakı əsas məsələləri müzakirə etmək, həmçinin tərəfdaşlara kömək etmək və regional əməkdaşlıqda konstruktiv iştirak yollarını tapmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək”, – Patel deyib.

Ötən ay dövlət katibi Entoni Blinken səfir Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib.

“Səfir Riker ErmənistanAzərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ikitərəfli əsasda əməkdaşlıq edəcək”, – Blinken avqustun 24-də verdiyi bəyanatda bildirib.

2020-ci ildə 44 günlük müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev isə dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan edib. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun işinin də bitdiyini bildirir, onu “reanimasiya etmək” cəhdlərini pisləyir

Bugünlərdə – sentyabrın 5-də Ermənistan və Rusiyanın xarici işlər nazirləri Moskvada görüşərkən də ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunublar. Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Rusiya tərəfinin səylərinin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində münaqişənin uzunmüddətli və hərtərəfli tənzimlənməsinə yönəlik cəhdlərin vacibliyini qeyd edib.

ATƏT-in Minsk qrupu uzun illər Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda vasitəçi olub. ABŞ, RusiyaFransa qurumda həmsədrlərdir.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Avqustun sonunda dəhlizin yerinin dəyişdirilməsi ilə bağlı Laçın şəhəri və iki kəndAzərbaycanın nəzarətinə qaytarılıb. Amma yeni dəhliz də Ermənistanla sərhəddə yerləşən bu rayonun ərazisindən keçir.

AzadliqRadiosu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button