Now Reading:
Anar Bağırovla Adil İsmayılov arasında qalmaqal – 1 milyonluq ittiham

Anar Bağırovla Adil İsmayılov arasında qalmaqal – 1 milyonluq ittiham

Anar Bağırov Adil İsmayılov

Vəkillər Kollegiyasının üzvü,“ADİSAD” hüquq firmasının rəhbəri Adil İsmayılovla Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov araslnda qarşılıqlı ittihamlarla söz münaqişəsi davam edir.

24saat.org xəbər verir ki, vəkil Adil İsmayılov problemin yaranma səbəbini izah edən status yazıb və orada Anar Bağırovun ünvanına kifayət qədər ciddi ittihamlar sələndirib: “Dostların xahişi ilə VK ilə aramızda yaranmış ixtilafa aydınlıq gətirmək istəyirəm: Bir neçə gün əvvəl “Nüfuzumuz artdıqca üzvlük haqqı da artır. Bəlkə bir az..” məzmunlu status paylaşmışdım.

Daha sonra VK üzvləri qrupunda üzvlük haqlarının artırılmasının bəzi vəkillərin büdcəsi üçün problem yarada biləcəyini nəzərə alaraq bu məsələnin təcili həll edilməsi barədə təklif vermişdim.

 Təklifim bəzi vəkillərin təpkisi ilə üzləşdi. Hətta məni hüquqi nihilizmdə ittiham edənlər də tapıldı. Arqument bu idi ki, konfransın qərarı ilə qəbul edilmiş üzvlük haqqını Rəyasət Heyəti azalda bilməz. Dünən RH-in qərarı ilə üzvlük haqları bir il müddətinə xeyli azaldıldı(link şərhdə). Sağ olsunlar, belə operativ reaksiya verdiklərinə görə təşəkkür edirəm. Hesab edirəm ki, məsələ qapandı.

İndi fürsətdən istifadə edib bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Söhbət VK-nın sədri Anar Bağırovun statusundan gedir, hansı ki, mən öz səhifəmdə paylaşmışam (Hazırda həmin status silinib – red.)

Dostlar soruşurdu ki, bu statusun mənə aidiyyəti varmı? Mən sualı Anar Bağırova ünvanladım, amma cavab ala bilmədim. Açığı prokurorluqdan qovulmadığım və Anar müəllimin mənə olan sayğılı münasibəti belə düşünməyə əsas verir ki, o, məni nəzərdə tutmayıb, doğrusunu özü daha yaxşı bilir və inanıram ki, münasibət bildirəcək. Bu bir neçə gündə mənə kollegiyadakı vəziyyətlə bağlı müxtəlif səpkili müraciətlər oldu, hətta aramızda münaqişə olduğunu fikirləşib, ortalığı daha da qizişdırmağa çalışanlar da oldu.

Gəldiyim nəticə budur ki, təzə rəhbərliyin fəaliyyəti hamı tərəfindən heç də birmənalı qarşılanmır.

Onu istəyənlərlə yanaşı istəməyənlər də var. RH-in barəsində coxsaylı şaiyələr yaranıb. Bunlardan birini mənimlə söhbətində RH-in hörmətli üzvü vəkil Müxtar Mustatafayev təkzib etdi. Belə söz-söhbət gəzirdi ki, RH-in hazırda istifadə etdiyi ofis hörmətli Anar müəllimin şəxsi mülkiyyətidir və VK oranın icarəsi üçün hər ay 10.000 ( on min) manat ödəyir. Hörmətli Muxtar müəllim dedi ki, ofisin Anar müəllimə heç bir aidiyyəti yoxdur və VK icarə üçün cəmi 8.000 ( səkkiz min) manat ödəyir. İndi qalan şaiyələri də hörmətli Anar müəllimin diqqətinə çatdırıram və xahiş edirəm ki,imkanı olanda onlara da aydınlıq gətirsin ki, söz-söhbət də yığışsın. Keçim “şaiyələrə”:

1. Deyirlər ki, rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə 1.000.000( bir milyon) manata kimi miras qoyubmuş, yeni rəhbərlik həmin pulların başına daş salıb;

2. Deyirlər ki, Anar müəllimin keçmiş patronu Fariz Məmmədov 12 saylı hüquq məsləhətxanasına müdir təyin edildikdən sonra orada VK-nın vəsaiti hesabına super təmir aparılıb və indi oranı özəlləşdirmək istəyirlər;

3. Deyirlər ki, Anar müəllim yenə də VK-nın vəsaiti hesabına müxtəlif vəkil bürolarını təmir etdirir. Bu təmir üçün həm də vəkillərdən pul yığılmaqla yanaşı, dövlət başçısının sərəncamı ilə vəkilliyin inkişafı üçün ayrılmış vəsait də silinir.

Başqa əhəmiyyətsiz və az əhəmiyyətli şaiyələr də var ki, bunların üzərində durmaq istəmirəm. Yəqin razılaşarsınız ki, bu səslənənlər VK üçün çox ağır ittihamlardır, özünü ictimaiyyət üçün açıq, fəaliyyətinin şəffaf olmasını elan edən, vəzifəsi vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərmək olan bir təşkilat bu ittihamlara reaksiya verməyə borcludur. Əgər Anar müəllim, bu məsələnin ictimailəşməsinin əleyhinədirsə onu başa düşmək olar. Amma bu halda da ən azından rəhbəri olduğu VK-nın üzvlərinə bir illik fəaliyyəti dövründə VK-nın gəlirləri və xərcləri barədə hesabat vermək onun vəzifəsidir.
Hörmət və sayğılarla. Ümidvaram ki Anar müəllimin reaksiyası gecikməyəcək, ona peşə fəaliyyətində və tutduğu vəzifədə uğurlar arzu edirəm.
P.S. Xahiş edirəm məsələni şəxsi müstəviyə keçirməyəsiniz”.

Həqiqətən də Vəkillər Kollegiyası Rəyasət Heyətinin cavabı gecikmədən gəlib və Bəyanat yayıb:

“Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılmışdır. Xüsusilə, həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlar qeyd olunmuşdur.

Bununla əlaqədar, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Bu gün Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, xüsusilə əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirməkdədir.

07.12.2017-ci il tarixdə Vəkillər Kollegiyası üzvlərinin sonuncu hesabat konfransında Kollegiyanın vəsaitləri və onların hansı məqsədlər üçün istifadə edilməsi barədə Kollegiya üzvlərinə hesabat da verilmişdir. Eyni zamanda, hazırda da Kollegiya öz üzvlərinə Kollegiyanın gəlir və xərcləri barədə onları maraqlandıran məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir.

Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir”.

 

Adil İsmayılov bəyanata da cavab verdi


“Oxudum bəyanatınızı, amma səviyyələrimizdə və mövqeyimizdəki fərqə görə başa düşə bilmədim. Yazırsınız ki, bəzi şəxslər barənizdə yalan, böhtan və təhqir xarakterli məlumatlar yayr, amma ad çəkmirsiniz.Yazırsınız ki, “qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir”.

Tutaq ki, xox gəldiklərinizdən biri mənəm, qalan şəxslər kimdir? Bəlkə onu da deyəsiniz ki, şəxsən mən kimə və nə böhtan atmışam, nəyi yalan demişəm? Soğan yeməmizsinizsə içiniz niyə göynəyir ? Oturub hesablamışam 10 ildə VK-ya 4654 manat 20 qəpik üzvlük haqqı vermişəm. Əvəzində 3 töhmət və bir fəxri fərman almışam. Heç birini də istəməmişəm. Fərman məsələsi ayrıca bir söhbətin mövzusudu, məsləhət bilsəniz özünüz danışarsınız, təkcə onu deyim ki, noyabrda verib tarixini iyul yazıbsınız ki, nə olar, nə olmaz soruşan olsa yubileyə görə verdiyinizi deyəsiniz.

Axır vaxtlar dəb düşüb deyəsən verib sonra başa qaxmaq.

Töhmətlərinizi də, fərmanınızı da sizə halal edirəm, götürün özünüzə. Sadəcə deyin ki, mənim pullarımı, dövlətin ayırdığı pulları(məbləğini də yazarsınız), üstəgəl təkcə keçən il vəkillərdən yığılan ən azı yarım milyon manat üzvlük haqqını hara və nəyə xərcləmisiniz? Məni cəzalandıra bilərsiniz, bunu soruşmaq haqqımı ki, əlimdən ala bilməyəcəksiniz. İnanın ki, bunları burda yazmaq mənə heç xoş deyil. Sizə sərf etdiyim vaxtı, daha səmərəli işlərə sərf edərdim. Amma hörmətli Anar müəllim salamımı almadı, aparatın rəhbəri(?) də məsləhət gördü ki, yazılı müraciət edim. Mən də yazılı müraciət edirəm. Buyurun cavab verin.”

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

 

Input your search keywords and press Enter.