SEÇMƏ

ANAMA-nın noyabr hesabatı: “2522,6 hektar ərazi minalardan təmizlənib”

Yayımlandı: 2 Dekabr 2022 12:46

Qurum son bir ayda Qarabağda zərərsizləşdirilən minaların sayını da açıqlayıb

“2022-ci ilin noyabrında 2522,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib”.

Bu açıqlamanı Minatəmizləmə Agentliyi (ANAMA) dekabrın 2-də yayıb.

ANAMA noyabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində minatəmizləmə əməliyyatlarının aparıldığını qeyd edib.

Bildirib ki, adları çəkilən rayonlarda piyada əleyhinə 782, tank əleyhinə 344 mina və 1735 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Dekabrın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında deyib ki, son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb:

“Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub”.

Nazirin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək həmin mina sahəsinə baxış keçiriblər:

“Ümumilikdə Azərbaycanın ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib”.

“Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”, – deyə C.Bayramov vurğulayıb.

İşğaldan azad edilən ərazilərdə minaların basdırılması və mina xəritələri ilə bağlı rəsmi Bakı ilə Yerevan arasında dəfələrlə ziddiyyətli açıqlamalar olub.

Məsələn, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2021-ci ilin aprelində yaydığı açıqlamada bildirib ki, aparılan danışıqlar nəticəsində Ermənistan tərəfi işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, – deyə DTX qeyd edib.

Azərbaycanın rəsmi qurumları daha sonra bildiriblər ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir.

Hətta 2021-ci ildə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında da buna toxunub:

Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 %-dir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin”.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə 2022-ci ilin mayında Niderland Krallığına səfəri zamanı minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etdiyini açıqlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  3 nəfərin qətlində keçmiş kürəkən şübhəli bilinir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button