Xəbərlər

Almaniyadan qaytarılandan sonra həbs edilmişdi, azadlığa çıxıb

Bu ilin yazında Almaniyadan readmissiya ilə Azərbaycana qaytarılandan sonra həbs edilən Ziya İbrahimli bu gün, noyabrın 24-də azadlığa buraxılıb.

Bu barədə vəkil Elçin Sadiqov məlumat verib. Onun sözlərinə görə, Z.İbrahimli Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə azad edilib: İcra sənədlərində olan tələblər icra edilib deyə, məhkəmə Ziya bəyin azadlığa çıxması ilə bağlı qərar qəbul edib”.

Z.İbrahimli özü də Azadlıq Radiosuna bu məlumatı təsdiqləyib. O bildirib ki, saxlanma müddətində hər hansı təzyiqə məruz qalmayıb, səhhətində heç bir problem yoxdur.

Z.İbrahimli müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Biləsuvar rayonundakı funksionerlərindən biri olub. O, 2018-ci il prezident seçkisindən sonra ölkədən çıxıb və Almaniyaya mühacirət edib.

Z.İbrahimli 2022-ci ilin mayın 19-da Azərbaycana qaytarıldıqdan sonra həbs edilib. Onun əvvəlcə inzibati, daha sonra isə Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham olunduğu bildirilir. Cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbi ilə bağlı olub.

Z.İbrahimli daxil, son bir ildə Almaniyadan readmissiya edilən şəxslərdən altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onların dördü narkotik, biri də bədənə xəsarət yetirmə ittihamı ilə həbsdədir. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırlar. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Ermənistan hərbçisinin yaralandığını deyir. Azərbaycan təkzib edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button