24 saat xəbərlər Exit Reader Mode

ABŞ Rusiyadan tibb ləvazimatının pulla alındığını bildirir


ABŞ Dövlət Departamentinin nümayəndəsi izah edib ki, Birləşmiş Ştatlar aprelin 1-də Rusiya təyyarəsinin Nyu York hava limanına gətirdiyi tibbi ləvazimatını pulla alıb.

 

Dövlət Departamentinin sözüçsü xanım Morgan Ortagus-un bu barədə açıqladığı bəyanatda deyilir ki, “martın 30-da prezidentlər Donald Trump və Vladimir Putin arasında keçirilmiş telefon danışığında Amerika tərəfi Rusiyadan ağ ciyərlərin süni ventilyasiyası (ASV) cihazları da daxil zəruri tibb avadanlığının satın alınmasına razılıq verib”.

Reklam...

Bəyanatda bu da deyilir ki, keçmişdə böhranlı vəziyyətlərdə iki ölkə bir-birinə humanitar köməklik göstərib və bunu davam etdirmək niyyətindədirlər.

Bəyanatda satın alınmış avadanlığa nə qədər pul ödəndiyi və yükün həcmi barədə heç nə deyilmir.

 

Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova bildirib ki, ABŞ sözü gedən yükün yalnız bir hissəsinin pulunu ödəyib.

Onun sözlərinə görə pulun qalan hissəsi Rusiyanın Birbaşa İnvestisiylar Fondu tərəfindən ödənib.

Bundan iki gün əvvəl ABŞ prezidenti Donald Trump demişdi ki, o Rusiya tibb avadanlığının Birləşmiş Ştatlara gətirilməsi barədə Putinlə razılaşma əldə edib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu xəbər Amerika mediasının diqqətindən kənarda qalsa da, Rusiyanın dövlət mediası və telekanalları tibb avadanlığının Rusiyanın ABŞ-a hədiyyəsi olduğu barədə çoxsaylı xəbərlər yayıb.

Bu da qeyd olunur ki, Rusiyadan ABŞ-a göndərilən yükü Putinin sözçüsü Dmitry Peskov da “humanitar yardım” adlandırmışdı.

 

Bundan əvvəl bir sıra şərhçilər və Qərb mətbuatı Moskvanın İtaliyaya tibb yardımı göndərməklə siyasi məqsədlər güddüyü barədə fikir səsləndirmişdilər.

Aprelin 1-də Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov rusiyalı jurnalistin sualına cavab verərkən Rusiyanın İtaliyaya yardımdan siyasi məqsədlər güddüyünə dair iddiaları “abırsızlıq və mənəviyyatsızlıq” adlandırmışdı.

24saat.org

Mənbə – azadliq.info