SEÇMƏ

AİHM 4 qərarını açıqladı: hökumət iki baş redaktora təzminat ödəyəcək

Məhkəmə informasiya əldə etməklə bağlı iki ərizəni qəbuledilməz sayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 19-da Azərbaycandan göndərilmiş daha 4 şikayət üzrə qərarını elan edib.

Məhkəmə ərizələrdə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

“Xural qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı” işində ərizəçilər “Xural” qəzeti və həmin qəzetin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynalov olub.

Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlı idi.

Mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində digər məsələlərlə yanaşı, KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid olunub.

qar Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət edib, məhkəmələr “Xural” qəzetini 5 min manat cərimələyib.

Əvəz Zeynallı
Foto: Meydan TV

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

Şikayət AİHM-ə 2012-ci ildə göndərilib.

AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

“Zayidov Azərbaycana qarşı” işində ərizəçi Qənimət Zayidov (Qənimət Zahid) Fransada yaşayan Azərbaycan vətəndaşıdır.

O, hadisələrin baş verdiyi vaxt müxalifyönümlü “Azadlıq” qəzetinin redaktoru və müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olub.

Məhkəmə işi ərizəçinin qəsdən sağlamlığa orta ağır zərərvurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı olub.

İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin ovaxtkı ofisinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib. Daha sonra ona xəsarət yetiribmiş.

Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Ərizəçi 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib.

AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirilib.

Qənimət ZahidQənimət Zahid
Foto: Qənimət Zahidin şəxsi arxivndən

AİHM bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

“Azər Mehtiyev Azərbaycana qarşı” işində ərizəçi sosial və iqtisadi məsələlərlə bağlı müxtəlif layihələr icra edən qeyri-hökumət təşkilatı olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (QHT) sədridir.

Ərizəçi bir sıra digər QHT-lərlə birlikdə xüsusilə, dövlət büdcəsindən maliyyələşən iri dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmaları nəzərdə tutan layihələr icra edib.

Gözdən qaçırmayın:  Azyaşlının saçının polisin qırxdığı iddia edilir – DİN özfəaliyyət sayır

Ərizəçi 2009-cu ildə həmin layihələrdən biri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) informasiya sorğusu göndərib, aşağıdakı məlumatların ona təqdim edilməsini xahiş edib:

(a) SOCAR-ın əvvəlki üç ildə xaricdə həyata keçirdiyi investisiya layihələri, o cümlədən həmin layihələrin dəyəri, layihələrə ayrılmış vəsaitlər və maliyyələşdirmə mənbələri;
(b) SOCAR-ın imzaladığı kredit müqavilələri və alınan xarici kreditin məbləği;
(c) SOCAR-ın nizamnamə kapitalının məbləği, əvvəlki üç ildə nizamnamə kapitalının artırılması üçün ayrılmış vəsaitin məbləği və mənbələri…

SOCAR-in vitse-prezidentlərindən biri sorğulanan bilgiləri verməkdən imtina edib. Ərizəçinin yerli məhkəmələr qarşısında qaldırdığı iddialar isə rədd olunub.

Ərizəçi AİHM-ə 2010-cu ildə göndərdiyi şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

AİHM bu ərizənin qəbuledilməz sayılmasına qərar verib.

Azər MehtiyevAzər Mehtiyev
Foto: Azər Mehtiyevin şəxsi arxivindən

“Yaşar Ağazadə Azərbaycana qarşı” işi jurnalist olan ərizəçinin açıq bilgilərə çatımının qanunsuz əngəllənməsi iddiaları ilə bağlıdır.

2010-cu ildə Azərbaycanın bir sıra rayonlarında təbii fəlakət baş verib, Kür və Araz çaylarının irimiqyaslı daşması nəticəsində çox sayda vətəndaşa məxsus mülklər dağılıb. zədələnib.

Həmin vaxt Azərbaycan prezidentinin sərəncamı ilə təbii fəlakətlə mübarizə üzrə xüsusi Dövlət Komissiyası yaradılıb.

Həmin Komissiyaya zərər çəkmiş rayonların iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, zərərçəkmişlərə dövlət tərəfindən pul kompensasiyasının ödənilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirmək tapşırılıb.

Ölkənin baş naziri komissiyanın sədri təyin edilib.

Ərizəçi Dövlət Komissiyasına və onun sədrinə informasiya sorğusu ilə müraciət edib. Digər məsələlərlə yanaşı, zərərçəkmişlərə ödəniləcək kompensasiyanın məbləğləri, zərər çəkmiş rayonların bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatların və hesabatların surətlərinin ona təqdim edilməsini xahiş edib. Lakin sorğuya cavab ala bilməyib.

İş məhkəməyə daşınıb, amma yerli məhkəmələr ərizəçinin iddialarını təmin etməyib.

Ərizəçi 2012-ci ildə AİHM-ə göndərdiyi şikayətində ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyini iddia edib.

AİHM bu ərizəni də qəbuledilməz sayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button