Loading...
Loading...
SEÇMƏ

Ağsu sakini: “Məni şöbədə anamın gözünün qabağında döydülər”

DİN işgəncə ilə bağlı iddiaları təkzib edir

“Məni şöbənin dəhlizində – anamın gözünün qabağında döydülər. Çünki sözüm onların xoşuna gəlməmişdi. Demişdim ki, hərəniz bir-iki dana satıb, polis olmusunuz, kənddə də qoçuluq edirsiniz. İnzibati protokol tərtib edib məni məhkəməyə apardılar. Guya sərxoş vəziyyətdə ictimai asayişi pozmuşam”.

Bunu Meydan TV-yə Ağsunun Qaraqaşlı kənd sakini, 25 yaşlı Gülxan Quliyev deyir.

Onun sözlərinə görə, iyulun 4-də kənd ərazisində bir uşağın avtomobillə vurulduğunu eşidib, başqa kənd sakinləri kimi o da hadisə yerinə gedib.

Geri qayıdarkən yaxınlığında “Jiquli” markalı avtomobil saxlayıb. Sürücü ondan avtomobil qəzası baş verən yeri soruşub.

Gülxan Quliyevin dediyinə görə, sürücü onunla kobud danışıb, o da sürücüyə eyni tərzdə cavab verib.

“Əvvəl onların polis olduğunu bilmədim…”

Elə hər şey də bundan başlayıb:

“Mən əvvəl onların polis olduqlarını bilmirdim. Mənimlə kobud danışıb, cavabını alandan sonra maşının arxa salonundan iki polis işçisi düşdü. Sürücü və yanında oturan mülki geyimdə olsalar da, maşının arxa salonundan düşənlər polis geyimindəydilər”.

“Mənimlə kobud danışıqlarını davam etdirəndə dedim ki, vətəndaşla normal danışıq tərziniz də yoxdur. Məni sürüyüb maşına mindirmək istəyirdilər. Dedim, mən heç kimin şəxsi maşınına minmirəm, Post Patrul Xidməti gəlməsə, sizinlə heç yerə getməyəcəyəm”, – deyə o bildirib.

Gülxan Quliyev deyir ki, onu şöbəyə aparanlar Vüsal Həsənov, Vüqar Qədirov, ƏliSeymur adlı polis işçiləri olub.

Həmin polislər Ağsu Rayon Polis Şöbəsində onu döyüblər. Sərxoş vəziyyətdə ictimai asayişi pozmasına dair inzibati protokol tərtib edərək məhkəməyə aparıblar.

Gülxan Quliyev. Foto: Meydan TV

Məhkəmə Gülxan Quliyevə 200 manat cərimə kəsib.

Sosial şəbəkələrdə şəhid qardaşının polislər tərəfindən döyülməsi qınaqla qarşılanıb.

DİN Gülxan Quliyevin sərxoş olduğunu deyir…

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov öz sosial şəbəkə hesabında qurumun hadisəyə münasibətini açıqlayıb.

Nazirlik rəsmisi yazıb ki, Gülxan Quliyev sərxoş vəziyyətdə, ucadan nalayiq ifadələr işlədib, bu da ətrafdakıların narazılığına səbəb olub:

“O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib. Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o, 200 manat cərimə edilib”.

“Çıxarıb 200 manat verdilər ki, şəhid qardaşı olduğunu bilməmişik”

Gülxan Quliyevsə tərtib olunmuş protokolun saxtalığından danışır:

“Orda hamı gördü ki, polislər qoçuluq edir. Hətta bir nəfər onlara irad tutdu, polislərdən biri dönüb onu da şöbəyə aparacağı ilə hədələdi. Mənsə dediyim kimi, mülki maşına minməkdən imtina elədim, Polis Patrul Xidmətinin maşınını tələb etdim. İçkili olmağımla bağlı deyilənə gəlincə, şöbədə yoxladılar, nəfəsimdən spirt çıxmadı. Dörd dəfə yoxladılar, dördüncüdə yalandan dedilər ki, nəfəsimdən 10 faiz spirt çıxıb. Halbuki mən ötən ilin dekabrından spirtli içki qəbul etmirəm”.

Gözdən qaçırmayın:  İntihar etmiş qazi: “Həyatda hərtərəfli qollarımı sındırdılar”

“Düzdür, əvvəllər bir az davakar olmuşam, ancaq gənc qardaşımın ölümündən sonra mən tamamilə başqa adama çevrilmişəm. Müharibədən sağ-salamat qayıdan dostuma söz verəndən sonra spirtli içkilərdən uzaqlaşmışam. Gedib onun-bunun otunu biçirəm, yerini qazıram, nökərçilik edib, gündəlik 5-6 manatımı qazanıram. Cəriməyə gəlincə, mənə yazdıqları cəriməni elə özləri çıxarıb verdilər… Şöbədən buraxılanda Vüsal Həsənov mənə 200 manat verdi. Dedi ki, şəhid qardaşı olduğunu bilməmişik”, – deyə o bildirib.

DİN Gülxan Quliyevin döyülməsini inkar edir. Qurum bildirir ki, vətəndaş ya yıxılaraq, ya da başqasıyla savaşaraq həmin xəsarətləri alıb.

Gülxan Quliyev isə deyir ki, əlində işgəncə izlərini əks etdirən fotolar var və bunlar sosial şəbəkələrdə də yayılıb:

“Tutaq ki, mən yalan danışıram, anam da yalan danışır? Məni Növbətçi hissənin qabağında – anamın gözü görə-görə döyürdülər. Üzümə vurduqlarına görə əllərimlə üzümü qapatmağa çalışırdım. Elə bilirdim ki, döyənlər məni təkcə şöbəyə aparanlardır. Evə gələndən sonra anam dedi ki, tək onlar deyildi, başqaları da səni döyənlərə qoşulmuşdu”.

Gülxan Quliyev Bakıya gələrək Baş Prokurorluqda qəbulda olub.

Ona bildirilib ki, şikayəti nəzarətə götürülüb və Ağsu Rayon Prokurorluğu məsələni araşdırır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button