Alimlər indiyənə kimi kəşf edilmiş kometlərdən ən böyüyünü təyin ediblər
Hubble kosmik teleskopu Günəş sistemi istiqamətində hərəkət edən kometin buz nüvəsinin fotosunu çəkib. Sözügedən kometin diametri 137 km təşkil edir. Bu göstərici isə onu indiyənə kimi aşkar edilmiş kometlər arasında ən böyüyü edir. “Bu komet Günəş sistemində aşkar edilməsi demək olar qeyri-mümkün olan çox kiçik ölçülü minlərlə digər kometin arasında aysberqin yuxarı hissəsi kimidir. Biz həmişə şübhələnmişik ki, onun ölçüsü çox böyük olmalıdır. Belə ki, o, belə uzaq məsafədə də olduqca parlaq şəkildə qalır. İndi isə biz bunu rəsmi şəkildə təsdiqləyə bilirik” – deyə alimlər qeyd ediblər.
Qeyd etmək lazımdır ki, sözügedən komet ilk dəfə olaraq 2010-cu ildə kəşf edilmişdi. C/2014 UN271 adını əldə etmiş bu komet alimlərin diqqətlərini öz parlaqlığı ilə çəkib. Sözügedən kometin Günəşdən 5 milyard km məsafədə olmasına baxmayaraq öz parlaqlığı hesabına onu müşahidə etmək mümkündür. Bu cür böyük ölçülü kometlər tozdan ibarət örtüyə sahib olurlar və həmin örtük onların nüvələrini əhatə edir. Bu səbəbdən də bu cür kometləri aşkar etmək bir qədər qəlizdir.
Hubble kosmik teleskopu ilə yanaşı bu kometi həmçinin yerüstü teleskoplar da müşahidə ediblər. Onun ölçüləri ilə kütləsi barəsində məlumatları əldə etmək üçün alimlər əldə edilmiş fotoları və radiomaqnit şüalanma məlumatlarını bir araya gətiriblər. Güman olunur ki, kometin nüvəsinin diametri 137 km, kütləsi isə 500 trilyon ton təşkil edir. Alimlər onu da təyin ediblər ki, hal hazırda C/2014 UN271 adlı komet Günəş sistemi istiqamətində saatda 35.000 km sürətlə hərəkət edir. Lakin onların fikirlərinə əsasən komet Günəşə yaxın olmayacaq.