2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Amerikanı kim kəşf edib? Kolumb yoxsa müsəlmanlar? – Şok faktlar

2 il əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Latın Amerikası müsəlmanlarının dini liderlərinin 1-ci zirvə toplantısında iştirak etmişdi və Amerikanın Xristofor Kolumbdan da bir neçə yüz il əvvəl müsəlmanlar tərəfindən kəşf edildiyini söyləmişdi. Prezident sözünə davam edərək, Xristofor Kolumbun Kuba sahillərində, dağın təpəsində bir məscid gördüyünü də bildirmişdi.

Onun bu çıxışı bir çox mətbuat orqanı tərəfindən qeyri-ciddi bəyanat kimi qəbul edilsə də, o vaxtdan bu məsələ diqqətimi cəlb etmişdi.

Birincisi, Ərdoğan kimi ciddi bir lider boş-boşuna belə bir iddia səsləndirməzdi. İkincisi, Türkiyə prezidenti İslamın siyasi tarixini gözəl bilir və hansısa mənbəyə əsaslanıb bu fikri söyləyə bilərdi. Bu səbəbdən bir müddət internet resurslarında və virtual kitabxanalarda araşdırmalar apardım. Bu yaxınlarda isə sosial şəbəkədə dostumun Ukraynada yaşayan bacısı ilə bu mövzuda söhbətimiz oldu və o, mənə bəzi faktları da təqdim etdi. Mən də öz növbəmdə bu faktları toplayaraq oxucuları ilə bölüşmək qərarına gəldim.

Saytların yığılması Saytlarin yigilmasi

Peyğəmbərin silahdaşları Amerika sahillərinə çata bildilərmi?

20-ci əsrdə Qərbdə aparılan tədqiqatlar Amerika qitəsinin Kolumbdan 7 əsr əvvəl müsəlmanlar tərəfindən kəşf edildiyini sübut edir.

Arxeoloji qazıntılar, dillərin linqvistik və filoloji analizləri, yaşayış məntəqələrinin adları, sikkələr, məişət əşyaları, qab-qacaq 8-11-ci əsrlər arası Şərqdə Abbasilər Xilafətinin dövründəki ərəb dünyasının tapıntıları ilə çox oxşardır. Bütün bu faktlar 650-ci ildən başlayaraq müsəlmanların Amerika qitəsinə köçdüyünü, burada məscid və məktəb inşa etdiyini, yerli hindu qəbilələrinə böyük mədəni irs buraxdığını müdafiə edən teoriyanı sübuta yetirməyə xidmət edir.

İslam mənbələrində müsəlmanların Kolumbdan öncəki Amerikada yerləşməsinə dair məlumat yoxdur.

Amma Harvard universitetinin professoru Barri Fell tərəfindən aparılan tədqiqatların nəticələrinə əsasən, çox güman ki, müsəlmanlar üçüncü xəlifə Osmanın hakimiyyəti illərində Amerika qitəsinə qədəm qoyublar. Eyni zamanda, bu teoriya Məhəmməd Peyğəmbərin silahdaşlarının da qitəyə təşrif buyurduğunu söyləmək üçün imkan verir.

Məsələn, bir çox Qərb alimi düşünür ki, məşhur Osmanlı dənizçisi Piri Rəisin xəritəsi Amerika qitəsinin Kolumdan çox-çox əvvəl müsəlmanlar tərəfindən kəşf edildiyinə aid sübutlardan biridir. Çünki xəritədə Amerika da göstərilib və Afrika ilə Cənubi Amerika arasındakı dəqiq məsafə qeyd edilib.

Nyu-York ştatında yerləşən Midltaun arxeoloji tədqiqatlar mərkəzinin keçmiş direktoru Salvador Maykl Trentonun tədqiqatlarına əsasən, Kolumb Amerikaya ilk səfərindən öncə Rocer Bekonun coğrafiya əsərini oxumuşdu. Bu əsər Atlantik okeanının o tayındakı regiona aid müxtəlif ərəb mənbələrinin məlumatları ilə zəngin idi.

Qərb mənbələrində sübutlar

1. Harvard universitetinin keçmiş lektoru və Amerika elm və incəsənət akademiyasının, elmi və arxeoloji kəşflər cəmiyyətinin üzvü professor Barri Fell tədqiqatlarında müsəlmanların Amerikaya gəlişini məhz 650-ci illərə təsadüf etdiyini bildirir. O, bu faktı Amerikanın bir çox bölgəsində arxeoloji qazıntılar zamanı tapılan kufi xəttatlıq sənətinin nümunələri ilə sübut edir. Əgər Fellin sözləri həqiqəti əks etdirirsə, müsəlmanlar Amerikaya ya üçüncü xəlifə Osmanın, ya da dördüncü xəlifə Əlinin hakimiyyəti illərində qədəm basıblar. Amma İslam mənbələrində bu barədə məlumat yoxdur.

Professor işində Şimali Amerikanın Kolorado, Nyu-Meksiko, İndiana kimi ştatlarında aparılan müxtəlif arxeoloji qazıntılara istinad edir. Bu nəticələrə əsasən, adıçəkilən ştatların ərazisində 700-800-cü illərdə islam məktəblərinin tikintisi başlayıb. Qərbi Amerikanın çətin keçilən ərazilərində daş üzərinə çizilmiş məktub, qrafik və bədii təsvirlər o dövrün müsəlman təhsilinin əmanətləri hesab edilir. Bu yazılar Şimali Afrika ərəblərinin köhnə kufi xəttinə uyğundur və oxu, yazı, cəbr, din, tarix, coğrafiya, astronomiya və naviqasiya elmlərinə aiddir.

2. Fell tərəfindən təqdim edilən ikinci sübut Nevadada aparılan arxeoloji qazıntı zamanı tapılmış, 7-ci əsrə aid olan, üzərində “Allahın adı ilə” yazısı olan daş sayılır.

Üzərində “Məhəmməd Tanrının elçisidir” yazısı olan və eyni dövrə aid edilən başqa bir daş isə anoloji fakt sayılır. Hər iki şəkildən də göründüyü kimi yazılar müasir ərəb şrifti ilə yox, 7-ci əsrə aid kufi xətti ilə yazılıb.

3. Professorun tapıntılarına görə, ərəblər Nevada ştatında 7-8-ci əsrlərdə məskunlaşıblar. Nevadada İslamı, dəqiq elmləri, naviqasiya elmini tədris edən məktəbin mövcudluğu Kaliforniya universitetinin professorları Hayzer və Baumhoffun arxeoloji qazıntıları sayəsində məlum oldu. Qazıntılar zamanı bu məktəbin mövcudluğundan bəhs edən kufi xətti və nəsx üslubunda yazılar olan daşlar tapılıb. Üstündə ərəb yazısı olan 3b və 3c şəkilləri Nevada qazıntıları zamanı tapılan ərəb hərfləridir.

Eyni zamanda, bu rayonda üzərində “Allah” yazısı olan daş tapılıb. Bu yazı xətti Şimali Afrikada 7-8-ci əsrlərdə geniş yayılmış yazı üslubunu xatırladır.

12-ci əsrdə atapaskan adlı hindu qəbiləsinin müasir apaçi və navoyi qrupları ərəblərin məskunlaşdığı ərazilərə hücum etdilər. Nəticədə ərəblər cənub rayonlarına qaçmaq məcburiyyətində qaldılar.

4. Amerika və Afrikada arxeoloji qazıntılar zamanı tapılmış daşlarda müxtəlif dövrlərə aid Peyğəmbərin adının yazılış formasında çox bənzərlik var. Daşlar Marokkoda, Nevada ştatında, ABŞ-ın Kottonvud kanyonunda, Çerçill ətrafında və ABŞ-ın Uolker çayı vadisində tapılıb. Bu yazılar Kaliforniya universitetində saxlanılır. Bütün bu yazılar 7-8-ci əsrlərə aiddir və Şimali Amerika və Şimali Afrika ərəb yazı üslubunun eyniliyini sübut edir. Bu fakt isə bir daha Şimali Afrika xalqlarının Amerikaya köç etdiyini göstərir.

5. 1951-ci ildə ABŞ-da, Benton şəhəri yaxınlığındakı Ağ dağlarda kufi xətti ilə yazı tapılıb. Tapılan yazı ərəbcədir və tərcümədə bu mənanı verir: “Şeytan-bütün yalanların mənbəyidir”.

Nevada ştatında Od vadisində tapılan üzərində H, M, D ərəb hərfləri yazılmış bir daş tapılıb. Çox güman ki, Hamid sözü yazılıb. Bu yazı 650-ci illərə məxsusdur.

1787-ci ildə Malden şəhərindən Massaçusets ştatının Kembric şəhərinə səfər edən Taddey Meyson Harris yolun təmiri zamanı fəhlələr tərəfindən tapılmış sikkələrə diqqət yetirib. Fəhlələr tapıntını əhəmiyyətsiz sayaraq bir ovuc qədim sikkəni Taddeyə hədiyyə etdilər. Harris bu sikkələri daha ətraflı öyrənmək üçün Harvard kollecinə göndərir. Məlum olub ki, tapılan pullar 8-9-cu əsrə aid Səmərqənd sikkələri imiş. Şəkildə də göründüyü kimi, sikkənin üstünə “La ilahə illəllah, Muhəmmədun rəsulullah (Allahdan başqa ilah yoxdur və Məhəmməd onun Rəsuludur)” sözləri yazılıb.

6. Nikaraquada Korinto bölgəsində bir mağarada tapılan daş parçasının rəsmi verilib. Bu daşın üstünə ərəb dilində “Mələkə həc mi mələyə” yazılıb. Yazı 13-cü əsrə aiddir və müsəlmanların bu dövrdə Cənubi Amerikaya köçdüklərini sübut edir.

7. Kolumbun Amerikaya ikinci səfəri zamanı bir hadisə baş verib. Haitinin yerli sakinləri Kolumba ondan əvvəl bu adaya gəlmiş qaradərili adamlardan bəhs ediblər və söylədiklərini sübut etmək üçün nizə göstəriblər. Bu nizə afrikalılar tərəfindən adaya gətirilibmiş. Nizənin ucu ərimiş qızıldan olan metaldan hazırlanıb və yerlilər buna quanin deyirlər. Bu söz ərəb dilində var-dövlət, zənginlik mənasını verən “qyina” sözünə bənzəyir. Kolumb nizəni İspaniyaya gətirdi və məlum oldu ki, nizənin ucluğu 56.25% qızıldan, 18.75% gümüşdən və 25% misdən hazırlanıb. Avrika Qvineyasında metal istehsalında bu geniş yayılmış standart idi.

8. Kolumb Yeni Dünyaya üçüncü səfəri zamanı Trinidada baş çəkir. Burada dənizçilər yerli əhalinin əynində pambıqdan hazırlanmış, simmetrik naxışları olan paltarlar və əlvan yaylıqlar görürlər. Sonradan Kolumb öyrəndi ki, bu yaylıqlar yerlilər tərəfindən almayzar adlandırılır və Qvienayada istifadə edilən yaylıqlarla eyni rəng və üslubda hazırlanıb. Almayzar sözü də ərəb mənşəlidir və örtük, önlük və qalstuk mənasını verir. Eyni zamanda bu yaylıqlar 8-ci əsrdə İspaniyanı işğal edən Şimali Afrikanın bərbər, ərəb və mavrlarının ənənəvi geyim komponentidir. Kolub yerli qadınların da pambıqdan hazırlanmış paltar geyindiyini görür və təəcüblə bu insanların əxlaq anlayışına sahib olduğunu yazırdı.

Digər ispan işğalçısı Ernan Kortes yazırdı ki, yerli qadınlar Mavritaniya üslubunda naxışlarla bəzədilmiş uzun paltar və don geyinirlər.
Kolumbun oğlu Ferdinand da adaların yerli aborigen qadınları ilə Qranadanın mavritaniyalı qadınlarının geyimindəki üslub və naxışların eyniliyini qeyd edirdi. Eyni zamanda Mərkəzi Amerika və Şimali Afrika qadınlarının istifadə etdiyi beşiklərin də eyni olduğunu söyləmək lazımdır.

9. Xristofor Kolumb 1492-ci ilin 21 oktyabr tarixində Kubanın şimal sahillərində, dağın təpəsində məscid gördüyünü qeyd edir. Meksika, Texas, Nevada və Kubada minarələrinə Müqəddəs Quran ayələri yazılmış məscid qalıntıları da tapılıb.

10. Harvard universitetinin məşhur tarixçisi və dilşünası Leo Veyner 1920-ci ildə nəşr edilən “Afrika və Amerikanın kəşfi” kitabında qeyd edir ki, Xristofor Kolumb Yeni Dünyanın qərbi Afrika etnik qrupu olan mandinkanın mövcudluğundan xəbərdar idi. Bu kitabda müəllif təsdiq edir ki, Qərbi Afrika müsəlmanlarının Şimali, Cənubi Amerikada, qitənin mərkəzi hissəsində, müasir Kanada və ABŞ ərazisində Karib dənizi adalarında yaşadığından xəbərdar idi. Müsəlmanlar yerli irokez və alqonkinlər tayfaları ilə nikaha girir və ticarət əlaqələri yaradırdılar.

Kolumbdan sonra digər ispan və portuqal səyyahlarının Atlantik okeanın o tayına edilən səfərlərinə müsəlmanların coğrafiya və naviqasiya barədə elmi işləri işıq tutub. 871-957-ci illər arasında yaşamış ərəb tarixçisi və coğrafiyaçısı Əl-Məsudinin “Muruc əzzaxab və məadin əl-cəvahir” əsərində Asiyalı və Afrikalı tacirlərin bu tip səfərləri barədə müəyyən məlumatlar verilir.

11. Məlumdur ki, Kolumbun ekspedisiyasında iki gəminin kapitanı müsəlman olub. “Pinty” gəmisinin kapitanı Martin Alonso Pinson, onun qardaşı Visente Yanez Pinson isə “Nina” gəmisinin kapitanı olub. Pinson qardaşları Mərakeşin Marinidlər sülaləsinin nümayəndələri, sultan 3-cü Əbu Zəyyan Muhəmmədin nəvələri idilər. Əla dənizçi və gəmi inşa edən qardaşlar Kolumba ekspedisiyanı təşkil etməyə, “Santa-Mariya” flaqman gəmisini inşa etməyə yardım etdilər və xərcin böyük hissəsi Pinson qardaşları tərəfindən ödənildi.

Kolumb eyni zamanda bəzi ada sakinlərində burunda pirsinq gəzdirmək barədə adət olduğunu qeyd edir. Bu adət hələ də Yaxın Şərq xalqlarında və ərəblərdə dəbdədir. O, eyni zamanda Atlantik okeanının bəzi adalarında geniş yayılmış ərəb yazı üslubundan xəbər verir.

12. 16-cı əsrin amerikalı missionerlərinin verdiyi məlumata görə, Virciniya, Tennesi, Viskonsin ştatlarının ərazilərində tapılan mis mədənləri yerli tayfalara yox, Yaxın Şərqdən gəlmiş insanlara məxsus imiş. Aborigenlər bu gəlmələrə dərin hörmət və simpatiya bəsləyirmişlər.

13. Amerikada 565 yaşayış məntəqəsi və coğrafi obyektin adı ərəb mənşəlidir (ABŞ-da 484, Kanadada 81) və Kolumbun kəşfindən çox-çox əvvəl qoyulmuş adlardır. Bu adların bəziləri İslam şəhərlərinin adları ilə tamamilə eynidir. Məsələn, İndiana ştatında Məkkə, Aydaho ştatında Mədinə, Nyu-Yorkda Mədinə, Şimali Dakota, Ohayo, Tennesi, Texas, Ontario ştatlarında da Mədinə, İullianoys ştatına Mahomet kimi misalları göstərmək mümkündür. Bəzi hindu qəbilə adlarının da ətraflı analizi onların ərəb mənşəli olduğunu təsdiq edir. Məsələn, anasazi, apaçi, aravaki, arikan, çeroki, xoxokam, maka, moqikan, moxavk və s.

Evlər və tikinti qurğuları

Şimali Amerika və Şimali Afrikada aparılan arxeoloji qazıntılar 9-cu əsrə aid tikintilər arasında oxşarlığı ortaya çıxarır. Məsələn, Mərakeşin Atlas dağlarında bərbərlərin yaşadığı evin arxitekturası:

Nyu-Meksikadakı evlərin arxitekturası ilə tamamilə eynidir.

Arizona ştatındakı Montesuma qalası, Kolorado ştatındakı Mesa-Verde tikinti qurğusunun qalıqları ilə bərbərlərin tikinti qurğusunun arxitektura üslubu eynidir.

ABŞ-ın Smitsonian İnstitutunun professoru S.Tomas tərəfindən aparılan tədqiqat sübut edir ki, Nyu-York ştatının Ellenvil şəhərində tapılan, daşdan tikilmiş kiçik daxmalar üslubuna görə Ərəb yarımadasındakı Akabe ərazisində taplan daş komalarla eynidir. Hər iki komanın 8-ci əsrdə inşa edildiyi bildirilir.

Avropalıların istilasına qədər yerli xalqların danışıq dilində geniş yayılmış ərəb sözləri

İslam sözlərinin avropalıların istilasından öncə Amerika qitəsində yayılmasını Yeni İngiltərə və Yeni Şotlandiya ərazisində yaşayan tayfaların leksikonunda istifadə edilən ərəb sözləri sübut edir. Professor Fell yerli amerikalıların dilinə ərəb dilinin təsirini sübut edən bir neçə fakt ortaya qoyur. Məsələn, səhər-asbah, dərhal-nitaic, bürc-əl kaukab, sabah-qyad, hakim-məlik, xəstəlik-marad, ulduz-allak, qöy qurşağı- mantaka

İspaniyadakı son islam qalası, Qranadada ispan inkivizisiyasının qurulma dövründə, yəni 1492-ci ildə ələ keçirilib. Qeyri-xristianlar inkivizisiyanın dəhşətlərindən qurtulmaq üçün ya katolik dinini qəbul etməli, ya da ölkəni tərk etməli idilər. Bəzi müsəlmanların 1550-ci ilə qədər İspan Amerikasına köç etdiyini sübut edən sənədlər var. Amma kral 5-ci Karlın 1539-cu ildə verdiyi fərmana əsasən, müsəlmanların Qərbdəki yaşayış məskənlərinə immiqrasiyası qadağan edilirdi. 1543-cü ildə imzalanan yeni fərmana əsasən, İspaniyanın okeanın o tayındakı koloniyalarında yaşayan müsəlmanlar bu ərazilərdən çıxarıldı.

Müsəlmanların okeanın o tayındakı ada və ərazilərə köçü ispan kralının bu fərmanından əvvəl məlum idi. Eyni zamanda, bir çox İslam mənbəsində İspaniya və Şimali Afrikada yaşayan müsəlmanların Əndəlüsün (Kordova xilafəti) çiçəklənmə dövründə Atlantik okeanın o tayına etdiyi səfərlər barədə məlumatlar var.

Müsəlman alimlərin mənbələri

Əbu Reyhan Əl-Biruninin (973-1048) tərtib etdiyi xəritədə Amerikanın cənub və şimal hissəsini təsvir edir. Siciliyalı coğrafiya alimi Əl-İdrisi (1099-1165) okeanın o tayına olan 31 günlük səyahəti təsvir edir, əsir düşən müsəlman dəniz səyyahlarının ərəb dilində danışan aborigenlər tərəfindən xilas edildiyini yazırdı.

Ərəb tarixçisi və coğrafiya alimi Əbəl-Hassan Əli ibn əl-Husseyn Əl-Məsudi (871-912) “Muruc Az-Zahabya Maadin əl-Cauhar” əsərində Kordovalı müsəlman dəniz səyyahı Haşhaş ibn Sayed ibn Asvadın 889-cu ildə Delbadan (müasir Palos) yola çıxaraq Atlantik okeanını üzüb keçdiyini, naməlum əraziyə çataraq oradan külli var-dövlətlə qayıtdığını yazır. Əl-Məsudinin tərtib etdiyi dünya xəritəsində Atlantik okeanı ilə çevrələnmiş çox böyük ərazi naməlum məkan kimi qeyd edilib.

Müsəlman tarixçi Əbu Bəkr ibn Ömər Al-Qutiya qeyd edir ki, Kordova Xəlifəsi 3-cü Hişamın hakimiyyət illərində (976-1009) başqa bir müsəlman dəniz səyyahı Qranadalı İbn Faruk 999-cu ilin fevral ayında Kadeş limanından yola çıxaraq okeana açılıb. O, Kanar adalarına çataraq kral Quanariqa ilə görüşüb və sonradan qərbə doğru üzməyə davam edib. Yolda İbn Faruk Kapraria və Pluitana adalarını kəşf edir. 999-cu ilin may ayında İbn Faruk İspaniyaya qayıdır. Bu barədə alman tarixçisi Aleksandr fon Vizenayunun “Qədim Amerikanın gözlənilməyən simaları” kitabını, İvan van Sertimanın “Onlar Kolumbdan əvvəl gəlmişdilər” əsərini də qeyd etmək olar.

Alman alim əsərində kəllə sümüklərini tədqiq edir və onların Mavritaniyalılarla eyni olduğunu bildirir.

Van Sertima 12-13-cü əsrlərə aid Çin sənədlərini incələyərək bildirir ki, Afrika sakinləri, yəni ərəblər Amerikaya çox əvvəllərdən səyahət edib ticarət əlaqələri qurmuşdular.

Kolumba aid faktlar

Yuxarıda Kolumba aid müəyyən faktları qeyd etmişdik. İndi isə bu faktlara da diqqətinizi yönəldək:

1. Kolumb Homera (indiki Kanar) adalarında olub və Beatris Bobadilya ilə ailə həyatı qurub. Beatris məşhur ərəb mənşəli tayfanın nümayəndəsidir. Boabdilya familiyası ərəb mənşəli Abuabdilla künyəsindən gəlir.

2. 1492-ci ilin 12 oktyabr tarixində Kolumb Baham arxipelaqının kiçik adalarına çatır. Bu adalar Quanaxani adlanırdı. Kolumb tərəfindən bu adalar San-Salvador adlandırıldı. Quanaxani adı Qərbi Sudanın mandika dilində modifikasiya edilmiş ərəb ismidir. Quana-ərəbcədən İxvana, yəni qardaşlıq, qardaşlar mənasını verir.

3. Kolumbun oğlu atasının Hondurasda gördüyü qaradərililərdən yazır. Bu dövrdə o ərazilərdə müsəlmanların nəvələri sayılan Almami tayfaları yaşayırdı. Almami ərəb dilində Əl-İmam kimi oxunur.

4. 1492-ci ildə səyahətə çıxan Kolumbun əlində İdrisinin xəritəsi var idi. Bu xəritədə və əsərdə yeni qitənin 1312-ci ildə 8 müsəlman tədqiqatçı tərəfindən kəşf edildiyi qeyd edilb.

Hələ ki, araşdırmalar davam edir. Biz bu gün oxucularımıza son illər aparılan araşdırma, tədqiqat və arxeoloji qazıntıların qısa xülasəsini təqdim etdik. Gələcəkdə bu sahədə olan yenilikləri də oxucularımızla bölüşəcəyik.(Olke.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button