Loading...
Loading...
SEÇMƏ

Anatoli Sidorov: “KTMT Ermənistana sülhməramlılar göndərməyəcək”

Yayımlandı: 15 Sentyabr 2022 14:03

“Münaqişənin sülh yolu ilə həllinə ümid edirik”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.

Bunu KTMT-nin qərargah rəhbəri Anatoli Sidorov deyib.

O, təşkilatın ErmənistanAzərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.

A.Sidorov əlavə edib ki, bir qrup rəsmi şəxslə birlikdə sentyabrın 15-də Yerevana gedəcək.

“Gəlin, tələsməyək. Sentyabrın 13-də dövlət başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni nə sentyabrın 13-də, nə dünən, nə də bu gün hər hansı bir güc tətbiqinə gərək var. Məncə, yaxın gələcəkdə də KTMT-nin iştirakı ilə hərbi güc tətbiqindən söhbət getmir”, – deyə Anatoli Sidorov Moskvada keçirdiyi brifinqdə deyib.

O bildirib ki, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 13-də təşkilatın iclasında Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasının göndərilməsi təklifi ilə çıxış edib.

Sentyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ərazi bütövlüyünün bərpası və Azərbaycan ordusunun çıxarılmasının təmin edilməsi üçün KTMT-yə 4-cü maddəyə əsasən müraciət etdiyini açıqlayıb.

Müqavilənin bu maddəsi hərbi yardımın göstərilməsini nəzərdə tutur.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 71, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Gözdən qaçırmayın:  Vəkillər Kollegiyası Elçin Sadıqovun həbsini peşə fəaliyyəti ilə əlaqələndirmir

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button