Loading...
Loading...
Xəbərlər

Ankara-Yerevan münasibətlərində dəyişim və Bakının bu işdə istirakı

Ermənistan-Türkiyə münasibətlərində Türkiyədə siyasi qüvvələrin rəyi necədir? 

Türkiyə dövlətində müxtəlif siyasi çevrələr var. Türkiyə cəmiyyəti kifayət qədər siyasiləşib. Türkiyədə sol siyasi partiyalar, təşkilatlar var, sağ siyasi partiyalar var. Sağ siyasi partiyalar, milliyyətçi, islamçı partiyalar var. Türkiyədə sol cinah həmişə Ermənistanla münasibətlərin qurulmasının tərəfdarı olub. Azərbaycanın haqq işinə demək olar ki, dəstək verməyiblər, veriblərsə də Türkiyənin dövlət maraqları çərçivəsində olub. Sağ partiyalar içindən Azərbaycana çox dəstək verən MHP olub. İslamçı təşkilatlar Azərbaycanın haqq işinə heç vaxt dəstək verməyiblər, iqtidarda olduqları müddətdə maraqları çərçivəsində dəstək veriblər. Birinci Qarabağ Müharibəsi zamanı Türkiyədə iqtidar olan partiyalar Ermənistanla münasibətlərin qurulmasına isti baxıblar. Mərhum prezident Turqut Özal dövründə Ermənistanla münasibətlər qurulub. Umimi olaraq Türkiyədəki siyasi partiyaların Ermənistanla bağlı sabit mövqeyi yoxdur. Əsas sabit mövqeyi olan Türkiyənin sol siyasi təşkilatlardır. Bu cinah Ermənistanla münasibətlərin qurulmasının tərəfdar olub. Sol cinahda bunu tez-tez dilə gətirən Xalqların Demokratik Partiyasının partiya nizamnaməsinə saliblar. Ermənistanla münasibətlərin qurulmasını və sərhədlərin açılmasını hər bir tribunadan deyirlər. Sağ cinahda isə əsas milliyyətçi cəbhə hər zaman qarşı olub və Ermənistan məsələsində fərqli mövqeyi olub. Onlar ancaq Türkiyənin dövlət maraqları çərçivəsində işlər görüblər. Milliyyətçilərin mərhum lideri bir zamanlar Ermənistanla münasibətlərin qurulmasına bağlı gizli danışıqlar aparıb.

1969-cü ildə MHP-nın qurucuları arasında erməni əsilli araşdırmacı yazar Levon Panos Dabaqyan (1933-2017) olub. Türkiyənin islamçı təşkilatları isə bu məsələ haqqında açıq fikirlər bildirməyiblər. İslamçi təşkilatlar əsas Fələstin məsələsini gündəmdə tutublar. Ermənistan məsələsində dövlət nə deyibsə, ona dəstək veriblər. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi əsasən 2009-cü ildə Türkiyənin gündəmində olub. Həmin dövrdə CHP lideri Deniz Baykal və MHP lideri Devlet Bahçeli sərt fikirlər söyləyiblər  və Azərbaycanın yanında olublar. 

Hazırdan Azərbaycan-Ermənistan məsələsi Türkiyə siyasi partiyaların gündəmində deyil, daha doğrusu 44 günlük Vətən Müharibəsi kimi aktiv görünmür. Vətən Müharibəsi zamanı TBMM-də XDP çıxmaqla bütün siyasi partiyalar Azərbaycana dəstək verdilər. Hazırda Türkiyənin siyasi partiyalarının gündəmində Türkiyənin daxili problemləri əsas mövzudur. Türkiyə-Ermənistan yaxınlaşması haqqında partiya liderlərinin hər hansı mövqeyi yoxdur. Türkiyə mətbuatında və TV-lərdə müzakirə olunmur. Düşünürəm ki, siyasi partiya liderləri gözləmə mövqeyindədirlər. Düşünürəm ki, bu yaxınlaşma haqqında hələ ki tam məlumatlı olmamalarından irəli gəlir. Türkiyə-Ermənistan yaxınlaşması siyasi partiyaların gündəmində o zaman ola bilər ki, bu yaxınlaşmada hər hansı məqam Türkiyənin maraqlarına cavab verməsin və ya Azərbaycan dövləti bu yaxınlaşmada  narazılıq bildirsə, o zaman Türkiyənin siyasi partiyalarının gündəmində ola bilər.

– Türkiyənin Ermənistanla danışıqlar aparmaq ücün təyin etdiyi nümayəndə haqqında hansı məlumatlar var, onu siyasi görüşləri necədir?

– Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Türkiyənin “xüsusi təmsilçisi” Serdar Kılıç təyin olunub. Bu xüsusi təmsilçinin  səfirlik açılmamışdan öncə  qarşısındası əsas vəzifə iki ölkənin münasibətlərini normallaşdırmaqdır. O, vaxtaşırı Ermənistana da gedəcək. Türkiyənin Ermənistanda səfirliyi yoxdur, Gürcüstandakı səfirliyi Ermənistanda akkreditə olunub.

Serdar Kılıç 1958-ci ildə Samsun şəhərində sol görüşlü ailədə anadan olub. Əslən trabzonludur. Atası İlyas Kılıç 1961-1980-ci illərdə CHP-nin Samsundan deputatı olub. Qardaşı Sinan Kılıç Recep Tayyip Erdoğan hələ İstanbul bələdiyyə sədri ikən onun şəxsi həkimi olub. Qardaşı oğlu Akif Çağatay Kılıç keçmiş gənclik və idman naziri olub,  AKP-dən üç dəfə millət vəkili secilib .

Sərdar Kılıç Ankarada TED kolecini bitirib.1980-ci ildə Ankara Universitetinin siyasi elimlər fakültəsini bitirib. 1984-cü ildən Türkiyənin Xarici İşlər Nazirliyində çalışır.

Bir məsələni bildirmək istəyirəm: Türkiyənin Xarici İşlər Nazirliynin işçilərinin 70 faizdən çoxunu Ankara Universitetinin siyasi elimlər fakültəsinin və Boğaziçi Universitetinin  məzunları təşkil edib və sol düşüncələri diplomatlar həmişə üstünlük təşkil edib.

Serdar Kılıçın sol düşüncəyə sahib olması normaldır. Həm ailə, həm təhsil aldığı mühüt, həm də anadan olduğu şəhər Atatürkçülərin qalası olub həmişə. Sərdar Kılıç əvvəllər  NATO, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi, Beyrut, Tokio səfiri və Vaşinqton səfiri kimi önəmli vəzifələrdə çalışıb. Serdar Kılıç Bosniya-Hersoqovina böhranı zamanı NATO-da çalışıb və Livan vətəndaş müharibəsi astanasında olanda Beyrutda səfir olub. O, Ankaranın kritik missiyalarda güvəndiyi mühüm diplomatlardan biri kimi gündəmə gəlib. Bundan öncə də Türkiyənin Ermənistanla münasibətlər qurması üçün sol düşüncəli diplomatlar və Ermənistanla münasibətlərin qurulmasını istəyən şəxslər olub. Məsələn, 2009-cü ildə bu prosesi aparan Ankaranın Bakıdakı sabiq səfiri (2001-2004 ci illər), hazırda CHP sədrinin baş müşaviri, İstanbul millət vəkili Əhməd Ünal Çeviköz (1952) olub. Çeviköz hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdır. Antazərbaycan fikirlər, 44 günlük müharibəmizlə bağlı əks fikirlər bildirib.

Görünən budur ki, Türkiyə dövləti Serdar Kılıçı təyin etməklə həm onun sol düşüncəli olmasına, Ermənistanla yaxınlaşm prosesində önəmli işlər görə biləcəyinə ümüd edir və ən önəmlisi Serdar Kılıç Erdoğanın etibar etdiyi diplomatdır və ABŞ-da səfir olanda FETO-ya qarşı mübarizə aparıb. Serdar Kılıç Türkiyənin “Sabah” qəzetinə verdiyi müsahibədə maraqlı fikir səsləndirir: “Mən siyasi baxışa deyil, dövlətə xidmət edirəm. Siyasi keçmişimə baxmayaraq, bu hökumət məni MTŞ-nin baş katibi, Beyrut və Vaşinqtonda səfir etdi, siyasi baxışları budur deyilmədi. Mən fəxr edirəm ki, mənə “işini yaxşı görmək” etibar edilib”.

Bundan başqa Türkiyə dövləti 2009-cü ildə etdiyi səhvləri etmək istəmir. Ona görə də bu proses dar çevrədə aparılacaq.

– Bu prosesdə Rusiyanın maraqları nədir?

– Hazırkı geosiyasət onu diqtə edir ki, Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma olsun. Qarabağ müharibəsinin birinci ildönümündə, oktyabrın 26-da Füzuliyə səfər edən prezident Recep Tayyib Erdoğan bildirib ki, Yerevanla Bakı ilə problemləri həll etmək üçün səmimi iradə nümayiş etdirsə, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması yolunda heç bir maneə olmayacaq. Daha sonra müharibənin başa çatmasının ildönümündə güc komandirləri ilə Azərbaycanın zəfər şənliklərində iştirak edən müdafiə naziri Hulusi Akar bəyan etdi ki, Ermənistan Azərbaycan və Türkiyə liderlərinin uzatdıqları sülh əlini bir fürsət kimi qiymətləndirməlidir. Türkiyə-Ermənistan arasında RusiyaABŞ-ın dəstəyilə pərdəarxası danışıqlar gedir. 

Şəxsi düşüncəmi deyirəm:  hələ ki bu münasibətlərin qurulmasını Rusiya istəyirmi  və 2009-cü ildə kimi əlehinə iş aparmayacaqmı –  kim buna zəmanət verir? Rusiya hələ ki bu yaxınlaşmaya öz maraqları çərçivəsində dəstək  verir. 

– Türkiyənin Ermənistanla yaxınlaşmasında maraqları nə ola bilər?

– Mən burada altı məsələni önə cəkmək istəyirəm: 

1.Hazırda beynəlxalq arenada Türkiyəyə qarşı kampaniya gedir və Türkiyənin imicinə zərər dəyir. Türkiyə bu imicini düzəltmək üçün Ermənistanla yaxınlaşmaya gedə bilər.

2.Məlumdur ki, ABŞ Ankara ilə İrəvan arasında yeni dialoq prosesinin başlaması üçün işə qarışıb və məsələ ABŞ prezidenti Co Baydenprezident Recep Tayyib Erdoğanın Roma görüşündə xarici işlər nazirləri Entoni BlinkenMövlud Çavuşoğlu arasında müzakirə edilib. Ona görə də Ankara Vaşınqtonla korlanmış münasibətləri Ermənistanla yaxınlaşmada istifadə edib qurmaq istəyir.

3.Amma reallıq odur ki, bu münasibətlərin qurulması Türkiyə və Ermənistana iqtisadi gəlirlər gətirəcək. Amma Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib ki, Ermənistan Türkiyədən 2021-ci il yanvarın 1-dən qüvvəyə minən malların idxalına qoyulan qadağanı uzatmağı planlaşdırır.

4.Türkiyənin Orta Asiyaya rahat çıxması üçün Zəngəzur dəhlizi ona lazımdır. Ona görə bu yaxınlaşmanı reallaşdıraraq  Ermənistanla Rusiyasız danışıqlar aparmaq istəyə bilər.

5. Rusiyanın Cənubi Qafqazda olan təsir gücünü azaltmaq üçün  Qərb bu yaxınlaşmaya dəstək verəcək.

6.Türkiyə tərəfi Azərbaycan-Ermənistan arasında olan mövcud problemləri Rusiyasız həll etmək üçün bu addımı ata bilər.

Bu hadisələrdəAzərbaycanın maraqları nə ola bilər? Azərbaycan dövləti bu danışıqların aparılmasına müsbət  baxıb və hələ ki səbrlə izləyir. Əsas odur ki, həmin münasibətlər Azərbaycana qarşı olmasın. Təbii ki,  bu yaxınlaşma Azərbaycan və Türkiyənin maraqlarına cavab verməlidir. Bu yaxınlaşmada Rusiyanın-Ermənistanın öz oyunları var. Bu oyunlar Azərbaycana qarşı qurulmuş gedişlər ola bilər. Prosesləri  yaxından izləmək lazımdır. Bu yaxınlaşmada əgər Türkiyə Ermənistan üzərində siyasi təsir gücünə imkan verəcəksə, onda  Azərbaycanın maraqlarına xidmət edir. Ancaq mən hələ ki Türkiyənin Ermənistan üzərində yaxın gələcəkdə siyasi təsir gücünə malik olacağına inanmıram. 

Digər tərəfdən, Azərbaycan bu yaxınlaşmadan iqtisadi gəlirlər əldə edə bilər. Şəxsi düşüncəmə görə, burada milli maraqlarımızın qorunması üçün uğurlar əldə edə bilərik. Əgər bu yaxınlaşma Azərbaycannın Ermənistanla problemlərini həll edəcəksə, bu münasibətlərin qurulması bizim maraqlarmıza xidmət edir. 

Unutmayaq ki, Ermənistanda siyasi təsir gücünə malik tək oyunçu var, o da Rusiyadır. Paşinyan Türkiyə ilə  yaxınlaşmaqda səmimidirsə, Azərbaycan Türkiyənin istəklərini qəbul etməlidir. Ancaq burada bir dərs var, o da  2009-cü il dərsidir (gizli Sürıx danışıqları).  Azərbaycan və Türkiyə bu prosesləri birlikdə aparacaqlar. 

Ermənistan dünyada Türkiyəyə qarşı fəaliyyətini davam etdirəcəkmi? Amma Türkiyə çox vacib olan ilkin şərtlərdə israr etdikcə, bu prosesin gələcəyi qeyri-müəyyən qalacaq. Rusiya və ABŞ  prosesə müsbət yanaşırlar. Qarşıdakı dövrdə ABŞ və Rusiya ilə keçiriləcək hər bir yüksək səviyyəli görüşün bir bəndinin Qafqaz olacağı şübhəsizdir. Türkiyə, Azərbaycan və Ermənistan arasında başlayan, Rusiya və İranın yaxından izlədiyi bu proses regional sülh və sabitliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli təşəbbüslərdir. Ermənistanın region ölkələri ilə inteqrasiya və regional problemləri diplomatik üsullarla həll etmək səyləri regionun bütün xalqları, xüsusilə Ermənistan və Azərbaycan xalqları üçün müsbət nəticələr verəcək. Bunu da unutmayaq ki, Rusiya və İran Türkiyənin Ermənistanda güclü olmasını istəməz və buna imkan verməzlər. 

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

İndiki mərhələdə meydana çıxan cədvəli aşağıdakı kimi qiymətləndirə bilərik. Normallaşma üçün ilk çağırış Türkiyədən gəldi. Ancaq Ankara Yerevana mesaj verir ki, “Azərbaycan torpaqlarında erməni işğalı bitdiyi üçün məndən dərhal münasibətləri normallaşdırmağı gözləməyin”. 

Bu, təbii olaraq, Türkiyə-Ermənistan münasibətlərinin hələ də Azərbaycanın təsir altında olub-olmaması sualını doğurur. Ankaradakı əhval-ruhiyyə İrəvanla münasibətləri ayrı saxlamaqdansa, sülh prosesinin bütün Qafqazı əhatə edəcək şəkildə inkişaf etdirilməsinin tərəfdarıdır. İrəvan Ankaranı Bakıdan ayırmaq istəmir. Bundan əlavə, həm İrəvanda, həm də bəzi regional və beynəlxalq aktorlarda “Türkiyənin diplomatik uğura çox ehtiyacı var, o, İrəvana məhkumdur” düşüncəsinin qırılması xahiş olunur. “Əvvəlcə Yerevan – Bakı daimi sülhü razılaşdırsın, sonra Ankara – Yerevan normallaşsın” əvəzinə iki prosesin paralel gedə biləcəyilə bağlı fikirlər üstünlük təşkil edir. Bu mərhələdə tərəflər arasında diplomatik təmasların ehtiyatlı və əlaqələndirilmiş şəkildə aparılması və əvvəlki təcrübələrdən dərslərin alınması prosesin uğuru üçün vacibdir.

– 2009-cü ildə Surix protokolları nədən baş tutmadı?

– İlk öncə bir məsələni bildirmək istəyirəm ki, Osmanlı zamanında ermənilər önəmli yer tutublar. Osmanlıda mətbəəni quranlar erməni  iş adamlarıdır. Osmanlı dövlətində səfir, nazir postunu tutublar. Osmanlı dövlətində qızıl-gümüş ticarəti ermənilərin əlində olub, bü gündə davam etməkdədir. Osmanlıda teatrın acılmasında ermənilərin rolu olub. Umumi olaraq da Türkiyə dövlətinin incəsənətində erməni əsilli şəxslər önəmli rola malikdir. Osmanlı dövləti zamanında ermənilərin sayı dəqiq bilinmir, müxtəlif rəqəmlər deyilir. Bunu da demək lazımdır ki, 1915-ci ildən sonra dunyaya ermənilər Osmanlıdan yayılıblar. Hazırda Türkiyə Respublikasında 70-80 min erməni yaşayır. Qeyri- rəsmi məlumata görə, bu rəqəm 250 mindir. Bu ermənilərin çoxu 1991-ci ildən sonra Ermənistandan gedənlərdir. Sovetlər dağıldıqdan sonra Ermənistanı ilk tanıyan dövlətlərdən biri Türkiyə olub –  1991-ci il dekabrın 16-da, Turqut Özalın vaxtında olub. Ermənistana yardımlar olub. 

Sonradan Ermənistanın Türkiyəyə ərazi iddiaları, saxta soyqırımla bağlı təzminat istəməsi və Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində 1993-cü ildə Türkiyə- Ermənistan sərhədləri bağlanıb və bü günə qədər də bağlıdır. 

Ancaq zaman-zaman Türkiyə Ermənistan arasında təmaslar olub.1997-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir araya gələn iki prezident (Süleyman Demirel və Levon Ter-Petrosyan) işgüzar şuranın yaradılması ideyasının əsasını ilk qoyanlardandır. 1998-ci ildə Türkiyə və Ermənistan arasında  ciddi gərginlik yaşanıb. Bunda sərt xətt tərəfdarı Robert Köçəryanın təsiri olub.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri 2000-ci ilin martında heç bir rəsmi səriştəsi olmayan “Türkiyə-Ermənistan Barışıq Komissiyası”nın yaradılmasıdır. 2001-ci il iyulun 9-da Cenevrədə keçirilən görüşün nəticəsində məlum oldu ki, “Türkiyə-Ermənistan Sülh Komissiyası” yaradılıb. Bu komissiyanın məqsədi Türkiyə ilə Ermənistan arasında problemləri müzakirə etmək, qarşılıqlı dialoq imkanlarını inkişaf etdirməkdir.  Siyasətdənkənar platforma kimi qəbul edilən bu təşəbbüs siyasətçilərin qarşılıqlı bəyanatları nəticəsində münasibətlərin yaxşılaşmasına təsir göstərə bilmədi. 2004-cü ildə bu sahədə özəl təşəbbüs başladı və Avstriya-Türkiyə Elmi Ofisində dr. İnanç Atılganın başcılıgı ilə  Vyana Türkiyə-Ermənistan Platforması yaradıldı. Məqsədi yalnız erməni-türk problemi ilə bağlı tarixi sənədləri araşdırmaq olub. Əsasən bu platformada tarixçilərin görüşləri baş tutub.

2008-2009-cü illər arası Türkiyə-Ermənistan münasibətlərinin qurulmasını istəyən sabiq prezident Abdulla Gül olub. Təbii ki, bu işin arxasında Vaşınqton vardı. Vaşiqton AKP-yə dəstək verib və bunun qarşılığındakı şərtlərindən biri Türkiyənin Ermənistanla münasibətlərinin qurulması olub. 

2008-ci ildə Serj Sarqsyan Ermənistanın prezdenti seçildi. Sarqsyan seçildikdən üç gün sonra, 2008-ci il fevralın 21-də prezident Gül ona təbrik məktubu göndərmişdi. Prezident Gülün mesajının əhəmiyyəti onun göndərilməsində deyil. Ermənistanda prezident seçkilərindən sonra baş verən qanlı hadisələrə görə bir çox ölkə Sarqsyandan təsirləndi, amma Türkiyə prezidentin təbrik mesajı göndərməsi Türkiyənin Ermənistana xoş niyyətinin əlaməti idi.

Baş nazir Erdoğan Ermənistanın yeni baş naziri Tiqran Sarkisyana, Ermənistanın xarici işlər naziri Ali Babacan nazir Edvard Nalbandyana təbrik mesajı göndəriblər. Mətbuata verilən məlumata görə, baş nazir Erdoğan mesajında  dialoq yolu ilə ikitərəfli münasibətlər sahəsində bəzi konkret addımların, bu çərçivədə daha əvvəl də Ermənistana edilən təkliflərin hələ də gündəmdə olduğunu bildirib. Tiqran Sarkisyan cavabında iki ölkə arasında ilkin şərt olmadan konstruktiv və normal dialoqun başlanmasının lazımlılığını bildirdi. Ermənistan hökumətinin əlaqələr qurmağa hazır olduğunu qarşılıqlı etimad mühitinin yaradılmasının vacibliyini vurğuladı.

Əslində, az sonrakı hadisələr göstərdi ki, ermənilərin münasibətində heç bir dəyişiklik yoxdur.  Ermənistan tərəfi İsvecrədə Türkiyə ilə imzaladıgı protokolları təsdiq etmədi. Ancaq bu işin baş tutmamasının əsas səbəbkarı Azərbaycan dövləti,  cəmiyyətin və müxalifətin birliyi olub. 

Protokollar niyə baş tutmadı?

1.Azərbaycan tərəfi buna sərt şəkildə qarşı çıxdı. Bu münasibətlərin qurulmasl bizim əleyhimizə idi. Bundan başqa bu münasibətlərin qurulmasında Qarabağla bağlı şərt qoyulmamışdı. Mənbə olaraq Sergey Lavrovun Ermənistan mətbuatına açıqlamasını göstərək: “2008-ci ildə erməni dostlarımız bizə deyirdilər ki, türklər diplomatik münasibətlərin bərpası, münasibətlərin normallaşdırılması, əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlməyi təklif ediblər. Dedik ki, bu, çox yaxşıdır, amma ön şərtlər varmı? Xeyr, heç bir ön şərt yox idi. Sonra protokolları imzalamağa gəldik. Sürixdəki tədbirdə Ermənistan və Türkiyənin (Ahmet Davutoğlu) xarici işlər nazirləri ilə bərabər, ABŞ -ın o vaxtkı dövlət katibi Hillari Klinton, Avropa İttifaqının nümayəndəsi və mən iştirak edirdim. Biz vacib tarixi hadisənin şahidi olmalıydıq. Amma türk həmkarlarımız Dağlıq Qarabağla bağlı bir qeydin yazılacağı təqdirdə protokolları imzalayacaqlarını bildirdilər. Bu isə Ermənistanın mövqeyi ilə ziddiyyət təşkil edirdi. Əvvəldən də həmkarlarıma demişdim ki, protokolun heç bir ilkin şərt olmadan imzalanacağına inanmıram. Hamı artıq imzalanma üçün gəlib və belə bir çıxılmaz vəziyyət yaranıb. Nəticədə türkiyəli həmkarımız bu formal şərtin aradan qaldırılmasına razılıq verdi, lakin erməni həmkarları bildirdilər ki, Ermənistan Dağlıq Qarabağ məsələsində öz mövqeyini bildirəcək bəyanat verməlidir. Sonra türkiyəli nazir dedi ki, “əgər sən açıqlama versən, mən də açıqlama verəcəyəm”. Sonra oturduq, biz futbol seyr etdik, iki nazir isə gecə yarısına qədər mübahisə etdilər. Artıq başa düşdük ki, bu vəziyyətdən çıxmalıyıq. Bu səbəbdən ona (erməni nazirə) şərh mövzusunda israr etməməsi üçün dediyiniz notu yazdım. Və nəticədə sənədlər imzalandı, lakin sonradan eyni səbəbdən “yoxa çıxdı”, çünki tərəflərin Qarabağ tənzimləmə prosesi ilə bağlı fərqli fikirləri var idi”.

Azərbaycan dövlətinin təziyiqi nəticəsində bu, baş tutmadı.Təbii ki, bu təzyiq yerində idi, burada Azərbaycanın maraqları qorunmurdu. Maraqlı məqam ondan ibarət idi ki  bu münasibətlərin qurulmamsında Rusiyanın böyük rolu olub. Rusiya dildə “hə” deyib,  amma əməldə bizim əleyhimizə iş aparıb.

2.Türkiyə dövləti Azərbaycan tərəfinə bu protokol və münasibətlərin qurulması haqqında ətraflı məlumat verdiyini söyləyir. Mənbə: Ahmed Davutoğlu Türkiyənin “Habertürk” kanalında müsahibəsində deyib: “Biz Azərbaycan tərəfinə bütün məlumatları verirdik. Azərbaycan dövlətinə bu məlumatlar verilib. Hətta Türkiyə tərəfi Bakıya bir qrup şəxs göndərib bu münasibətlərin qurulmasının vacıb olduğunu bildiriblər. Amma görüşlərdə iştirak edən Azərbaycan nümayədələri sərt münasibət göstəriblər. Onu demək istəyirəm: Türkiyə tərəfindən gələn nümayəndə heyəti içində olan şəxslər bu münasibətlərin qurulmasına qarşı olub”.

3. Həmin dövrdə Türkiyənin daxilində bu münasibətlərin qurulmaslna sərt çıxışlar vardı. Əsas ana müxalifət lideri Deniz Baykal və MHP lideri Devlet Bahçelinin sərt açıqlamaları önəmli yer tutub. Bundan başqa Azərbaycan dövləti iqtidar- müxalifətin əsas liderləri buna qarşı oldu, nəticə etbarilə bu proses baş tutmadı. Türkiyə Qərblə münasibətlərin qurulmasını istəyirdi, ancaq Rusiya da burada öz oyununu oynadı. 

– Ermənistan-Türkiyə sərhədləri acılarsa, bu ölkələrin  gəlirləri nə qədər ola bilər?

– Türkiyə ilə Ermənistan arasında sərhəd qapısının hələ də bağlı olmasına baxmayaraq, iki ölkə arasında ticarət əlaqələri Gürcüstan üzərindən davam edir. Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana ticarət, tekstil, ehtiyat hissələri və tikinti məhsulları gedir. Sərhədlər bağlı olsa da, tərəflər 1993-cü ildə 4,5 milyon dollar olan ticarət həcmini 1997-ci ildə 30-a, 2007-ci ildə 120-yə və 2008-ci ildə 200 milyon dollara yüksəldiblər.

3 mart  1997-ci ildə türk və erməni iş adamları tərəfindən Türk-Ermənistan Biznesi İnkişaf Şurası (TABDC)  təsis edilib. İnkişaf Şurası iki dövlət arasında qeyri-rəsmi ticarətin inkişafında böyük rol oynayıb. Türkiyə Statistika Təşkilatının (TÜİK ) məlumatına görə, ticarət əlaqələrini az da olsa davam etdirən iki ölkə arasında 2013-cü ildə xarici ticarət həcmi 571 min dollar olub. İki ölkə arasında ticarət həcmi 2020-ci ildəki məlumatlarla son 8 ilin ən yüksək səviyyəsinə çatıb. Son 8 ildə iki ölkə arasında xarici ticarət həcmi müvafiq olaraq 571 min dollar; $1,4 milyon; 1,2 milyon dollar; $1,9 milyon; 2,7 milyon dollar; 2,2 milyon dollar; 2,7 milyon dollar; 4,2 milyon dollar və nəhayət, 2021-ci ildə 3,8 milyon dollar təşkil edib. Türkiyə-Ermənistan sərhədlərinin bağlanması nəqliyyat xərclərini artırır, ticarət və mənfəət az qazanc təşkil edir. Türkiyə ilə Ermənistan arasında ticarətin Gürcüstan vasitəsilə aparılması nəqliyyat xərclərini 10 faiz artırıb və daşınma müddətini iki gün edir.Türkiyə ilə sərhədlər açılsa, Ermənistan üçün nəqliyyat xərcləri azalacaq, hər iki dövlətin gəlirləri artacaq.

Kamal Əli

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button