2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Ailəmin torpağını zəbt edib, YAP üçün qərargah tikdilər”

“Hakimiyyət məndən 2013-cü ildə yazdığım “Susma” marşının və parlamentdəki tənqidi fikirlərimin qisasını alır, məni iqtisadi cəhətdən çökdürmək istəyir”

2013-cü ildə Almaniyada siyasi sığınacaq almış, 2018-ci ilin aprelində Türkiyədə tutularaq Azərbaycana təhvil verilmiş keçmiş deputat Hüseyn Abdullayev bu gün məhkəmədə son sözünü deyib. O, son sözündə ailəsinə məxsus torpağın zəbt olunub, orada YAP-a qərargah tikilməsindən tutmuş, Türkiyənin ona münasibətdə beynəlxalq qanunvericiliyi pozmasına qədər bir çox məsələlərdən danışıb:

“Bu məhkəmə ittihamların siyasi sifarişli olduğunu ortaya çıxardı”

Saytların yığılması Saytlarin yigilmasi

“Mənim işimlə bağlı olan, heç bir hüquqi əsasa və sübuta söykənməyən məhkəmə prosesi yekunlaşır. Allahıma min şükürlər olsun ki, bütün şahidlərin məhkəməyə gəlməsi, prokuror və hakimlərin də gözü qarşısında əsl həqiqətləri söyləməsi, mənim günahsız olduğumu, rejimin mənə yönəltdiyi bütün ittihamların saxta, uydurma və birbaşa siyasi sifarişli olduğunu ortaya çıxardı. Şahidlərin bir çoxu təzyiqlərə məruz qaldığını, müstəntiqlərin məhkəməyə təqdim etdikləri ifadələrin ağ yalan olduğunu etiraf etdi. Burada xüsusi olaraq, Elnur Məmmədovun şahid kimi göstərdiyi Şahin Qasımovun “bandotdel”ə aparılması, orada onu 7 saat təzyiq, qorxu atmosferində saxlayıb, mənim əleyhimə ifadə verməyə məcbur edilməsi, bununla yanaşı, bir vaxtlar mənim mühasibim olmuş yaşlı Azadə xanımın necə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılması, orada onunla çox pis rəftar edərək mənim əleyhimə yalan ifadə verməyə məcbur edilməsi faktı bir çox şeydən xəbər verir. Lakin çox təəssüf ki, hüququn və qanunun aliliyini təmin etməyə borclu olan dövlət ittihamçısı hələ də öz qondarma ittihamlarını davam etdirir.
Yeri gəlmişkən, Şahin Qasımovun məhkəməyə sərbəst şəkildə verdiyi vicdanlı ifadəsindən o da aydın oldu ki, Elnur Məmmədov xəstə uşaqların valideynlərini qəsdən aldadaraq, guya humanitar yardım istəmək adıyla topladığı imzaları, sanki məndən şikayət etmiş şəxslərin imzalarıymış kimi təqdim edib, dövlət başçısına məndən şikayət ünvanlayıb.

Ümumiyyətlə, istintaq materiallarındaki ifadələrlə burda verilmiş ifadələrin kəskin dərəcədə fərqlənməsi mənə qarşı olan qərəzi və açıq kini üzə çıxardı. Mən əminəm və sizlər də yaxşı fərqindəsiniz ki, bütün bu cəfəng və zərrə qədər də olsa cinayət tərkibi daşımayan ittihamlar siyasi sifarişin nəticəsidir. Heç şübhəsiz ki, mövcud hakimiyyətin əsas və çoxdankı məqsədi 2013-cü ildə yazdığım “Susma” marşının, eyni zamanda parlamentdə söylədiyim tənqidi fikirlərimin intiqamını almaq və məni iqtisadi cəhətdən tam müflis etməkdir.
Hazırda şərlədiyiniz və düşmən kimi gördüyünüz Hüseyn Abdullayev 1992-ci ildən 2013-cü ilədək Azərbaycanda və Bakı şəhərində yaşamırdı? Niyə həmin illərdə mənə cinayətkar, mütəşəkkil dəstə başçısı, vergi qaçaqçısı və kiməsə hədə-qorxu gəlib 3000 manat pul istəyən demirdiniz? Bəs nə üçün o illər ərzində mənə qarşı cinayət işi açmır və nədəsə ittiham etmirdiniz? Deməli, öz ölkəsinin ən kritik və ən çətin dönəmlərində heç nəyini əsirgəməyən, əsasən də 90-cı illərin əvvəllərində həm biznesmen, həm də yenicə öz müstəqilliyini qazanmış Azərbaycanın ilk və rəsmi milyonçularından biri olan və daima öz vətəninə yardım edib, hərtərəfli dəstək göstərən Hüseyn Abdullayev yaxşı idi, amma 2007-ci ildə millət vəkili olan və ölkədəki məmur özbaşınalığına, qanunsuzluğa və haqsızlığa etiraz edib, düz söz deyən Hüseyn Abdullayev pis oldu?

“Türkiyə və Azərbaycanın mənə qarşı elədiyinin adı adam oğurluğudur”

Ey məni əsassız yerə ləkələyən və buradakı kameralar vasitəsilə izləyən hakimiyyət nümayəndələri. Sizlər hər zaman və intensiv şəkildə qanundan, demokratiyadan, insan haqlarından və milli-mənəvi dəyərlərdən danışırsınız. Əgər doğrudan da, elədirsə, niyə mənim qanunsuz həbsimə və uzun müddətdir ki, məruz qaldığım mənəvi və psixoloji işgəncələrə göz yumursunuz? Siz yaxşı bilirsiniz ki, mənim – Almaniyadan siyasi mühacir statusu almış bir insanın zornan və heç bir məhkəmə qərarı, eləcə də İnterpolun axtarışı olmadığı halda, Türkiyədən Azərbaycana gətirilməyim ən böyük cinayətdir. İstər Türkiyə, istərsə də Azərbaycan hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri bu əməliyyatın adı insan oğurluğudur və Birləşmiş Millətlər Təşkilatında imzalanmış 1951-ci il Cenevrə Konvensiyasının, xüsusən də həmin Konvensiyanın 33-cü maddəsinin bilərəkdən və çox kobud bir şəkildə pozulmasıdır. Onu da inkar etməyin ki, bu faktın özü beynəlxalq hüquqa qarşı təhdid, fundamental insan haqlarına qarşı isə açıq və misli görülməmiş zorakılıqdır.

“Mənə “cinayətkar” deməyə haqqınız yoxdur”

Onu da unutmayın ki, kimin kimin, amma sizin mənə minnət qoymağa və ictimai rəydə pis fikir yaradıb “cinayətkar” deməyə haqqınız yoxdur. Əgər bilmək istəyirsinizsə, ən dəhşətli və ürəkləri dağlayan cinayət hadisəsi mənim xəstə və heç bir günahı olmayan atamın öldürülməsidir. Ən çirkin və qeyri-insani qanun pozuntusu təcridxanada öz ailə üzvlərimlə görüşməyimə və telefon əlaqəsi saxlamağıma qoyulmuş əsassız və qeyri-rəsmi qadağadır. Siz təsəvvür edin ki, mən öz anamla, yəni Allahın mənə göndərdiyi bu müqəddəs varlıqla həbs olunduğumdan düz bir il sonra – aprel ayının 2-də və nə yazıq ki, onun ad günündə burdakı ilk məhkəməmdə görüşmüşəm. Həbsdə olduğum bu müddətdə isə onun və digər ailə üzvlərimin barəsində heç bir məlumatım olmamış və onlarla bircə dəfə də olsun əlaqə saxlaya bilməmişəm. Yəqin bunun nə demək olduğunu başa düşürsünüz.

“Ailəmə məxsus kupçalı torpağı qəsb edib, YAP-a qərargah tikdilər”

Ən ciddi və qətiyyən qəbuledilməz qanun pozuntusu bizim ailəmizə məxsus olan və uzun illər çalışıb halal zəhmətimlə aldığım bütün şəxsi torpaq və mülklərimizin zorla və dağıdılaraq zəbt edilməsidir. Buradan bir daha hakimiyyət nümayəndələrinə səslənir və bildirirəm ki, ən faciəvi və bu günə kimi dünya praktikasında görülməmiş, eləcə də dövlət səviyyəsində baş vermiş cinayət bir iqtidar partiyasının, yəni Yeni Azərbaycan Partiyasının necə mənim ailəmə məxsus olan şəxsi və kupçalı torpağı qəsb etməsi və orada tamamilə qanunsuz olaraq özlərinin baş qərargahını tikdirməsidir.
İttiham aktında təkrar-təkrar yazılan və başa düşülməsi mümkün olmayan 2000-ci ildən 2018-ci illərə aid olan və birmənalı olaraq havadan götürülmüş metal hekayəsi qeyd edilir. Dəfələrlə sizə bildirmişəm və bir daha da qeyd edirəm, mən 2000-ci ildən 2018-ci ilə qədər olan tarixdə heç bir metal biznesi ilə məşğul olmamışam, Azərbaycan əhalisini təmsil edən heç bir kəsdən də bir qram da olsun metal alıb-satmamışam. Sizlərin də iddia etdiyiniz metal biznesini Azərbaycanda deyil, həm də 2000-ci illərdə deyil, Ukraynada 90-cı illərdə həyata keçirmişəm. Və çox şükürlər olsun ki, 1991-ci ildən 1998-ci ilə qədər olan tarixdə Ukraynadan İrana, Türkiyəyə və digər ölkələrə, həm də çox böyük həcmlərdə əlvan və qara metal ixrac edən ən uğurlu biznesmenlərdən biri olmuşam. Elə o biznesdən də əldə edilmiş təmiz, qanuni və halal vəsaitlərlə Bakıda ailə üzvlərim üçün bir çox mülk və dəyərli torpaqlar alınıb.

“Ümid edirəm ki, Almaniya hökuməti taleyimə biganə qalmayacaq”

Bütün Azərbaycan xalqına və ölkənin ən tanınmış iş adamlarına yaxşı məlumdur ki, mən bu dövlətin ən zəif vaxtlarında, iqtisadiyyatının iflic, büdcəsinin isə yox səviyyəsində olduğu dönəmlərdə bir çox sahələrə, imkansız ailələrə, xəstə və invalidlərə, tanınmış ziyalı və incəsənət xadimlərinə, əsgər və hərbi hissələrə, müəllim və tələbələrə və başqa cür ehtiyacı olan insanlara gərəkli maliyyə dəstəyini göstərmişəm. Bununla yanaşı, bütün Naxçıvan əhalisinə və digər bölgələrdən olan dostlarıma o da məlumdur ki, mənim Bakıdakı ofisimdən köməyə ehtiyacı olan heç bir kəs əliboş qayıtmır və bir çox problemlərinin həllini tapırdı. Mən əminəm ki, kimlərin əsl cinayətkar, kimlərin isə pak və ürəkdən öz xalqına bağlı olduğunu məhkəmələr deyil, zaman müəyyənləşdirəcək. Eyni zamanda, mən ümid edir və çox inanıram ki, Almaniya höküməti və Almaniya Bundestaqının deputatları mənim taleyimə biganə qalmayacaq və bütün bu mənə qarşı yönəlmiş qanunsuzluqlarla və ciddi qanun pozuntuları ilə bağlı öz fikrini bildirəcək, mənim yenidən Almaniyaya qaytarılmağım üçün zəruri addımlarını atacaqdır.

“Anama məxsus torpaq sahəsi də zəbt olunub”

Müstəntiqlərin hər dəfə dediyi və tarixləri qarışdıraraq iddia etdikləri 2000-2018-ci illər mənim Azərbaycanda heç bir gəlirli bizneslə məşğul olmadığım və heç bir qara metal işinə də baxmadığım bir dönəmə təsadüf edir. Bir daha israrla vurğulayır və qeyd edirəm ki, mən 2005-ci ildə parlament seçkilərində iştirak etdiyimdən, iş aləmindən tamamən uzaqlaşmışam, bizneslə məşğul olmağı öz ata-anama həvalə etmişəm, onların adına olan əmlakların idarə olunmasında, eləcə də şirkətlərin fəaliyyətində iştirakım olmayıb. Ona görə də Alatava 2 və Salyan şossesi, Bakı-Qazax yolunun 15-ci km-də yerləşən ərazilərin idarə edilməsi, eləcə də “Araz İnc” şirkəti tərəfindən tikilən bina ilə bağlı mənim hər hansı bir məlumatım olmayıb. Təkrar edirəm, Salyan şosesində yerləşən torpaq sahəsi mənə deyil, anama məxsusdur. Üstəlik, həmin torpaq sahəsi cinayət işində şişirdilərək 13,48 hektar göstərilsə də, reallıqda 4,3 hektardır. Hazırda isə həmin ərazi bizə məlum olmayan qurum tərəfindən qanunsuz olaraq zəbt edilib, faktiki olaraq, 2012-ci ildən anamın nəzarətindən çıxıb. Ona qədər olan müddətdə isə anam həmin yerə aid olan bütün vergiləri vaxtı-vaxtında ödəyib, heç bir qanun pozuntusuna yol verməyib.

“Allahınız olsun, bu qədər şər-böhtana əl atmayın”


Cinayət işində adı keçən “Kənan S” MMC-nin nə mənə, nə də ailə üzvlərimə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Mən həmin dövrlərdə heç bir gəlir əldə etməmişəmsə və hansısa şirkətdə fəaliyyət göstərməmişəmsə, hansı vergidən və hansı qanun pozuntusundan söhbət gedir? Allahınız olsun, bu qədər şər-böhtana və məqsədyönlü qarayaxmalara əl atmayın. Nəzərinizə bir daha çatdırıram ki, mən düşünülmüş və dözülməz repressiyalar ucbatından 2013-cü ildə ölkəni tərk etmişəm, Almaniya dövlətinə gedərək, orada siyasi mühacir statusu almışam. Artıq Azərbaycan qanunvericiliyinə deyil, Almaniya qanunvericiliyinə uyğun olaraq, həmin dövlətin vergi ödəyicisi kimi qeydiyyata alınmışam. Demək istədiyim odur ki, Azərbaycan Vergilər Nazirliyinin mənə qarşı olan vergi iddiaları tamamilə yersiz, qərəzli və cəfəng tələblərdən başqa bir şey deyildir. Odur ki, sizdən xahiş edirəm, sadəcə, quru və əsassız sözlərlə deyil, konkret və tutarlı faktlarla danışın. Yenə deyirəm, mən heç bir vergidən yayınmamışam və qətiyyən də olsun qanun pozuntusuna yol verməmişəm.

“Bizim xaricdəki hesablarımıza Azərbaycandan 1 qəpik də pul köçürülməyib”

İstintaq qrupunun başqa bir absurd iddiası da odur ki, guya mənim anamın bank hesablarına köçürülmüş bütün pullar hansısa qanunsuz yollarla əldə edilib. Bu cür boş və sözsüz ki, əsassız olan iddialar qətiyyən qəbuledilməzdir. İstər Avropada, istər qonşu Rusiyada, istərsə də digər ölkələrdə yaşayan soydaşlarımız Azərbaycana, yəni öz yaxınlarına davamlı olaraq pul transferlərini həyata keçirirlər. Bundan normal nə ola bilər ki? Həmin köçürülmüş vəsaitlərlə kimisi ev, kimisi maşın və digər istədiklərini alırlar. Belə bir halda, müstəntiqlərin gedib onlardan “bu nə pullardır və hansı yollarla qazanmısınız?” soruşması hansı məntiqə və hansı çərçivəyə sığar? Doğrudan da, çox gülməli bir situasiyadır. Bir də ki, pul köçürmələrinin vergiyə nə dəxli var? Burada xüsusi olaraq, başqa bir mühüm amili də qeyd edim. Nə mənim, nə də anamın xaricdəki bank hesablarımıza Azərbaycandan 1 manat da olsun, hətta 1 qəpik də olsun, pul köçürülməyib. Əksinə, xaricdəki hesablarımızdan daimi olaraq Azərbaycana və öz ailəmizin ehtiyacları üçün pul transferləri edilmişdir. Sizlər onun da fərqindəsiniz ki, hər bir dövlət öz ölkəsinə daha çox pul gəlməsində maraqlıdır. Azərbaycan qanunvericiliyinə görə də hər bir şəxs ölkəyə limitsiz miqdarda valyuta gətirə və köçürə bilər.
Bugünkü çıxışımı bitirmədən əvvəl məni çox narahat edən bir məsələni də dilə gətirmək istəyirəm. Ölkə ictimaiyyətinə yaxşı bəllidir ki, mən 2007-ci ilin mart ayında Nazirlər Kabinetinin parlamentdəki illik hesabatı zamanı öncədən hazırlanmış və düşünülmüş bir provokasiyaya çəkilərək, əsassız yerə həbs edilmişdim. Və bu hüquqlarımın kobud şəkildə pozulmasını Avropa İnsan Haqları Məhkəməsi də təsdiq edib. Elə məhz bu baxımdan da sizdən xahiş edirəm ki, növbəti dəfə də belə bir ədalətsizliyə və çox ciddi bir qanun pozuntusuna imza atmayın. Əks təqdirdə, mən Hüseyn Abdullayev Azərbaycanda haqdan və ədalətdən heç bir əsər-əlamət qalmadığını düşünəcəyəm. Onsuz da bilirəm, mən qətiyyən də olsun heç bir cinayət törətməmişəm, vicdanım da tərtəmizdir. Nədə ittiham oldunduğumu da hələ də başa düşmürəm.
Qara pişiyi qaranlıq otaqda axtarmağa ehtiyac yoxdur, hələ nəzərə alsaq ki, o, ümumiyyətlə orada yoxdur.
Yekun sözümü həbsdə yazdığım “Şər qəfəsi” adlı şeirimlə bitirirəm:

“Şər qəfəsi”

Əsir cəhənnəmin bəd küləkləri,
İnsan bu yerlərə nə cür alışsın?
Açılmır ürəklər, gülməyir üzlər,
Dillər xoşbəxtlikdən nə cür danışsın?

Burda yatanların hər biri üzgün,
Hərənin öz fikri, min bir dərdi var.
Ümidlər sınmasın, çıxarıq bir gün
Təki tərk etməsin bizi arzular.
Ömrümüz qəm çəkir şər qəfəsində,
Qalmışıq dörd divar əhatəsində.
O qorxunc qapının dəmir səsində
Ürək öz dərdini kimə danışsın?
Bu cür haqsızlıqla nə cür barışsın?

Fikrimin ilməsi yatmağa qoymur,
Ərköyün uşaq tək baxmır sözümə.
Sən canım, desəm də olmur ki, olmur
Kədər sel gətirir dolğun gözümə.
Kədər sel gətirir dolğun gözümə.

Həmin bu tilsimi yaradan kəslər,
Olub keçənləri istərsə dansın.
Dilində haqq deyib, qan yazan əllər
O satqın, kibirli üzlər utansın.
Dilində haqq deyib, qan yazan əllər
O xain, kibirli üzlər utansın.

Azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button