ABŞ Ukrayna və regiona 2.6 milyard dollarlıq silah və yardım ayırır
Prezident Co Bayden administrasiyası Ukraynaya əlavə 675 milyon dollarlıq silah ayırmağı təsdiqləyib
Birləşmiş Ştatlar Ukraynaya və digər ölkələrə 2.675 milyard dollarlıq yardım ayırır. Məqsəd Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı fonunda Avropada təhlükəsizliyi gücləndirməkdir.
Dövlət katibi Antoni Blinken sentyabrın 8-də bildirib ki, Ağ ev Xarici Hərbi Maliyyə proqramının 2 milyard dollarını Ukraynanın və regiondakı 18 ölkənin, o cümlədən NATO-nun bəzi üzvlərinin, eləcə də “Rusiyanın gələcək təcavüzü riski olan” regional təhlükəsizlik tərəfdaşlarının təhlükəsizliyini gücləndirəcək.
Bu açıqlamadan bir neçə saat öncə isə ABŞ-ın Maliyyə naziri Lloyd Ostin deyib ki, Prezident Co Bayden administrasiyası Ukraynaya əlavə 675 milyon dollarlıq silah ayırmağı təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton cəbhə zonasında Ukraynanın Rusiya əsgərlərinə qarşı “aşkar uğurlarını” görür.
Rusiya fevralın sonunda Ukraynaya irimiqyaslı hücuma başlayıb.
Ostin sentyabrın 8-də Almaniyada Ramşteyn hava bazasında iclasın əvvəlində deyib ki, Bayden administrasiyası ötən avqustdan bəri Ukraynaya ABŞ-ın inventarından 12-ci dəfədir avadanlıq ayırır. Onun sözlərinə görə, budəfəki paketə 105 mm-lik haubitsalar, yüksək dəqiqlikli GMLRS raketləri, artilleriya sursatı daxildir.
8 sentyabr açıqlaması daxil olmaqla Bayden administrasiyası dövründə Birləşmiş Ştatların Ukraynaya yardımının ümumi məbləği 15.2 milyard dollara çatıb.
Müdafiə nazirləri Ramşteyndə Ukrayna əsgərlərinə təlim məsələlərini koordinasiya edəcəklər.
Son bir neçə həftədə Ukraynada döyüşlər qızışıb. Ukrayna Rusiyanın işğalın əvvəlində ələ keçirdiyi əraziləri geri almaq üçün əkshücumlar həyata keçirir.