2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Analoq yayım dayandırıldı, əhali televiziyasız qaldı

Noyabrın 1-dən Bakı və Abşeronda analoq yayım tam dayandırılıb.
Bir ay sonrasa bütün bölgələrdə ancaq rəqəmsal yayım gerçəkləşdiriləcək. Milli Televiziya və Radio Şurası bu qərarın məhz indi verilməsinin səbəbini belə açıqlayıb: “İki ildən çoxdur ki, Milli Teleradio İstehsalat Birliyi həm analoq yayımı aparır, həm də rəqəmsal yayım. Hər stansiyada hər proqram üçün ayrıca vericilər işləyir. Analoq vericiləri xarab olur, onu təmir etmək, ehtiyat hissələri tapmaq çətindir. Bundan başqa, hər birinin işıq pulu, xidmət pulu var. Yəni analoq yayım Teleradio İstehsalat Birliyi üçün böyük xərcdir, yükdür. Ona görə belə qəti qərar verdik”.
Osman Gündüz: «MTRŞ-nın məsələyə ciddi yanaşmaması bu problemin qalmasında rol oyandı»
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal yayımın keyfiyyətinə, imkanlarına görə analoq yayımdan daha üstün olduğunu qeyd edir və buna görə də ona keçidi alqışlayır: “Uzun müddətdir ki, analoq yayımın dayandırılmasına və rəqəmsal yayıma keçidə hazırlıq görülürdü. MDB məkanında da bu təşəbbüslər var idi ki, analoq yayımı dayandırılsın. Azərbaycanın müvafiq qurumlarının keçid üçün bəlli tədbirlər planı da var idi. Bu plandan əhalinin müəyyən hissəsinin problem yaşanacağı bilinirdi. Yəni köhnə televizorların və antenaların rəqəmsal yayımı qəbul edə bilməyəcəyi əvvəlcədən bəlli idi.  Bu problemin həlli istiqamətdən müvafiq qurumlar araşdırma apardılar.
Milli Televiziya və Radio Şurası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nazirlər Kabinetinə müraciət edərək büdcədən bir neçə milyon manat vəsaitin ayrılmasını istəmişdi ki, rəqəmsal yayıma keçid zamanı problemlə qarşılaşacaq ailələrə dekoderlər alınaraq verilsin.
Hökumət bu təklifi dəstəkləmədən imtina elədi. Bunu büdcədə vəsaitin kifayət qədər olmaması ilə əlaqələndirdilər. Əlbəttə sözügedən qurumların məsələyə ciddi yanaşmaması da bu problemin qalmasında rol oyandı. Belə ki, həmin qurumlar illər öncə bu müraciət etsəydilər, dövlət büdcəsindən vəsait ayrıla bilərdi. Yəni büdcədə vəsait çox olanda müraciət etmək lazım idi. Alternativ addım olaraq rəqəmsal yayım üçün lazım olacaq avadanlıqların gömrük rüsumu ləğv olundu.
Milli Televiziya və Radio Şurası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüslərinin dəstəklənməməsinə baxmayaraq, hökumət rəqəmsal yayıma keçdi. Düşünürəm ki, rəqəmsəl yayıma keçidin əhəmiyyətli olub-olmamasını müzakirə etmək düzgün olmazdı. Çünki rəqəmsal yayım daha keyfiyyətlidir, resurslardan effektiv istifadə etməyə imkan verir. Üstünlüyü danılmazdır”.
“Bizim Yol”un “Facebook” səhifəsində keçirilən sorğuda iştirak edən izləyicilər MTRŞ-nın analoq yayımdan rəqəmsal yayıma keçid qərarına münasibət bildiriblər.
Ülviyya Əhmədqızı: “Pul başından aşırdı bu millətin, bir xərc də burdan çıxdı. Belə də ki, uğursuz proqramları olan televiziya kanallarına baxmaqdansa, baxmamaq daha yaxşıdır. Nə verir onlar bizə? AzTV-nin sifətini görməsək yaxşıdır. Lap belə yerli kanalları yerli-dibli bağlayın!.”
Sevinc Jaan: “Mən Azərbaycanda yaşamıram, amma Azərbaycan  ta gəlib kanalları izləyəndə onların yerinə xəcalət çəkirəm”.
Pərvanə İsmayılzadə: “Allah şükür televiziya kanallarına baxmıram, internet vasitəsi ilə hadisələrdən xəbərdar oluram”.
Qasım Quliyev: “Üst-üstə toplasan gün ərzində yarım saat televizyaya baxmıram. Analoq yayım dayandı ataloq başladı. Maraqlanıram”.
Cəmilə Abbasova: “Artıq yeddi ilə yaxındır ki, Azərbaycan televiziya kanallarını izləmirəm”.
Ülviyyə İbrahimova: “Lap yaxşı oldu! İşdən evə gedirəm qaynanam Xoşqədəmə baxıb ağlayır, sonra Zaura baxıb oynayır, ətim tökülür. Xəbərləri internetdə vasitəsi ilə alırıq”.
Eşqin İsmayılov: “Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov «report»a bildirib ki, Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir.
Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: “Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç – stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar”.
İ.Məmmədov bildirib ki, bölgələrdə 135 rəqəmsal televiziya ötürücüsü (99 faiz) quraşdırılıb: “Dərələrdə və ucqar ərazilərdə yerləşən bəzi kəndlərdə rəqəmsal yayımı təmin etmək üçün 45 kiçik radioverici sifariş olunub. Həmin radiovericilər quraşdırıldıqdan sonra yayımın alınmasında problem qalmayacaq. Bakı və Abşeron yarımadasında isə 19 rəqəmsal televiziya ötürücüsü quraşdırılıb. Analoq yayım üçün isə 300-dən çox ötürücüdən istifadə olunurdu”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button