Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrəniblər
Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarışı zamanı əsas diqqəti Günəşə bənzəyən ulduzlardan ibarət ikili ulduz sistemlərinə ayırmaq lazımdır. Belə ki, bu cür ulduzların ətraflarında dövr edən planetlərdə yadplanetli həyat növünün yaranma şansı daha yüksəkdir. Danimarkalı alimlər düşünürlər ki, əgər biz, yadplanetli həyat növünü tapmaq istəyiriksə, deməli bu cür həyat növünün yarana biləcəyi planetlərin əhatə olunduqları Günəşə bənzər ulduzları tapmalıyıq. Lakin aparılmış yeni tədqiqat onu göstərib ki, Günəşə bənzər ikili ulduz sistemlərinin əhatə etdikləri planetlər yadplanetli həyat növünün axtarışı üçün daha yaxşı variantdır. Alimlərin sözlərinə əsasən Günəşin ölçüsündə olan ulduzların yarısı məhz ikili ulduz sistemlərində mövcuddur. Bu cür sistemlərdə 2 ulduz bir-birinin ətrafında dövr edir və onlar qravitasiya əlaqəsinə sahib olurlar. Belə ulduz sistemlərində yaşayış zonası (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daha geniş ola bilər.
Aparılmış tədqiqat çərçivəsində alimlər öz diqqətlərini 2 ulduzdan ibarət NGC 1333-IRAS2A adlı sistemə yönəldiblər. Sözügedən sistem Yer kürəsindən təqribi olaraq 1000 işıq ili uzaqlığında yerləşir. Sözügedən ulduz sistemi hələ ki, qaz və toz diski ilə əhatə edilib və onun daxilində planetlər hələ formalaşmayıb. “Biz, radioteleskoplardan ibarət olan ALMA adlı kompleks tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək sözügedən ulduz sistemini müşahidə etmişik. Nəticədə biz həmin ulduz sistemindəki planetlərin ilkin formalaşmə mərhələlərini müşahidə edə bilirik və düşünürük ki, bu cür sistemlərdə həyat növü yarana bilər” – deyə Kopenhagen Universitetinin alimi Kristian Jorgensen qeyd edib. Alimlər öz tədqiqatları çərçivəsində kompüter modelləşdirməsni yaradıblar və həmin modelləşdirmə ulduz ətrafındakı toz və qaz diskinin təkamül prosesini sərgiləyib. Gələcəkdə həmin diskdən planetlər formalaşacaq.
Alimlər hesab edirlər ki, həmin gələcək plnetlərdə həyat növünün yaranmasında əsas rolu buz və orqanik molekul tərkibli kometlər oyanayacaqlar. “Kometlər toqquşma zaman orqanik molekulları bu planetlərin səthlərinə gətirəcəklər. Ulduzlardan olan enerji isə buzun və digər elementlərin buxarlanmasına səbəb olacaq. Bu öz növbəsində həmin planetlərin kimyəvi tərkiblərini dəyişə bilər” – deyə Kristian Jorgensen əlavə edib. Alimlərin sözlərinə əsasən ALMA radioteleskopları vasitəsilə bu cür planetlərdə karbona sahib qəliz orqanik molekulları aşkar etmək olar. Bu cür molekullar isə daha qəliz molekulların yaranmaları üçün inşaat blokları rolunda çıxış edə bilərlər. Nəticədə isə daha qəliz molekullardan həyat növü yaranır. Radioteleskoplardan ibarət olan ALMA kompleksi Çilidə yerləşir və onun tərkibinə 66 ədəd teleskop daxildir. Bu üsul ilə alimlər daha dəqiq məlumatları əldə edə bilərlər. Eyni zamanda onlar James Webb kosmik teleskopuna da böyük ümidlər bəsləyirlər. Belə ki, o, kosmosun uzaq yerlərində olan ekzoplanetləri müşahidə edəcək və ola bilsin ki, həmin ekzoplanetlərdən birində həyat növünün mövcudluğuna dair sübut əldə edilsin.