Dünya

Aleksandr Sarkisyan Qarabağa 20.5 milyon dolları niyə köçürüb

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan ilyarım öncə cinayət işi çərçivəsində dövlətə 3.5 milyard dram, yaxud 7 milyon dollara yaxın vəsait köçürüb.

Baş prokurorluğun məlumatına görə, Sarkisyan bu pulu 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra açılmış cinayət işi üzrə, cinayət nəticəsində vurulmuş ziyanın, cərimələrin ödənməsi üçün köçürüb. Elə buna görə də Sarkisyan cinayət məsuliyyətinə cəlb olunmayıb.

AzadlıqRadiosubun erməni xidməti – Azatutyun yazır ki, cinayət işi vergilərdən, digər məcburi ödənişlərdən qəsdən yayınma maddəsi üzrə açılıb, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutub. Sarkisyan isə vaxtilə yayındığı vergiləri ödədiyindən ona qarşı cinayət təqibi davam etdirilməyib.

2018-ci ilin “Məxməri inqilab”ından əvvəl və sonra müxalifət dairələrində, daha geniş ictimaiyyət arasında belə bir fikir dolaşırdı ki, Serj Sarkisyanın “qüdrətli” qardaşı Ermənistanda müxtəlif gəlirli müəssisələrin payına qanunsuz girərək gəlirin 50 faizini əldə edib.

Baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bir neçə ay sonra deyirdi ki, Aleksandr Sarkisyanın Ermənistanın bank hesablarının birindəki pullarına həbs qoyulub.

“Deyirdilər, soruşurdular axı, Saşikin 50 faizi hardadır? Mən də soruşuram, hardadır? Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın Ermənistanda bankda 30 milyon dolları var və bütün pullara həbs qoyulub”,Paşinyan 2018-ci ildə deyirdi.

Baş prokurorluq onu da bildirir ki, 66 yaşlı Sarkisyan 7 milyon dollardan savayı, Dağlıq Qarabağın “silahlı qüvvələrinə və hərbçilər fonduna” 20.5 milyon dollar ianə köçürüb.

Azərbaycan Qarabağdakı silahlı dəstələri qanunsuz sayır, onların çıxarılmasını tələb edir. Paşinyan isə bu yaxınlarda deyirdi ki, Azərbaycanın bu tələbinin arxasında Qarabağdakı ermənilərin “soyqırımı” niyyəti dayanır. Prezident İlham Əliyev bu iddianı rədd edib.

2020-ci ilin 44 günlük müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Beləliklə, Aleksandr Sarkisyan ümumilikdə 27.5 milyon dollar ödəyib.

Sarkisyana qarşı iki cinayət işinin olduğu bildirilir. Birində söhbət illər ərzində müxtəlif müəssisələrdə qanunsuz paylardan gedir. Paşinyan müxalifətdən deputat olanda bu haqda danışırdı.

Hüquq müdafiəçisi Zarui Ovanisyan Paşinyan komandasının ictimaiyyətin gözləntilərini doğrultmadığını deyib.

“Adamları müəyyən pul kompensasiyası qarşılığında buraxırlar. Belə təəssürat yaranır ki, belə bəyanatlar, sadəcə, qanunsuz olub, üstəlik, hüquq-mühafizə orqanları gərəkən təhqiqatı aparmayıb, yetərincə fakt toplamayıb”, – o vurğulayıb.

Sarksyan həmçinin Martiros Saryanın rəsmləri ilə bağlı dələduzluqda suçlanıb. İttihamnaməyə görə, Sarksyanın oğlu Narek Sarkisyan Saryanın etibarından sui-istifadə edərək 280 min dollarlıq rəsm əsəri alıb, ona 28 min dollar ödəmək, qalan pula birgə kazino açmaq, obyektin fəaliyyətinə himayədarlıq vəd edib. Əsərləri ələ keçirən Sarkisyan vədinə əməl etməyib. Baş prokurorluq bu cinayət işinin cinayət tərkibi olmadığı üçün bağlandığını bildirir.

Gözdən qaçırmayın:  ABŞ məşqçisi İran bayrağına görə üzr istəyib

“Azatutyun” yazır ki, görünür, Sarksyanlar tanınmış rəssamın işlərini özlərinin Tumanyan küçəsindəki mənzillərində gizlədəndə cinayət etməyiblər. 2018-ci ili iyulunda Milli Təhlükəsizlik Xidməti Sarkisyanların mənzilində 9 saat axtarış aparıb. Bundan sonra Aleksandr Sarkisyan nəzarətə alınıb. Saryanın əsərləri də onun mənzlində aşkarlanıb. Rəssamın əl işləri Milli Qalereyaya yerləşdirilsə də, hazırda onların əvvəlki yerdə, Sarkisyanların paytaxt Yerevandakı mənzilində olduğu bildirilir.

24 saat” “
Aleksandr Sarkisyan Qarabağa 20.5 milyon dolları niyə köçürüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button