2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Almaniyadan deportasiya olunan daha bir fəala hökm oxundu

Yayımlandı: 16 Yanvar 2023 19:06

Hakim bir neçə dəfə Cəfər Mirzəyevin son sözünü kəsib

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən daha bir siyasi fəalın məhkəməsi yekunlaşıb. Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Cəfər Mirzəyevə hökm oxunub. Hakim Cavid Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmə əsasən, bir ildir həbsdə olan Cəfər Mirzəyevin üstündən təxminən 6 qram narkotik tapıldığı iddia olunur. İddia edilir ki, həmin narkotik maddəni o, satış məqsədilə əldə edib, daşıyıb.

Hökmdən əvvəl Cəfər Mirzəyev son sözünü deyərkən bu ittihamın saxta olduğunu vurğulayıb:

“Vəkilim mənə qarşı ittihamın saxta olduğunu hüquqi baxımdan əsaslandırdı. Mən prokurora bir neçə kəlmə ürək sözlərimi demək istəyirəm.
Prokuror da bu ittihamın böhtan olduğunu bilir. Cənab prokuror, ona görə vicdan əzabı çəkirdiniz çıxış edəndə…”

Hakim bu yerdə Cəfər Mirzəyevin sözünü kəsir: “Qısa deyin son sözünüzü. Kimin vicdanı var, kimin yoxdur, tərəzini sonraya saxla…”

Cəfər Mirzəyev isə öz fikrini deməkdə israr edib: “Mən öz fikrimi deyirəm. Cənab prokuror, sizin yerinizdə dayanıb, başqalarının bu cür göstərişlərini yerinə yetirməkdənsə, burada dayanmağı daha üstün tuturam”.
Hakim yenə müdaxilə edib: “Özünə hörmət qoy…”

Bundan sonra Cəfər Mirzəyev narkotik ittihamı haqda danışıb. O, ittihamın böhtan olduğunu vurğulayaraq, satış məqsədi haqda yazılanlara diqqət çəkib: “İttiham ehtimallara əsaslana bilməz. Birincisi məndə narkotik olmayıb. İkincisi, nəyə əsaslanıb deyirlər ki, satış məqsədilə olub? Mobil telefonun danışıq və sms araşdırmalarında heç nə aşkarlanmayıb. Satış nə ilə sübut olunur? Niyə gedib evimizdə axtarış aparmayıblar? Çünki özləri atıblar cibimə, bilirlər evdə heç nə ola bilməz. Məni mağazada olanda zor tətbiq edərək tutublar. Mağazada müşahidə kameraları vardı. Niyə istintaqa rəhbərlik edən orqan onları götürməyib? Niyə narkotikin mənbəyini aşkarlamayıblar?”

Cəfər Mirzəyev əlavə edib ki, onu sosial mediada məmur özbaşınalığı haqda paylaşımlarına, Almaniyada olarkən Azərbaycandakı siyasi məhbuslarla bağlı etiraz aksiyalarında iştirakına görə cəzalandırıblar.
Son sözdən bir neçə dəqiqə sonra hökm elan edilib.

Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları var.

Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button