Loading...
Loading...
Texnologiya

Alimlər: 'Gələcəkdə kainatın genişlənməsi dayanacaq və o, sıxılmağa başlayacaq'

    Alimlər kainatın inkişaf modelini yaradıblar və həmin model onu göstərib ki, kainatın sürətlə genişlənməsinə təkan verən qaranlıq enerji müəyyən müddətdən sonra genişləndirmə gücünü itirə bilər. Nəticədə qaranlıq enerjinin digər özəlliyi kainatın tədricən sıxılmasına gətirib çıxardacaq. Bu isə öz növbəsində kainatın məhv olmasına və ya məkan-zamanın yeni doğuşuna səbəb olacaq. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, qaranlıq enerji təbiətin sabit gücü deyil və o, müəyyən müddətdən sonra dəyişə bilər. Belə ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən itələyici qüvvəsi sonda zəifləyə və tamamilə dayana bilər. Bunun baş verəcəyi halda qaranlıq enerjinin digər imkanı ortaya çıxacaq. Söhbət, cəzbetmə gücündən gedir. O isə öz növbəsində kainatın yavaş-yavaş sıxılmasına gətirib çıxardacaq.

    Növbəti mərhələdə isə yavaş-yavaş sıxılma prosesi işə düşə və bir neçə milyard il ərzində davam edə bilər. Nəticədə kainat ya məhv olacaq ya da onun yeni doğuşu baş verəcək. “Biz düşünürük ki, kainat genişlənməsi prosesi olduqca tez bir zamanda ləngiyəcək. Belə ki, kosmik miqyasda 65 milyon il o qədər də böyük zaman göstəricisi deyil” – deyə Prinston Universitetinin alimi Paul Steinhardt qeyd edib. Hələ keçə əsrin 90-cı illərində alimlər öyrənmişdilər ki, kainat milyardlarla il bundan öncəki vəziyyəti ilə müqayisədə daha sürətlə genişlənir və bunun əsas səbəbi qalaktikalar kimi yüksək kütləli kosmik obyektləri bir-birilərindən itələmə gücünə sahib qaranlıq enerjidir. Albert Eynşteyn tərəfindən təklif edilmiş nəzəriyyəyə əsasən qaranlıq enerji dəyişməyən formaya sahibdir. Yəni bu bilinməyən güc dəyişmir və buna görə də kainatın genişlənməsi sonsuza qədər davam edəcək. Lakin aralarında Paul Steinhardt-ın da olduğu alimlərin 1998-ci ildə təqdim etmiş olduqları digər bir nəzəriyyəyə əsasən qaranlıq enerjinin sabit qalması zəruri deyil və onun özəllikləri dəyişə bilər.

    Kainatın inkişafı üzrə yeni modeli yaradaraq alimlər belə bir qənaətə gəliblər ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən qüvvəsi müəyyən müddətdən sonra zəifləyəcək. Alimlər tərəfindən yaradılmış modelləşdirməyə əsasən qaranlıq enerjinin itələmə qüvvəsi hələ bir neçə milyard il bundan öncə ləngiməyə başlayıb. Buna görə də kainatın sürətli genişlənməsi artıq indidən ləngiməyə başlayıb. Steinhardt-n sözlərinə əsasən kainatın genişlənmə prosesi bitdikdən sonra onun sıxılma prosesi başlayacaq və bu proses çox ləng şəkildə gedəcək. Kainatın indiki ölçüsünün yarısına kimi sıxılması üçün bir neçə milyard il lazım olacaq.

    “Biz düşünürük ki, sonda ehtimal edilən 2 hadisədən biri baş verəcək. Ya kainat məhv olana və məkan-zamanın bitməsinə kimi sıxılmağa davam edəcək, ya da o, Böyük partlayışdan öncəki vəziyyətə kimi sıxılacaq və nəticədə daha bir Böyük partlayış baş verərək yeni kainatın yaranmasına səbəb olacaq” – deyə Steinhardt qeyd edib. Əgər ehtimal edilən bu hadisələrdən ikincisi baş versə, deməli kainat mütəmadi şəkildə genişlənir və sıxılır. Bu isə o deməkdir ki, bizim kainatımız, sonsuz kainatlar seriyasında ilk və ya sonuncu deyil. Təəssüflər olsun ki, aparılmış bu yeni araşdırma sadəcə olaraq nəzəriyyə xarakteri daşıyır və onu hər hansı bir üsul ilə yoxlamaq imkanı mövcud deyil. Bəlkə də sonun necə olacağını bizim uzaq gələcəkdəki nəsillərimiz görə biləcəklər.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button