SEÇMƏ

“Aktyorlar məcburiyyətdən restoranlarda kloun işləyirlər”

Yayımlandı: 14 Noyabr 2022 15:33

“Aktyorun maaşı onun yeməyinə, yolpuluna, siqaret puluna çatmır”

“Teatr aktyorlarının maaşları çox aşağıdır. Pullar yuxarıdan ayrılır və aktyora çatmamış yeyinti halları baş verir. Aktyorlar da məcbur olub, şadlıq saraylarında kloun işləyirlər”.

ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) rəhbəri, aktyor Elmin Bədəlov Meydan TV-yə maliyyə naziri Samir Şərifovun 2023-cü ilin dövlət büdcəsindən kino və teatra vəsaitin ayrılması ilə bağlı çıxışını şərh edərkən belə deyib.

Nazir bu günlərdə demişdi ki, gələn il dövlət büdcəsindən kinoyla yanaşı, yeni teatr tamaşalarının qurulması üçün də vəsait ayrılacaq.

O əlavə etmişdi ki, ayrılan pullara nəzarət gücləndirilməlidir.

Elmin Bədəlov isə hesab edir ki, hakimiyyət mədəniyyətin hər hansısa sahəsinin inkişafında maraqlı deyil: “Çünki mədəniyyət inkişaf etdikcə, cəmiyyət də inkişaf edəcək. Cəmiyyət inkişaf etdikcə, doğruları görəcək və onlar haqlarını tələb edəcəklər. Bu da hakimiyyətə sərf etmədiyi üçün illərdir eyni kursu davam etdirir. Pulu Mədəniyyət Nazirliyinə ayırırlar. Bu quruma da işçiləri özləri təyin edirlər. Mənə elə gəlir ki, hökumətə korrupsiya hallarının olması sərf edir. Onlar istəmirlər ki, ayrılan pullar istiqaməti üzrə xərclənsin”.

Elmin Bədəlov deyir ki, Azərbaycanda teatr aktyorunun aldığı məvacib onun hətta xırda xərclərini belə ödəmir.

Belə olanda da aktyor yaradıcılıqla deyil, gündəlik qayğılarının həlli yollarını axtarmağa çalışır:

“Aktyorun maaşı onun yeməyinə, yolpuluna, siqaret puluna çatmır. Belə olan halda da onlardan böyük yaradıcı nəsə tələb etmək olmur. Aktyorların maaşları qaldırılmalıdır. Ölkədə polislərin maaşı yüksəkdir. Çünki polis hakimiyyətin maraqlarını yerinə yetirir. İnsanlar etiraz edəndə, polis aksiyaları yatırır. Hakimiyyət də buna görə məcbur olub polisin maaşını qaldırır. Bizə cəmiyyət olaraq mənəvi qida lazımdır. Hakimiyyətə isə bu, sərf etmir”.

2022-ci il noyabrın 1-də Sumqayıt Dövlət Dram Teatrının bir qrup aktyoru mədəniyyət naziri Anar Kərimova video müraciət ünvanlayıb.

Onlar maaşlarının azlığından və gecikdirilmələrlə verilməsindən şikayətləniblər.

Meydan TV

Gözdən qaçırmayın:  İraqın Küveyti işğalı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button