2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib (yenilənib)

Yayımlandı: 25 Avqust 2022 12:54

Son dəyişiklik: 25 Avqust 2022 17:22

Azərbaycan XİN: ” Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri…”

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibi Antoni Blinkenin Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və ATƏT-in həmsədri vəzifəsinə təyin etməsinə reaksiya verib.

XİN-in Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva bu təyinatda təəccübləndiyini deyib.

O hesab edir ki, Dövlət katibinin yanaşması bölgədəki post-münaqişə reallığından uzaqdır.

“Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər”, – deyə Abdullayeva əlavə edib.

L.Abdullayeva hesab edir ki, Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir:

“Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.


Müzakirələrdə Vaşinqtonu Filip Riker təmsil edəcək

Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edilib.

O həmçinin ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri olacaq.

Bu barədə avqustun 24-də ABŞ Dövlət katibi Entoni Blinken açıqlama verib.

Məlumatı “Turan” yayıb.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi götürür:

“Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək”.

O deyib ki, Filip Riker bu kritik dövrdə Beynəlxalq Cenevrə müzakirələrində ABŞ-ın aparıcı sözçüsü olacaq: “Səfir Rikerin Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var”.

“Səfir Rikerin təyin edilməsi ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə müzakirələrinə verdiyi əhəmiyyəti təsdiqləyir”, – deyə dövlət katibi əlavə edib.

F. Riker bu ilin iyununda Minsk Qrupunun amerikalı həmsədri təyin edilmiş Laura Okanı əvəz edəcək.

Diplomat buna qədər ABŞ-ın Londondakı səfirliyində müvəqqəti işlər vəkili olub.

2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər F.Riker dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib.

O, ABŞ-ın Almaniyadakı Avropa Komandanlığı komandanının siyasi müşaviri, Milanda baş konsul, dövlət katibinin Balkanlar üzrə köməkçisinin müavini olub.

2008-2011-ci illərdə ABŞ-ın Şimali Makedoniyadakı səfiri vəzifəsində də çalışıb.

F.Riker artıq Qarabağ nizamlanması prosesinin iştirakçısı olub. Məhz onun 2021-ci ilin iyununda Bakıya səfərindən sonra 15 erməni əsiri azad edilib.

Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayıb.

Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.

Ardınca Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olunub.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə İsveç və Rusiya başçılıq edib.

1997-ci ilin yanvarından ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button