2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ mətbuatı Azərbaycanın korrupsiya sxemindən yazdı

ABŞ-ın “BuzzFeed” internet mediası Azərbaycan hökumətinin AŞPA-dakı korrupsiya fəaliyyətindən və keçmiş italiyalı deputat Luka Volontenin Azərbaycan rəsmiləri ilə qurduğu rüşvət sxemindən bəhs edən yazı dərc edib. “Azadlıq” qəzeti məqalənin xülasəsini təqdim edir.

ABŞ və Avropadakı sosial konservativ qrupları maliyyələşdirən keçmiş italiyalı deputat Azərbaycanın repressiv rejiminə yaxınlığı olan rəsmilərdən pul alıb.

Keçmiş italiyalı deputat Luka Volonte Avropanın əsas insan haqları orqanının ağzını bağlamağa kömək etməyin qarşılığında milyonlarla pul almaqda ittiham edilir.

Luka Volonte 2013-cü ilə qədər AŞPA-nın ən böyük siyasi blokuna rəhbərlik edib. İş yerini tərk etdikdən sonra Volonte beynəlxalq hərəkat yaratmağa çalışan və ənənəvi ailə dəyərlərinin müdafiəsi ilə məşğul olan aktivist dairələrdə əsas oyunçu olub. O, “Dignitatis Humanae İnstitute”-un rəhbəri olduğu zaman təşkilat 2014-cü ildə Vatikanda indi Donald Trampın əsas strateqi sayılan Stiv Bənının video müraciətini yayımlayıb. Həmin il Dünya Ailələlər Konqresi Volonteyə “Ailə və Həqiqət” mükafatını təqdim edərək onun “təbii ailə modelini dəstəkləyən təşkilat və şəbəkələr yaratmaq” işini alqışlayıb.

Volonte “BuzzFeed News”-la telefon danışığında deyib ki, onun fondu sosial mühafizəkar qruplara 200 min avrodan çox qrant ayırıb. O deyib ki, bu pullar onunla birgə AŞPA-da xidmət etmiş keçmiş Azərbaycan deputatı Elxan Süleymanovdan gəlib. Volontenin vəkilləri bu maliyyələşməni QHT-lər arasında legitim əməkdaşlığın bir hissəsi adlandırıb, ancaq İtaliya prokurorluğu deyir ki, bu, 2012 və 2014-cü illər arasında Azərbaycan hökumətinə yaxın maraqlı dairələrdən Volontenin fond və biznesinə 2.4 milyon avronun köçürülməsi sxeminin tərkib hissəsi olub.

“İttihamlar barədə özümü tamamilə günahsız hesab edirəm”, – Volonte çərşənbə günü ikinci telefon intervyusunda deyib. Həmçinin onun vəkilləri bəyanat yayaraq bildirib ki, çirkli pulların yuyulması ittihamları “əsassızdır, çünki Azərbaycan baş prokurorluğundan əldə edilən sənədlər göstərir ki, alınan pullar qanunsuz olmayıb, Azərbaycan prokurorluğu Volontenin nə üçün pul aldığının legitim izahını göstərib.” “Ödəmələr mədəni fəaliyyətlər üçün edilib və bunun Volontenin Avropa Şurasındakı funksiyaları ilə heç bir əlaqəsi olmayıb”, – onun vəkilləri belə deyib.

Elxan Süleymanov

Süleymanov APA-ya müsahibəsində ittihamları “Azərbaycana qarşı qarayaxma kampaniyası” və “irimiqyaslı beynəlxalq təxribatın bir hissəsi” adlandırıb.

İtaliya prokurorları iddia edir ki, Avropa İnsan Haqları Bəyannaməsini ratifikasiya etmiş 47 ölkədən ibarət Avropa Şurası qarşısında Azərbaycanın “siyasi maraqlarını dəstəkləmək” qarşılığında Volonteyə pul ödənilib. Onlar xüsusilə iddia edirlər ki, Volonte siyasi məhbuslara malik olduğu üçün Azərbaycan hökumətinin tənqid edildiyi 2013-cü il qətnaməsinin qarşısını almaq üçün satın alınıb.

Çərşənbə axşamı AŞPA bəyanatında qeyd edib ki, “bəlli AŞPA üzvləri və keçmiş üzvlərinə qarşı “korrupsiya və maraqların möhkəmləndirilməsi” ittihamları” adlanan istintaqın müstəqil orqan tərəfindən həyata keçirilməsi qaydalarında razılığa gəlinib. Komissiyanın həyata keçirdiyi istintaqın leqal ittihamlar vermək gücü olmayacaq, lakin ittihamları dəstəkləyən sübutun olub-olmadığını müəyyən edə biləcək.

Azərbaycan əvvəllər də Avropa Şurasını qarışdırmaqda ittiham edilib. Avropa Stabillik Təşəbbüsü Süleymanovun təşkilatını “Kürü diplomatiyası”-nın açar instrumenti kimi təsvir edib. “Politico” keçən ay yazıb ki, prokurorluq hesab edir ki, pullar Şotlandiyadan Marşal adalarına qədər bir çox ölkələrdəki şirkətlər vasitəsilə Estoniya və Latviyadakı banklardan keçərək Volontenin bank hesabına çatıb.

Volonte “BuzzFeed News”-a deyib ki, ödəmələr “şəxsi xarakter daşıyır və Avropa Şurasındakı müzakirələrlə əlaqəsi yoxdur”. O bildirib ki, Süleymanov 10 il ərzində Volontenin “Novae Terrae Foundation” təşkilatına illik 1 milyon avro köçürmək sözü vermişdi. O, fondun missiyasının “insan həyatı və ləyaqət, təbii ailə, din azadlığı və təhsil”-in təşviqi olduğunu deyib. Süleymanov 2013-2014-cü illərdə fondun yeganə donoru olub. Volonte bildirib ki, Süleymanov “mənə bir neçə dəfə bəzi iqtisadi problemlərinin olduğunu dedikdən” sonra 2014-cü ildə razılaşma “dayandırılıb”.
“O, bizim fondu və həmçinin insan haqları üzrə inkişafı dəstəkləyir, ianəni qəbul etməmək üçün səbəb yoxdur”, – deyə Volonte qeyd edib. “Politico” yazıb ki, “Novae Terrae” fondu bağlanmamışdan qabaq 2013-cü ilin iyul və 2014-cü ilin dekabr ayları arasında aylıq 105 min avro ödəmə qəbul edib.

“İttihamların Süleymanovun ödəmələrinin bərpasını təxirə salacağından narahatam. Ümid edirik ki, tezliklə işimizə davam edə biləcəyik”, – deyə Volonte bildirib.

Prokurorluq ödəmələrin başqa məqsədə xidmət etdiyinə inanır. “Politico” yazıb ki, “Azərbaycanın siyasi məhbuslar problemi” başlıqlı 2013-cü il qətnaməsinin qarşısını almaq planının təklif edildiyi Volonte və Süleymanov arasında e-poçt yazışmalarını müstəntiqlər ələ keçirib. Qətnamə 85 nəfərin həbsini pisləyəcəkdi. O, 125-ə qarşı 79-la səsvermədən keçmədi. Səsvermə Volontenin “L.G.V.” şirkətinin 220 min avro ödəmə qəbul etməsindən 6 həftə sonra baş verib. Prokurorluğun iddiasına görə, ödəməyə legitim əsas qazandırmaq üçün Azərbaycan rəsmisi ilə konsaltinq müqaviləsi bağlanıb. Volonte deyib ki, bu pul ona Süleymanovun təşkilatının idarə etdiyi hökumət dəstəkli proqram üzrə məsləhət vermək üçün ödənilib. Dediyinə görə, layihənin məqsədi “mədəni məktəb proqramları və sosial proyektlər üzrə konsept və təşəbbüsün inkişaf etdirilməsi” olub.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button