Now Reading:
Anar Məmmədov “Hafka”nın klubunu məhkəməyə verdi – Pul tələb etdi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC Hafiz Məmmədovun prezidenti olduğu “Bakı”nın xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb. Mətbuatd yayılan məlumata görə, məhkəmə prosesi zamanı “Bakı” rəhbərliyi qarşı tərəfdən “pulun tutulması” barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən ilkin iddia təmin edilib, qarşılıqlı iddia isə rədd olunub. Məhkəmə qərarından narazı qalan “zolaqlılar”ın rəsmiləri apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq kluba vaxt verilib. Verilən müddət ərzində Akademiya üzvləri stadionu tərk etməli, yeni sahiblərinə verməlidir. Saytımıza verilən məlumatda o da bildirirlir ki, əgər öz aralarında təyin olunan məbləğ hissə-hissə ödənilərsə güzəştə də gedilə bilər. Hazırda “Bakı” Akademiyasının da qapısına qıfıl vurduğu iddia edilir.

Məsələ ilə bağlı “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Y.Seyidov Unikal.org-a danışarkən bu məsələlərə qarışmadığını deyib. O, həmçinin sponsor problemlərindən də söz açıb:

“Biz bu məsələlərə qarışmırıq. Bilmirik bu xəbərlər hardan çıxıb, necə yayılıb? O proseslərdən bizim məlumatımız yoxdur. Yrimizdəyik, məşqlər də davam edir. Bilirsiniz ki, burada “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” fəaliyyətini davam etdirir. Bu məhkəmə işi ilə bağlı bizə heç kim təlimat verməyib.

“Bakı”nın qayıtması sponsorlarla bağlı məsələdir. Maliyyə məsələsi olarsa klubumuzun Premiyer Liqada oynaması üçün heç bir problem yoxdur. Hər şey maliyyəylə bağlıdır. Azərbaycanda 2-3 klub var ki, PL-də oynamaq şansına malikdir. Bunlardan biri də “Bakı”, “Xəzər Lənkəran”dır.

Azərbaycan Premiyer Liqasında oynamaq üçün 5 kriterya var. “Bakı” klubu da hazırda 4 kriteryanı özündə qoruyub saxlaya bilib. Bir kriterya əskikdir, o da maliyyə ilə bağlıdır. Bu da tək Hafiz Məmmədovla bağlı məsələ deyil. O dəfə Rövnəq Abdullayev mətbuat konfransında gözəl fikir səsləndirdi. Mən də onun fikrini dəstəkləyirəm. Yəni, bu gün futbolu sevən, dəstək vermək istəyən hər kəsə qapı açıqdır.

Elə “Bakı” klubu da… Yəni hər hansı şirkət, iş adamı klubun premiyer liqada çıxış etməyini istəyirsə dəstək ola bilər. Hər şey maliyyə ilə bağlıdır. Baxmayaraq ki, bu gün təbii struktur, 5 təbii meydança, 1 süni meydança, idman zalları, sauna – bütün lazımı struktur var. Hər hansı iş adamı tərəfindən bizə maliyyə dəstəyi olunmayıb. Təklif gəlibmi ki, biz yox dedik? Belə adamlar yoxdur axı”.

“Kiməsə müraciət etmisiz?” sualına Yaşar Seyidov – “Gəlin səmimi etiraf edək ki, hazırda heç uşaq futboluna dəstək verən yoxdur. Bu barədə dəfələrlə qeyd etmişik. Azərbaycan futbol əfsanəsi İsgəndər Cavadov adına klub fəaliyyət göstərir. Yəni bu gün bizdə yalançı Azərbaycançılıq, yalançı vətənpərvərlik var. Bizim xətamız da elə bundadır. Hamısı boş fikirlər səsləndirir. Həqiqətən də Rövnəq Abdullayev futbola dəstək olur. Elə ikinci bir şəxs yoxdur.

Aşağı yaş qrupları üzrə “Bakı”nın 5 komandası çıxış edir. Məşqlərini edir, çempionata qatılırlar. Müəyyən dostlar, tanışlar vasitəsilə – kiçik çevrədə maliyyə ayrılır. Özümüzün də müəyyən işlərimiz var və gücümüz çatan qədər dəstək veririk. Amma mənim elə böyük biznesim yoxdur ki, Premiyer Liqada çıxış etməsi üçün kluba maliyyə ayırım.
Bu gün Hafiz müəllim futbolçulara akademiyada məşqləri, qalmaları, yeməkləri üçün köməkliyini edir, dəstək olur”- deyə cavab verib.

Xatırladaq ki, hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” vaxtilə iki dəfə premyer-liqanın qalibi olub, üç dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Maliyyə sıxıntısı yaşayan paytaxt təmsilçisi hazırda AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalarda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” adı ilə təmsil olunur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.