Now Reading:
”Aksiz dərəcələrinin artırılmasına ehtiyac yox idi”

”Bu qərar bütün malların qiymətlərində bahalaşmaya stimul verəcək”

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarı yanvarın 23-də qüvvəyə minib.

Qərara görə səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Eyni zamanda, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb.

Yanacaq doldurma məntəqəsi


Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri isə 2 dəfədən çox artırılıb.

Sosial vəziyyəti ağır olan əhali daha çətin duruma düşəcək

İqtisadçı Nemət Əliyev Meydan TV-yə deyib ki, qərarda adıçəkilən məhsulların qiymətinin qaldırılması bu ilin büdcəsi qəbul olunarkən nəzərdə tutulmuşdu. Yəni deputatlar qiymətlərin artırılmasına səs vermişdilər. Sadəcə, Nazirlər Kabineti büdcə zərfindən irəli gələn tapşırıq və vəzifəsini icra edir.

Nemət Əliyev


Nemət Əliyev hesab edir ki, qərar alkoqollu içkilərin və tütün məmulatları istifadəçilərinin xərclərini artıracaq.

“Digər tərəfdən, həmin yanacaqdan istifadə edən sürücülərin xərclərinə təsirini göstərəcək. Ancaq dolayı təsirlər daha narahatedicidir. Məsələ ondadır ki, Azərbaycanda indiyə qədər oturuşmuş ənənə hökm sürür. Bir qayda olaraq hər hansı sahədə qiymət artımı yaşananda yerdə qalan mal və məhsulların qiymətinə stimul verir. İçkilər, tütün məmulatları kütləvi istehlak mallarıdır. Deməli, Nazirlər Kabinetinin qüvvəyə minən qərarı kütləvi məzmun daşıyır. Ona görə istər-istəməz dolayı da olsa bahalaşmaya stimul verəcək. Səbəb ölkə daxilində istehsal düşüb, kapital qoyuluşunda və kredit yatırımlarında azalma müşahidə olunub. Bu boşluğun yerini bahalaşma əsas vasitəyə çevrilib. Nəticə etibarı ilə sosial vəziyyəti ağır olan əhali daha çətin duruma düşəcək”.

İqtisadçı Qadir İbrahimli bildirib ki, Nazirlər Kabinetinin qərarında məqsəd vergi daxilolmalarını artırmaqdır: “Görünən budur ki, vergi daxilolmalarında ciddi problemlər var və Nazirlər Kabineti bu yolla problemi həll etmək istəyir”.

Neft qiymətləri fonunda aksiz dərəcəsinin artırılmasına ehtiyac yox idi

Ancaq Qadir İbrahimli hesab edir ki, indiki halda qərara ehtiyac yox idi:

“Neft dünya bazarında bizim hökumətin büdcədə nəzərdə tutduğu proqnozdan (45 dollar) xeyli baha qiymətə (72-73 dollar – 60 faiz bahasına) satılır. Bu məsələdə hökumət o qədər nikbindir ki, hətta dövlət investisiyalarının həcmini son 5 ildəki rekord həddə – 6 milyard dollara qədər yüksəldib. Belə olan halda benzin, tütün və alkoqollu içkilərin aksiz dərəcəsini artırmağa nə ehtiyac var idi?

Qadir İbrahimli


Məsələ bundadır ki, hökumətin bəzəkli bəyanatlarına baxmayaraq qeyri-neft sektoru üzrə vergi daxilolmalarında çox ciddi problemlər var. Özəl şirkətlərdə kütləvi ixtisarlar, dövriyyənin azaldılması, bir çox müəssisələrin qapadılması prosesi gedir. Bu məsələdə özünü xeyli “təmkinli” aparan rəsmi statistika da etiraf etməyə məcbur olub ki, ötən il 47 min iş yeri qapadılıb. Etiraf edilməyən rəqəm isə döha böyükdür. Bu isə qeyri-neft sektoru üzrə vergi daxilolmalarınn kəskin azaldılması deməkdir”.

İqtisadçı narahat doğuran başqa bir məqama toxunub:

“Qeyri-neft sektorunda monopoliyaların dövlət siyasətinə çevrilməsi kimi təhlükəli tendensiya gedir. “Sosial mənzil” adı altında mənzil tikintisi dövlət monopoliyasına alnır, “qida təhlükəsizliyi” adı ilə ərzaq bazarı dövlət monopoliyasına alınır və s. Bu özəl sektorda sonuncu rəqabət elementlərinin də məhv edilməsinə, bazar iqtisadiyyatından faktiki imtina edilməsi, əvəzində isə inzibati “bazar modeli”nin yaranmasına gətirib çıxarır. Təbii ki, bu halda vergi bazası əhəmiyyətli dərəcədə azalır və çıxış yolu kimi vergi dərəcələri artırılır. Bu da təbii ki, avtomatik olaraq bahalaşma qərarıdır. İndiki konservativ iqtisadi siyasət saxlanılırsa, hətta daha da möhkəmləndirilirsə, bu kimi bahalaşma qərarlarına mütəmadi hazır olmaq lazım gəlir”.


O, sonuncu rəqabət elementlərinin məhv edilməsinin acısını hökumətin az sonra, dünya neft bazarında qiymətlər kəskin enəndə hiss edəcəyini hesab edir:

“Onda da təbii ki, bu acını hökumətdən daha çox vətəndaşlar yaşayacaq. Necə ki, 2015-2016-cı illərin böhranında yaşadılar – 122 faizlik devalvasiya, bir neçə milyardlıq bank borcları və s. Əslində böhran bitməyib, bu gün də davam edir. Sadəcə, neftin bahalaşması böhranı müvəqqəti dondurub”.
meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.