2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Açıq pəncərələr və bağlı qapılar

İlham Hüseyn
Hökumətimizin israfçılıqla “mübarizə”si davam edir. “Qənaət rejimi”nə keçdikdən sonra israfçılıq yuvaları aşkar olunur və israf edənlər cəzalandırılır. Amma nə hikmətdirsə, israfçılığa qarşı mübarizə əməliyyatları yalnız ac xalqın üzərində aparılır. Yəni, özgəsinin gözündə qıl axtarsalar da, öz gözlərindəki tiri görə bilmirlər.
Son olaraq isə israfçılığın qarşısını almaq üçün məcburi köçkünlərə verilən “çörək pulu” üzərində əməliyyata başladılar. Əvvəlcə qərara gəldilər ki, yeni doğulan köçkün övladlarına “çörək pulu” verilməsin, ardınca isə güzəştləri ləğv edib, ayda 36 manat müavinət vermək qərarına gəldilər.
Müqəddəs mandatı layiqincə qoruyan Hadi Rəcəbli də məsələyə aydınlıq gətirib. Hadi müəllimin “evrika”sı bundan ibarətdir: “Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından istifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.
Bəli, israfçılığın mənbəyi tapılıb və dərhal tədbir görülüb.
Mən uzaqgörən hökumətimzin sosial siyasətinə ağız büzmək istəmirəm. İsrafçılığın qarşısının alınması yaxşı haldır. Amma bir neçə sual var ki, cavabını axtarmaq vacibdir.
Məsələn, Hadi Rəcəbli məcburi köçkünlərin 40-50 manatlıq israfçılığını görə bilirsə, məmurların milyardlıq israfçılığını niyə görmür? Vətənədaşın pəncərəni açıq qoyması büdcəyə zərərdirsə, ölkənin qapılarının dünyanın üzünə bağlanması xeyirdir?
1500-2000 manat əməkhaqqı alan məmurun 15-20 milyonluq villada yaşaması, 200 minlik avtomobildə gəzməsi, saysız-hesabsız obyektlərə sahib olması israfçılıq deyil?
Necə olur ki, köçkünün spiraldan istifadə etməsi diqqəti cəlb edir, amma ölkənin spiral kimi burulduğunu görən olmur?
Doğurdan da qənaət etmək zərurəti yaranıbsa, məmurların xidməti avtomobilləri ləğv olunsun, dünyanın müxtəlif yerlərində həyata keçirilən xeyriyyə tədbirləri dayandırılsın, sahibsiz yarışlara ev sahibliyi etməkdən əl çəkilsin və.s
Amma bizim hökumətimizin problemlərin həlliylə bağlı “öz yolu” var. Bunlar israfçılıqla mübarizənin də “Azərbaycan modeli”ni tapıblar. Evinin pəncərəsini açıq qoyanları təmbeh edirlər, amma büdcədən cibinə pəncərə açanlara “dur” deyən tapılmır.
Köçkünə verilən pula tamah salırlar, amma köçkünə verilməli olan yardımları mənimsəyənləri vəzifəyə çəkirlər.
140 milyard neft pulunun nəfəsini kəsdikdən sonra qənaət eşqinə düşüblər. Başda Hadi Rəcəbli olmaqla, bütün komanda üzvlərinə xatırlatmaq istəyirik ki, problem pəncərələrin bağlanmaması deyil, qapıların açılmamasıdır. Pəncərəni açıq qoyan vətəndaş 50 manat israf edirsə, qapını bağlayanlar 50 milyardların israfına imza atırlar.
İsrafçılıq, ölkənin qapılarını vətəndaşın və dünyanın üzünə bağlayıb, sərvətləri talan etməkdir. Təkcə bu da deyil. Hökumət bütün imkanları, zamanı, hətta gələcəyi israf edib.
Yəni, israfçılığı köçkünün komasında yox, məmurun villasında axtarmaq lazımdır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button