Now Reading:
Ali Məhkəmə Faiq Əmirliyə bəraət vermədi

Faiq Əmirli: “İttihamlar qondarmadır”

Ali Məhkəmədə fevralın 27-də AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Hakim Gülzar Rzayevanın sədrlik etdiyi iclasda F.Əmirli və vəkili Aqil Layıc iştirak edib.

İclasda onlar F.Əmirliyə bəraət verilməsini istəyiblər.

Aqil Layıc müvəkkilinə qarşı sürülən ittihamların əsassız olduğunu, onu vergidən yayınmadığını, fətullahçılığın təbliği ilə məşğul olmadığını deyib. Vəkil hər iki maddə üzrə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, Vergilər Nazirliyinin iddiasının rədd edilməsini istəyib.

İclasda çıxış edən Faiq Əmirli isə vəkilinin dedikləri ilə razı olduğunu, nəinki fətullahçılıq, dinlə əlaqəsi olmadığını, ittihamların qondarma olduğunu deyib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Dövlət ittihamçısı isə şikayətin təmin edilməməsini xahiş edib.

Müşavirədən sonra hakim şikayətin təmin edilmədiyini elan edib.

F.Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb.

Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

İttihama görə F.Əmirlinin avtomobilindən Fətulla Gülənlə bağlı kitablar aşkar edilib. F.Əmirli ittihamı qəbul etməyib və saxta adlandırıb.

Faiq Əmirli Səbail rayon Məhkəməsinin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun dövlətə 39 min manat ödəməli olduğu da qeyd olunub.

Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. Barəsində 2 il şərti cəza təyin edilən F. Əmirli məhkəmə zalından azadlığa buraxılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.