Now Reading:
ABŞ Suriya kürdlərinin silahlandırılmasına başladı

ABŞ Suriya kürdlərinin silahlandırılmasına başladı

ABŞ hərbçiləri İŞİD-ə qarşı döyüşən Suriya kürdlərinin silahlandırılmasına başlayıblar. CNN bildirir ki, bu hadisənin Ankaranı hiddətləndirəcəyi şəksizdir.

Xəbərdə deyilir ki, hərbi avadanlıq və silahlar Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki “kürd elementləri” arasında paylanır. Pentaqonun sözçüsü mayor Adrian Rankine Galloway deyib ki, bunlar əsasən kiçikçaplı silahlar, sursat və hərbi avtomobillərdən ibarətdir.

Pentaqon hələ mayın 8-də bəyan etmişdi ki, prezident Donald Trump Suriya kürdlərinə onların terrorçu qruplaşma ilə döyüşməsi üçün “məhdud” sayda silahların verilməsinə icazə verib.

Bu qərar Türkiyə rəsmilərinin acıqlı bəyanatlarına səbəb olmuşdu.

ABŞ-ın hərbi rəsmiləri bildirmişdilər ki, silah və sursat “spesifik olaraq Raqqa şəhərinin İŞİD-dən alınması əməliyyatı üçün kifayət edəcək sayda” veriləcək.

CNN bildirir ki, Suriya kürdlərinin silahlarla təchizatı məsələsinə Pentaqonda uzun müddətdir baxılsa da, təchizatın əməli həyata keçirilməsi ABŞ-ın NATO müttəfiqi Türkiyəyə görə hər dəfə ləngidilirdi.

Türkiyə SDQ-nin tərkibində döyüşən və YPG kimi tanınan kürdlərə PKK-nın qolu kimi baxır. PKK Avropa və ABŞ-da terrorçu qruplaşma kimi tanınır.

Lakin Vaşinqtonun nəzərində PKK və YPG tamamilə əlaqəsiz təşkilatlardır. ABŞ Suriya kürdlərini ən səmərəli döyüş qüvvəsi hesab edərək onları özünün İŞİD-ə qarşı mübarizəsində müttəfiqi sayır.

ABŞ müdafiə rəsmiləri bildiriblər ki, onlar türk həmkarlarının narahatlıqlarını cavablandırmaq üçün onlarla təmaslarda olublar.

Baş qərargah rəislərinin birləşmiş komitəsinə rəhbərlik edən general Joseph Dunford deyib ki, silahlar kürd döyüşçülər arasında mümkün qədər tez paylanmalıdır. ABŞ SDQ təkibindəki ərəb elementlərini artıq xeyli vaxtdır ki, silahlarla təchiz edir.

Dunford deyib ki, kürdlərə veriləcək silah-sursat artıq Suriya ərazisində anbarlanmışdı və sadəcə olaraq prezident Trump-ın icazəsi gözlənilirdi.

NBC News xəbər verir ki, ABŞ silahlarının Suriya kürdlərinə verilməsinə artıq başlanıb.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.