Now Reading:
Adli Əliyevə video və şəkillərini sildirdilər

Adli Əliyevə video və şəkillərini sildirdilər

Adil Əliyevin 31 mart soyqırım tarixini “gözəl gün” adlandırması sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb

Martın 31-də Almaniyanın Köln şəhərində Milli Məclisin üzvü Adil Əliyevin təşəbbüsü ilə keçirilən tədbirdə yaşanan qalmaqal sosial şəbəkədə müzakirə mövzusuna çevrildikdən sonra, Adil Əliyev tədbirdən paylaşdığı foto və videoları silib.
24saat.org-a daxil olan məlumata görə, soyqırım tədbiri adı ilə hazırkı iqtidara yarınmaq üçün seçki təbliğatı aparmaq istəyən deputatın bu “xidməti” əks-effekt doğurduğundan o, hakimiyyətin sərt təpkisi ilə üzləşib. Ona şəkilləri və videoları sildirməklə yanaşı, səbəb olduğu bu duruma izah verməsi tələb edilib.

Belə ki,  Adil Əliyev xaricdə yaşyan soydaşlarımızı 31 mart soyqırımı qurbanlarını anmaq adı ilə dəvət etsə də, konfransda “İlhamla irəli” kampaniyası çərçivəsində təbliğat aparıb. Tədbirdən yayılan videodan məlum olur ki, tədbir iştirakçılarından biri, gənc mühacir Rauf Babayevin çıxışı Adil Əliyevi şoka salıb. Rauf Babayev Azərbaycanda cümhuriyyətçilik dəyərlərinin Əliyev hakimiyyəti tərəfindən məhv edildiyi, minlərlə insanın öz ölkəsindən didərgin salındığını, gənclərin “İlhamla irəli” getmək istəmədiklərini deyib.

Yayılan məlumatlarda qeyd edilirdi ki, bundan sonra Adil Əliyev və onun köməkçiləri mikrofonu fərqli fikir söyləyən gəncin əlindən alıblar. Bir neçə nəfər Rauf Babayevi zaldan çıxarıb və ona zor tətbiq edib.

Həmçinin Adil Əliyevin 31 mart soyqırım tarixini “gözəl gün” adlandırması da sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb.

Yayılan məlumatlarda o da qeyd edilirdi ki, tədbirə Almaniyada yaşayan bütün azərbaycanlıların dəvətli olduğu bildirilsə də, Azərbaycan hakimiyyətini tənqid edən şəxslər toplantının keçirildiyi “Senator” otelinə buraxılmayıblar.

Otelin qarşısından canlı yayım edən siyasi mühacirlərin sözlərinə görə, Adil Əliyev Almaniyaya özü ilə birlikdə bir qrup idmançı aparıb və onlar da təxribat törətməyə cəhd edirlər.

Mühacirlərin sözlərinə görə, Azərbaycandan gələn idmançılar təxribat törətmək istəsə də, alman polisi qarşısını alıb, onların tənqidçilərə xəsarət yetirməsinə mane olub. Bu barədə Meydan TV yazıb.

Bütün bu məlumatların yayılmasından sonra tədbirdən paylaşdığı bütün fotoları və videonu silən deputat belə bir post paylaşıb və ittihamlara cavab verdiyini vurğulayıb:

MƏN MÜBARİZ İNSANAM!
Əziz həmvətənlilər, martın 31-də Kölndə soydaşlarımızla keçirdiyimiz tədbir uğurlu alındı. Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər. Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşündəmikdə kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır.

Bir-bir sizin saxta ittihamlarınıza cavab verirəm.

Birincisi, söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar. Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırırlar, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplanıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya verəcəkdilər. Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı başlayıb saat 3-də, bunlar gəliblər yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub.

İkincisi, mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm. Yenə yalan, yenə iftira! Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların ​Cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam.

Üçüncüsü, guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam. Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib. Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var. Burda nə var ki, idmançıyam və vətənimdə Kikboksinq Federasiyasının rəhbəriyəm. Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər?

Dördüncüsü, maliyyə məsələsinə bir daha qayıtmaq məcburiyyətindəyəm. Dünənki statusumda yalanlarını ifşa etsəm də, yenə eyni iftiranı yazırlar. Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin ekonom klas hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib. Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar. Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız?

Əziz həmvətənlilər, söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdim. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır. Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır. Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək isrtəyirəm ki, mənə “ünvanladığınız” sözlərin 5 qatını sizə arzu edirəm! Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək. Avropa sizin deyil ki, ora gəlib sözümü deməyim, bu vaxta qədər soydaşlarımı və Anadolu türklərini bir yerə yığıb dərdləşmişik, yenə də gələcəm. Mən mübariz insanam! Söyüş söyənlərə sosial şəbəkələr üzərindən ilk cavab verənlərdən biri mən olmuşam. Uzun müddət onlarla polemika aparmağa çalışdım, söyüşlərinə söyüşlə cavab vermədim, izah etməyə çalışdım. Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər. İndi də həm onlar, həm onların Azərbaycandakı dəstəkçilərinin bir hissəsi mənə qarşı tərbiyəsiz ifadələr işlədirlər. Mən səbrliyəm, siz qışqırmağınızda, söyüş söyməyinizdə olun. Onsuz da bu gedişlə elə olduğunuz yerdə qalacaqsınız, biz isə dövlətimizə və millətimizə xidmətimizi davam etdirəcəyik!”

Adil Əliyevin bu “izahının” hakimiyyət tərəfindən qəbul edilib-edilmədiyi isə məlum deyil.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.