2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Addəyişməklə islahat olmur”

Oktyabrın 11-də prezident İlham Əliyev ard-arda bir neçə fərman imzaladı. Həmin fərmanlara görə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradıldı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı, həmin nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Dövlət Dəniz və Liman agentliyi publik hüquqi şəxs yaradıldı. 

Bu yeni qurumlar və ya addəyişmələr idarəetmədə hansısa dəyişikliklərə gətirib çıxara bilərmi?

İqtisadçı Məmməd Talıblı mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

* * *

Sual: Məmməd bəy, Prezident ard-arda bir neçə fərman imzaladı, yeni dövlət strukturları yaradıldı və ya bir neçə dövlət orqanının adı dəyişdirildi. Bu dəyişikliklər sizcə, idarəetmənin mahiyyətində də hansısa dəyişikliklərə gətirib çıxara bilərmi?

Cavab: Məsələ orasındadır ki, verilmiş bu qərarlar idarəetmə hədəflərini şərtləndirmir. Onun müsbətə doğru dəyişikliklərini ölçməyə və keyfiyyətini artırmağa xidmət etmir. Nazirlik, Komitə və Agentliklərin adlarının dəyişilməsi formal və ya dekorativ dəyişiklikləri özündə ehtiva edir.

Sual: “Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradıldı. Bu dəyişikliyin mahiyyəti nədir və hansısa müsbət nəticəsi olacaqmı? Qeyri-neft sektorunun inkişafına töhfə verəcəkmi?

Cavab: Burada əsas məsələ səlahiyyətlərin mərkəzləşdirilməsi və İqtisadiyyat Nazirliyinin çətiri altına daha çox iqtisadi xətti olan qurumları toplamaqdır. Eyni mərkəzdən bu qədər qurumların fəaliyyətinin koordinasiya edilməsi bir tərəfdən siyasi məsuliyyətin konkretləşdirilməsini nəzərdə tutur. Digər tərəfdən isə bu qurumların hansı zaman kəsiyi üçün görəcəkləri fəaliyyətlərin hədəfləri göstərilmir. Məsələn, Sahibkarlığın İnkişafı Fonduna dövlət büdcəsindən son 15 ildə 2 milyard manatdan artıq vəsait verildiyi halda, Kiçik və Orta biznes subyektlərinin ÜDM-də payı birrəqəmli həddə olaraq qalıb. Demək bu şirkətlərin fəaliyyətinin genişlənməsinə yönəlik tədbirlər effektiv olmayıb.  

Sual: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırıldı və tərkibində bəzi dəyişikliklər edildi. Yəni bu o deməkdir ki, artıq Azərbaycanda rabitə və yüksək texnologiyalar  dövrü geridə qaldı indi rəqəmsal inkişaf dövrünə qədəm qoyuruq? Bu addəyişmə bu sahədə hansısa inkişafa gətirib çıxaracaqmı?

Cavab: Postsənaye dövrünün əsas mərhələsi sayılan Rəqəmsal İnqilab mərhələsi sadəcə İKT sektorunun inkişafını nəzərdə tutmur. İqtisadi sistemə tətbiq olunacaq nou-hauları, innovasiyaları, rəqəmsal potensialı nəzərdə tutur. Bu nazirliyin əsas fəaliyyətləri ölkədə rəqəmsal transformasiyanı sürətləndirmək və çağdaş trendlərə sürətlə adaptasiya edilməsidir. Təkcə mobil rabitə bazarına 3 mobil rabitə şirkətindən başqa hər hansı bir oyunçunu buraxmaması nazirliyin işi və rəqabətə yanaşması haqqında idarəetmənin effektivliyini aydın sürətdə ortaya qoyur. 

Sual: Prezident avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında da fərman imzalayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxs yaradılıb. Sizcə, bu yerüstü nəqliyyatın problemlərini həll edəcəkmi? Bu vaxta kimi yaradılmış mərkəzləşdirilmiş müasir qurumlar ASAN-xidmət, DOST, ABAD və digərləri özlərini doğruldubmu ki, bu kimi mərkəzləşdirilmiş qurumlar yaradılır?

Cavab: Addəyişmələr idarəetmənin dəyişən şərtlərə adekvat reaksiyasını ifadə etmək, bunu struktur idarəetmənin və  islahat addımlarının tərkib elementi kimi təqdim etməkdən ibarətdir. Halbuki islahatlar addəyişməsi ilə olmur. Fəaliyyət, hədəflər və həmin hədəflərin nəticələrinin ölçülə bilən olması ilə bağlıdır. Bütün bunlar  “yaxşı” idarəetmənin hansı səviyyədə olması haqqında aydın təəssurat yaradır. 

Sual: Ümumiyyətlə, bu kimi qurumlarla idarəetmədə nəyəsə nail olmaq mümkündürmü? Idarəetməni yaxşılaşdırmaq üçün sizin təklifləriniz nədən ibarətdir?

Cavab: Bu qurumlar üzərində ən azı 2 istiqamətdə nəzarətin olması vacibdir. Bunlardan biri parlamentin nəzarətinin düzgün təşkil edilməsi ilə bağlıdır. Digəri çökdürülmüş vətəndaş cəmiyyəti sektorunu yenidən dirçəltmək və onun yenidən fəaliyyətə başlaması üçün əlverişli şəraitin yaradılmasıdır. Vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının tərkibində formal Müşahidə Şuralarını deyil, real, təsirli və obyektiv nəzarət mexanizmləri qurmalıdır. Bunun adını nə istəsəniz, qoya bilərsiniz. Təki həmin qurumlar maraqlar konflikti içərisində olmasınlar. Sərbəst formada hesabatlar hazırlamaq iradəsinə və peşəkarlığına sahib olsunlar. Dünyada yaxşı idarəetmənin əsas göstəricilərindən biri kəmiyyət və keyfiyyət qiymətləndirməsinə sahib olmaqdan keçir. İdarəetmənin faydalı iş əmsalını ölçmək üçün nəticələr ölçüyə gəlməzdirsə, onda heç nədən danışmaq olmaz. 

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button