2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AİHM Rafiq Tağının ölümünün istintaqı ilə bağlı qərarını açıqlayıb

Yayımlandı: 7 İyul 2022 17:07

Məhkəmə Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb

İyulun 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə qətlə yetirilən yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb.

Yazıçının həyat yoldaşı Mailə Tağıyevanın şikayəti Rafiq Tağının 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümünün effektiv araşdırılmaması ilə bağlı olub.

Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) prosessual baxımdan pozuntusu baş verib.

Məhkəmə qərarında R.Tağının ölümü ilə bağlı cinayət araşdırmasının effektivliyini incələyib.

“Məhkəmə bir sıra istintaq hərəkətlərinin uyğun və vaxtında həyata keçirildiyini müşahidə edib. İş materiallarından görünür ki, istintaq qurumları ərizəçinin ərinin öldürülməsinin arxasındakı müxtəlif mümkün motivləri, o cümlədən, bunun onun nəşrləri ilə əlaqəli ola biləcəyi ehtimalını incələyiblər. Bu durumda məhkəmə, yerli qurumlar tərəfindən həyata keçirilmiş istintaqın ümumi yetərliliyini şübhə altına alacaq hər hansı əksiklik görmür”, – deyə qərarda deyd olunub.

Bununla belə, Avropa Məhkəməsi zərərçəkmiş kimi tanınmış ərizəçinin haqlarının istintaq zamanı pozulduğunu ifadə edir.

Bildirilib ki, istintaq zamanı ərizəçiyə zərəçəkmiş statusu verilməsinə rəğmən, istintaq qurumlarının onun işin sənədlərinə çatımını dəfələrlə əngəllədiyi görünür:

“Məhkəmə istintaq orqanlarının bu duruma haqq qazandırmaq üçün daxili qanunvericiliyə istinad etməsini qəbul etmir”.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir.

Yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da bıçaqlanıb. Bir neçə gün sonra xəstəxanada vəfat edib.

O, 2006-cı ildə “Avropa və biz” məqaləsini dərc etdirdiyinə görə həbs olunmuşdu.

Yazıçı dini ədavəti qızışdırmaq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2007-ci ilin dekabrında əfv aktı ilə azadlığa çıxmışdı.

R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsinin mümkün olmaması əsası ilə dayandırılıb.

Yerli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd ediblər.

Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət etmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button