SEÇMƏ

Ali Məhkəmə ilahiyyatçı İlham Əliyev haqqında qərar verdi

Yayımlandı: 11 Oktyabr 2022 11:37

Əvvəlki məhkəmə qərarı dəyişmədi

Ali Məhkəmədə Azərbaycan İslam Partiyasının sədr əvəzi, həbsdə olan ilahiyyatçı İlham Əliyevin kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə şikayəti təmin etməyib – onun 16 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm, eləcə də bu hökmü qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişməyib.

İlham Əliyev 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılıb və dövlətə xəyanət ittihamıyla həbs edilib. Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrilə ittiham verilib.

İlham Əliyev qaynı Mehman Rzayevlə birlikdə mühakimə olunurdu. Mehman Rzayevə isə 14 il həbs cəzası verilib.

Onlar İranın xüsusi xidmət orqanlarına casusluqda təqsirli bilinib. Hökmdə iddia olunur ki, pul müqabilində İran xüsusi xidmət orqanlarına məlumatlar ötürüb, Azərbaycan əleyhinə iş aparıblar. Lakin ilahiyyatçı və qohumu bu ittihamların əsassız olduğunu deyir, özlərini təqsirli bilmirlər.

İlham Əliyev məhkəmədə çıxışında bildirib ki, ona qarşı irəli sürülən ittiham sadəcə, söz yığınıdır, heç bir sübut-dəlili yoxdur. İslam Partiyasının möminlərin ianələri hesabına maliyyələşdiyini deyən ilahiyyatçı İranda olduğunu təsdiqləyib. Onun sözlərinə görə, qonşu ölkədə konfransda iştirak edib. Həmin vaxt ona yardım təklif olunub:

“Bir nəfər yardım təklif elədi, razılaşdıq. Digər möminlər kimi, onlar da o qaydada ianə verə bilərdilər. Bir neçə ay bizə yardım ediblər. Amma biz öz möminlərimizin hesabına davam gətirmişik”.

O vurğulayıb ki, heç vaxt Azərbaycan əleyhinə addım atmayıb:

“Mənə qarşı dövlətə xəyanət ittihamını təsdiqləyəcək heç bir sübut yoxdur”.

İlham Əliyevin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bildirib ki, ilahiyyatçının barəsində 2020-ci ildə verilən həbs qərarından Avropa Məhkəməsinə şikayət olunub:

“Partiya sədrinin ilkin həbsi ilə bağlı şikayət artıq Avropa Məhkəməsinə göndərilib. Artıq ittihamla bağlı da Ali Məhkəmə qərar verdiyinə ittiham üzrə də ölkədaxili hüquqi müdafiə vasitələri tükənmiş oldu. Bununla əlaqədar da Avropa Məhkəməsinə ayrıca şikayət göndəriləcək”.

İlham Əliyev Azərbaycan İslam Partiyası sədrinin birinci müavini idi. 2011-ci ildə partiyanın sədri Mövsüm Səmədovun dövlət çevrilişinə cəhd ittihamıyla həbsindən sonra sədr əvəzi vəzifəsinin icrası İlham Əliyevə həvalə olunmuşdu.

Mövsüm Səmədov 11 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduğunu bildirir.

Meydan TV

Gözdən qaçırmayın:  Ailə münaqişəsi 3 qadını xəstəxanalıq edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button