Loading...
Loading...
SEÇMƏ

Ali Məhkəmə “Vətənə xidmətə görə” ordenli keçmiş icra başçısının cəzasını dəyişdi

Qaca Səmədova qarşı vəzifə saxtakarlığı ittihamına xitam verilib

Ali Məhkəmədə Yevlaxın keçmiş icra başçısı, 2019-cu ilin dekabrından həbsdə olan Qoca Səmədovun şikayətinə baxılıb. Hakim Tahir Kazımovun sədrliyilə çıxarılan qərara əsasən, Qoca Səmədovun cəzası 3 ay azaldılıb və 6 ildən 5 il 9 aya endirilib. Ona qarşı vəzifə saxtakarlığı ittihamına xitam verildiyinə görə cəza dəyişib.

Qoca Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 3 ay azadlıqdan məhrum edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı bu hökmü sonradan Şəki Apelyasiya Məhkəməsi dəyişərək onun cəzasını 6 ilə endirmişdi.

Qoca Səmədov məhkəmədə özünü qismən təqsirli bilib.

Onun vəkili mətbuata açıqlamasında bildirmişdi ki, sabiq icra başçısı hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirib. Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı dövrdə durumu dəfələrlə pisləşib, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib.

Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.

Qoca Səmədov həbsindən bir müddət əvvəl 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Meydan TV

Gözdən qaçırmayın:  Partiya sədri və müavinləri aclıq aksiyası keçirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button