Adamöldürən robotların yaradılması qadağan edilməlidir - 24 saat xəbərlər
Now Reading:
Adamöldürən robotların yaradılması qadağan edilməlidir
Full Article 2 minutes read

Adamöldürən robotların yaradılması qadağan edilməlidir

The Guardian” yazır ki, robotika və süni zəka sahəsində çalışan yüzədək ekspert BMT-ni qatil robotların inkişaf etdirilməsi və yaradılmasını qadağan etməyə, habelə bu cihazları, kor edən lazer və kimyəvi silahlarla yanaşı “mənəviyyatsız” silahlar siyahısına salmağa çağırıb.

“Avtonom silahların” qadağanına çağıran məktubu imzalamış 116 texnologiya ekspertinin arasında Google-un başçısı Mustafa Suleyman və Tesla-nın rəhbəri Elon Musk da var.

“The Guardian” yazır ki, 2016-cı ilin dekabrında BMT tanklar, dronlar və avtomatik tüfənglər də daxil belə silahların qadağanı üçün danışıqlara başlanmasına səs verib.

İndiyədək 123 üzv ölkədən 19-u ölümcül avtonom silahların tam qadağanına çağırıb.

Bu məktubun təşəbbüsçülərindən biri – Avstraliyadakı New South WalesUniversitetinin süni zəka professoru Toby Walsh məktubu Melburnda keçirilən Birgə Beynəlxalq Süni Zəka Konfransının açılışında oxuyub.

Məktubda deyilir: “Ölümcül avtonom silahlar, silah sənayesində üçüncü inqilaba səbəb ola bilər”.

“Əgər belə silahlar yaradılarsa, onlar münaqişənin indiyədək olduğundan daha geniş ərazidə və insanın ağlına gəlməyəcək sürətlə yayılmasına səbəb ola bilər” – deyilir məktubda.

Bu sənəddə daha sonra qeyd olunur ki, bu silahlardan zülmkarlar və terrrorçular günahsız adamlara qarşı istifadə edə bilərlər.

“Bizim hərəkət üçün çox da vaxtımız qalmayıb. Elə ki, Pandoranın mücrüsü açıldı, onu bağlamaq çox çətin olacaq” – deyilir çağırışda.

Professor Walsh deyib: “Demək olar hər bir texnologiyadan həm xeyir, həm də şər işlər üçün istifadə oluna bilər. Süni zəka da bu mənada fərqli deyil. Süni zəka bu gün cəmiyyəti əzən bərabərsizlik, yoxsulluq, iqlim dəyişikliyindən qaynaqlanan təhlükə və qlobal maliyyə böhranı kimi problemləri həll edə bilər. Lakin bu texnologiyadan müharibəni sənayeləşdirəcək müstəqil silahların yaradılması üçün də istifadə olunması mümkündür…”

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.