2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM Azərbaycandan gedən 100-dən artıq şikayətə baxıb

Məhkəmə şikayətlərlə bağlı 4 qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edib.

Polis rəftar iddialarının səmərəli araşdırılmaması, mülkiyyət, birləşmək, ədalətli məhkəmə araşdırması hüququnun pozuntularının mübahisələndirildiyi ərizələr birləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Onların fonunda 4 qərar elan edilib.

Ələsgər Ələsgərov və başqaları Azərbaycana qarşı” – işlə bağlı qərar 82 ərizə əsasında çıxarılıb.

Məhkəmə işinin hallarına görə, 82 ərizəçiyə məxsus olan əmlaklar – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmiş və tikililər sökülüb.

Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilib və ya başqa əmlak verilib.

Ərizəçilərin bəzilərinə isə heç bir kompensasiya məbləği ödənilməyib.

Hadisələr Abşeron rayonundakı Mehdiabad qəsəbəsində baş verib.

Ərizəçilər Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət, 6-cı və 13-cü maddələrlə qorunan ədalətli məhkəmə araşdırması, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndirib.

Bəzi ərizəçilər fərdi şikayət hüququnun pozuntusuna məruz qaldıqlarını da iddia edib, çünki onların hüquqi təmsilçisi həbs edilib, həmin vaxt onun ofisində axtarış aparılıb, məhkəmə işinə aid sənədlər götürülüb.

Məhkəmə işinin kommunikasiyası zamanı ərizəçilərin nümayəndəsi bildirib ki, yalnız 22 ərizəçi şikayətlərini davam etdirmək niyyətindədir. Bu səbəbdən məhkəmə 60 ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

22 ərizəçiyə münasibətdə isə AİHM onların mülkiyyət hüquqlarının pozulmasına qərar verib.

Məhkəmə həmçinin qərarında qeyd edib ki, ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır deyil.

Qərara əsasən, məhkəmə 22 ərizəçiyə münasibətdə təzminatın müəyyən edilməsi hüququnu özündə saxlayıb.
Azərbaycan hökuməti 3 ay ərzində bununla bağlı yazılı təqdimatını AİHM-ə göndərməlidir.

İsmayıl Bağvanov və başqaları Azərbaycana qarşı” – işdə Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr bu məhkəmə işinin predmeti idi.

Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülüb, sakinlər köçürülüb.

Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət edib.

AİHM bu işdə 14 ərizəni birləşdirib, ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi qərarına gəlib.
Məhkəmə həmçinin 4 ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsinin pozuntusunu da tanıyıb. Əvvəlki işdə olduğu kimi məhkəmə, ərizəçilərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını vurğulayıb.

Qərara əsasən, məhkəmə bu məsələdə qərar vermək hüququnu özündə saxlayıb. Burada da hökumət 3 ay ərzində müvafiq təqdimat göndərməlidir.

Elman Ağayev Azərbaycana qarşı” məhkəmə işi 1979-cu il təvəllüdlü ərizəçiyə qarşı pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlı olub.

Ərizəçi 2015-ci ildə “Nardaran hadisələri” zamanı Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılmış, daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilib.
Ərizəçi AİHM qarşısında iddia edib ki, saxlanılıb, həbs edilən zaman pis rəftara məruz qalıb. Bununla bağlı əlaqəli qurumlara, prokurorluğa şikayətlər edib, ancaq prokurorluq həmin şikayətlər üzrə cinayət işi açmaqdan imtina edən qərar qəbul edib.

Yerli məhkəmələrsə prokurorluğun qərarını qanuni və əsaslı hesab edib. Ərizəçi ona münasibətdə Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq) pozulduğunu iddia edib.

İşin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmanın şərtlərinə görə, hökumət ərizəçiyə 8 min avro ödəməlidir.

Leonid Moroz və başqaları Azərbaycana qarşı” – məhkəmə işi dini icmanın qeydiyyata alınmasından imtina edilməsi ilə bağlıdır.

“Yahova Şahidləri” dini icmasının təsisçiləri olan Leonid Moroz və Kiril Stepanov Dini etiqad azadlığı haqqında qanunun qəbulundan sonra qanuna müvafiq olaraq, yenidən qeydiyyat üçün müraciət ediblər. Ancaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi imtina cavabı verib.

Ərizəçilər AİHM qarşısında din və birləşmək azadlığı hüquqlarının pozulduğunu iddia edib. Onlar həmçinin 9 və 11-ci maddə ilə birlikdə götürülməklə Konvensiyanın 14-cü maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia ediblər.

Bu işdə də tərəflər dostca anlaşıblar.

Anlaşmanın şərtlərinə görə, ərizəçilər bütün iddialarından geri çəkiliblər, hökumət isə onlara 5500 avro ödəmək öhdəliyi götürüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button