2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Antoni Blinken İlham Əliyevə niyə zəng vurmşdu?

***

SUAL:  -Elxan bəy, bir çox müşahidəçilər ABŞ Dövlət Katibinin Prezident Əliyevə zənginin Minsk Qrupu ilə bağlı olduğunu qeyd edirlər. Sizin fikriniz necədir?

CAVAB:  -Görünən odur ki, ABŞ prezidenti J. Bayden artıq prezidentliyinin ilk 100 günündə Qarabağla da bağlı öz siyasətini və ya yanaşmasını formalaşdırmışdır. Bayden hakimiyyətə gələndən sonra səfir səviyyəsində Minsk Qrupu həmsədrlərinin işə qarışmasının vacibliyi bildirildi və bu fikirlər Həmsdərlərin son bəyənatında daha açıq əks olunmuşdu. Bu bəyənatlarda Minsk Qrupunun işi ilə bağlı ümumi ifadələr işlədilsə də, indi artıq spesifik məsələlər ortaya qoyulur. ABŞ Dövlət katibi Blinkenin Prezident Əliyevə telefon zəngi və onunla bağlı verilən açıqlamalar Minsk qrupunun işə salınması ilə bağlı ABŞ-ın formalaşmış baxışa sahib olduğunu  təsdiqləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 20 -də Alman Marshal Fondunun təşəbbüsü ilə keçirilən “ABŞ-ın Cənubi Qafqazda siyasəti” adı altında iştirak etdiyim online konfransda ABŞ dövlət departamentinin Avropa və Avrasiya Bürosunun  rəhbəri Corc Kent çıxış etdi.  Paşinyan hökümətinə rəğbət üstündə qurulan çıxışda,  Azərbaycan və Ermənistan məsələsinə gəlincə, daha çox Minsk qrupu üzərində dayanıb,  “Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz şəraitdə yaşaması üçün” onun statusunun müəyyən edilməsinin vacibliyini vurğuladı.  O, Madrid prinsiplərini xatirladıb,  Azərbaycanın ərazi bütövlüyü ilə bərabər DQ-ın statusunun onun mlilli müqəddəratının təyin edilməsi yolu ilə müəyyən edilməsindən danışdı. Ümumilikdə Kentin çıxışı sahədiki mövcud reallıqdan çox uzaq olan, səhti yanaşma idi. Konfransda, onun çıxışını əsas alan  USAİD –in Avropa və Avroasiya üzrə nümayəndəsi  Aleks Sokolovski və Marşal Fondunun aparıcı eksperti  də statusun hələ həll edilmədiyi haqda ümumi fikir ortaya qoydyular. 

Kentin bu cür danışığının heç də təsadüfi olmaması ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Aprelin 27 –də Azadlıq radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində də inkişaf etdirildi. O, müharihə dayansa da həll edilməmiş məsələlərin qaldığını və DQ-ın statusu və qaçqınların( təbii ki erməni qaçqınlarını nəzərdə tuturdu) problem olaraq qaldığını önə çəkdi  və bu baxımdan Minsk Qrupu həmsədrlərinin işə başlamasının vacibliyini bildirdi.  Düşünürəm ki, Antoni Blinken də məsələyə bu kontekstdə yanaşaraq öz fikirlərini İlham Əliyevə bildirib.

SUAL:  -Sizcə Bayden hökümətinin bu cür yanaşmasının səbəbi nədir?

CAVAB:  – Heç şübhə etmirəm ki, Bayden hökümətinin indiki yanaşması Amerikadakı nasist Erməni Milli Komitəsinin hazırladığı mətnin əsasında qurulmuşdur. ABŞ-da bir qayda olaraq Həmsədr  və ya bu bölgə üzrə dövlət departamentində yüksək vəzifəyə kimsə təyin ediləndə  ilk növbədə,  ilkin mənbə kimi Erməni Milli Komitəsinin üzvləri ilə görüşülür və onlardan məlumat alırlar. Bakıya bizim hökümətlə görüşə gələndə də erməni mənbələri əsasında formalaşmış fikirlə gəlirlər. Baydenin özü də hər zaman onlarla birgə işləmiş və onun müəllifi olduğu genosid qətnamələrini,  Konqresdəki anti-Azerbaycan və anti-Türkiyə layihələrin hamısını  Erməni Milli Komitəsinin hüquqşünasları hazırlamışdır.Onlar sadəcə bu layihələri Senata və ya Konqresə təqdim etmişlər. Dövlət departamentində isə  fərq o ola bilər ki, Həmsədrin ofisi onların terminlərini saxlayaraq mətndə azacıq dəyişiklik etsin.

Bu günkü ABŞ hökümətində Erməni Milli Komitəsinin ən yaxın dostları təmsil olunur. Yaranmış fürsətdən istifadə edən  bu qüvvələr, eləcə də Ermənistan da  daxil olmaqla  ümumdünya erməni dairələri indiki dönəmdə ABŞ və Fransanın həmsədr statusundan yararlanaraq 44 günlük savaşın  nəticələrini diplomatik yolla-masa arxasında öz xeyirlərinə dəyişmək və onların  dəstəyi ilə məsələni arzuladıqları istiqamətə yönləndirmək niyyətindədirlər. Əsas hədəf  statusla bağlı planı  Həmsədrlər tərəfindən ortaya atıb, Azərbaycanı bu  layihə ətrafında danışıqlara cəlb etməkdir.  Belə olursa, Azərbaycanın bilavasitə keçmiş DQ ərazisində əldə etdiyi bir sıra hərbi qazanclar da danışıq mövzusuna çevriləcək, Ermənistan yenidən Azərbaycanla, Həmsədr ölkələrin siyasi dəstəyi  ilə status davasına girəcək. İndi rayonlar əllərindən getdiyindən, yaranmış mövcud vəziyyətdən ermənilər diplomatik yolla maksimum qazanc əldə etməyə çalışırlar. Onlar artıq rayonları deyil, Laçından yol olmaqla keçmiş DQMV ərazisi üzərində beynəlxalq qarantiyalı ərazi-əsaslı siyasi status əldə etmək arzusundadırlar. Onlara ümid verən amil də Rus qüvvələrinin bölgəni nəzarətdə saxlamasıdır.

İkincisi, ABŞ özü də Rusiyanın birtərəfli rol oynamasını və bölgədə tam hakim olmasını istəmir. Üçüncü,ABŞ və Fransa bölgədə  Türkiyənin rolunu azaltmaq istəyirlər.

Məsələnin digər aspekti isə ABŞ-ın münaqişələrin həllində  tutduğu ənənəvi, şablon yanaşmadır. Baxın,bir müddət  sonra onların “Bu münaqişə kompromis yolu ilə həll olunmalıdır. Qarabağ uğrunda iki müharibə oldu. Birincisini ermənilər, ikincisini siz udmusunuz.  Demək bu işin hərbi həlli yoxdur. Gəlin DQ-ın statusu ilə bağlı danışıqlar aparın və kompromis yolu ilə siyasi həllə gəlin” deyəcəyini  eşidəcəksiniz.  Düşünürəm ki, bu yanaşma onların mövqeyi olacaq. Çünki onlar bütün münaqişəli məsələlərə İsrail-Ərəb münaqişəsi çərçivəsindən baxırlar. Deyəcəklər ki, “baxın İsrail dəfələrlə  ərəblərlə savaşıb  həmişə qalib gəlib, amma mübahisə həll olunmayıb”. Onların yanaşması belədir.

Təbii ki, bu yanaşma primitiv və yumşaq desək səhv yanaşmadır. Bütün baş verənlərdən sonra da Azərbaycan torpaqlarının işğalına ABŞ-ın necə səhti yanaşmasının göstəricisidir. Bu məsələnin ərəb-israil münaqişəsi ilə heç bir oxşarlığı yoxdur. Burada söhbət dünyanın gözü qarşısında bir dövlətın ərazisinin başqa dövlət tərəfindən işğalından gedir. Bu cür müqayisələr məsələni sadəcə münaqişə kimi göstərib tərəflərə sadəcə münaqişə tərəfləri kimi baxmaq və erməni işğalını, onun nəticələrini pərdələməkdən başqa bir şey deyildir.

Əgər  C. Kentin yanaşmasını əsas götürsək, o zaman ABŞ-ın yanaşması tam təxribatçı xarakter daşıyır.  Çünki hələ heç bir danışıq başlamamış,cənab Kentin indidən “ermənilərin milli müqəddərat hüququndan” danışması, yəni bu cür ön şərt irəli sürməsi nə vasitəçinin funksiyasına aiddir, nə də kənar hər hansı bir dövlətin. Digər tərəfdən C.Kentin bəyənatı indiki dönəmdə Ermənistanda azlıq təşkil edən məsuliyyətsiz revanşist qüvvələrin fikrini ifadə edir. Bütün bunlar həqiqətən Erməni Milli Komitəsinin mövqeyini əks etdirir..

Amerikan yanaşmasına görə ikinci dünya müharibəsindən sonra Sudet milli müqəddəratını təyin etməli idi.  Və ya Könisberg və ya Strasburqun hansı statusu oldu?  Hitler də Sudet vilayətini almanların təhlükəsizlik qarantoru kimi ilhaq  etmişdi, eynilə Ermənistan da özünü  DQ-ın təhlükəsizliyinin qarantoru elan edib, milli təhlükəsizlik konsepsiyasında da təsdiqləmişdi. 

SUAL:  – Bayden hökümətində ermənilərə dəstək hansı dərəcədə ölçülə bilər?

CAVAB:  – Bayden höküməti indiki zamanda bəlkə də Amerika tarixində ermənilərə ən yaxın hökümətdir. Baydenin Senatdakı həyatı erməni genosidi layihələrinin müəllifi kimi keçib. İndi onun kabinet üzvü olan (baxmayaraq ki, ekoloji məsələlərə baxır) John Kerri də eyni şəkildə bu layihələrin Baydenle birgə müəllifi və erməni tezislərinin müdafiəçisi olub.  Kabinet üzvü  vitse Prezident Kəmalə Harris də senator olduğu zaman erməni dairələri ilə çox yaxın təmasda olub və seçki qabağı vədlərindən biri də “erməni genosidinin” tanınması idi.

İndiki USAİD direktoru təyin edilən Samanta Pouer kabinet içində nüfuzlu şəxsdir və özü də hər zaman erməni genosidi carçısı olub. Onun  kitabının ilk fəsili Tələt Paşanı Berlində qətlə yetirən erməni terrorçusu Soğomon Teyleryana həsr olunub. Konqresin sədri Nansi Pelosi haqda geniş şərhə isə ehtiyac yoxdur. Erməni məsələsində o, Ermənistan parlamentinin sədri kimi qəbul edilə bilər. İndi Konqresin və Senatın komitə sədrlərinin bir qismi  erməni yanlısı şəxslərdir. Anti-Türkiyə ovqatı onların bir qismini birmənalı  erməni tərəfinə sürükləyib.

 Obama dönəmində də hakimiyyətdə vəziyyət belə idi. Məsuliyyətli şəxs olan Obama  erməni tezlərini dəstəkləsə də, Bayden, Kerri və Pelosi kimi onlarla dərin münasibətləri yox idi. Amma o da 8 il müddətində ermənilərə kömək etdi və o dönəmdə S. Sarkisyan höküməti daha da azğınlaşdı.  Onun dövlət katibi John Kerri S.Sarkisyanın imitasiya siyasətinə ən böyük dəstəyi verənlərdən biri idi və hakimiyyətdən getdiyi ərəfədə bunu etiraf edib “hələ DQ məsələsi həll olunması üçün yetişməyib” dedi. Bu yanaşma işğalı uzatmaq üçün o zamankı erməni siyasətinin ana xətti idi. Təəssüfedici hal odur ki,  Kerri yenə kabinet üzvüdür və Bayden indi Antoni Blinkenden daha çox  ona qulaq asır. O, faktiki olaraq xarici siyasətdə yenə mühüm rol oynayır.

Əsas problemlərdən biri odur ki, Bayden, Kerri və Peolosi üçlüyü ordakı Erməni Milli Komitəsi üzvləri ilə onillər boyu şəxsi əlaqədə olub və bu əlaqələr davam etməkdədir. Erməni Milli Komitəsinin fəaliyyəti isə  ancaq Türkiyə və Azərbaycan əleyhinə düşməınçilikdən ibarətdir. Bu təşkilat  Daşnaksutyunla ASALA-nın siyasi qanadını təşkil edir və bir çox  hallarda onun üzvləri və lideri Murad Topalyan terror ittihamı ilə həbsə atılıblar.

Qeyd edim ki, Obama dönəmində, dövlət departamentinnin hazırladığı illik insan hüquqları hesabatlarından “Ermənistan və DQ qüvvələrinin Azərbaycanın geniş ərazisini işğal etməsi” ifadəsi tamamilə çıxarılıb, adı bilinməyən “separatist qüvvələrin nəzarət etdiklləri” termini ilə əvəz edilib. 1995-1996-cı il  hesabatlarında bu torpaqları DQ qüvvələrinin işğal etdiyi yazılırdı. 1997-ci ildən başlayaraq həmin hesabatlara  “Ermənistan və DQ hərbi qüvvələri”  ifadəsi salınmışdı.  Təvəzökarlıqdan uzaq olsa da onu mənim bilavasitə iştirakım və təqdim etdiyim sənədlərə əsasən  o zamanki hesabatı yazan şəxs bu cür dəyişdirdi.  Obama dönəmində isə  hər ikisinin adını  hesabatdan  çıxardılar. Elmar Məmmədyarovun yəqin ki, heç indiyə kimi bundan xəbəri yoxdur..

SUAL:  – Bəs Azərbaycan indi nə etməlidir?

CAVAB:  – Əgər Azərbaycan müdafiə mövqeyi tutacaqsa uduzacaq. Azərbaycan əsgəri Azərbaycanın cəsarətlə davranması üçün hər şeyi edib və etməyə  hazırdır. Əldə etdiyimiz üstünlüyü ancaq inkişaf etdirməliyik. Azərbaycanı bu cür status danışıqlarına məcburən cəlb etsələr biz qazandıqlarımızın bir qismini itirəcəyik. Ona görə Azərbaycan sahədə bir sıra addımlar atıb daha da güclənməlidir. Azərbaycan ilk növbədə Laçın dəhlizi deyilən ərazidə sərhədinə özü nəzarət etməlidir. Hər şey Dövlət sərhədini nəzarətdən başlayır. Azərbaycanın dövlət sərhədini qoruması Rus qüvvələrinin missiyası ilə heç bir ziddiyyət təşkil etmir, əksinə onlara kömək edir.

İkincisi, Qarabağın Rusiya nəzarətində olan hissəsində təşəbbüslərlə çıxış edib, azərbaycanlı qaçqınları tezliklə oraya- Xocalıdan başlamış bütün kəndlərə qaytarmalıdır. Üçüncüsü, erməni separatçı  rejimin hakimiyyətdən getməsinə -buraxılmasına nail olaraq, orada erməni əhalisi yaşayan rayonlarda və şəhərlərdə öz hakimiyyətini bərpa etməli, hərbi cinayətgarlar isə həbs olunmalıdır. Yoxsa,  bölgədə arzu etdiyimiz sülhün yaranması çox uzanacaq.  

Əksinə, əgər vəziyyət bu günkü kimi qalacagsa, o zaman status məsələsi daha da böyüyəcək və kök atacaq. Çünki həmin ərazi bizim tam nəzarətimizdə deyil. Nəzarətimizdə olduğu halda isə bu status oyunlarının perspektivi tam da sıfır olacaq.

SUAL:  – Minsk qrupunda bu məsələyə baxışda münasibət necədir? Məsələyə baxışda fərq varmı?

CAVAB:  – İndiki dönəmdə Minsk Qrupunda ABŞ və Fransanın mövqeləri tamamən üst üstə düşdüyündən  onlar birgə hərəkət edəcəklər. Makronun şəxsən özü  bu işlə məşğuldur. Onların məqsədi Minsk Qrupu həmsədrliyini işə salıb status danışıqlarına başlamaq və bilavasitə Hadrut ermənilərinin geri qayıtması məsələsini gündəmə çıxarmaqdır. Rusiya burada orta mövqe tutaraq, çox rahat hərəkət edəcək. Çünki Qarabağın qalan hissəsi onların əlindədir və vəziyyəti istədikləri istiqamətə yönəldə  bilmək iqtidarında olduqları qənaətindədirlər. Onlar statusun əleyhinə deyil, amma Azərbaycanla bu məsələdə birbaşa üz-üzə gəlməyə çalışmayacaqlar. İncə diplomatiya yürüdərək bəlkə də bu məsələdə digər  iki vasitəçi ilə Azərbaycan arasında vasitəçi olmağa çalışacaqlar.

Burada maraqlı və açıq anti-Azərbaycan vəziyyət yaranıb. 28 il ərzində torpaqlar işğal altında qalıb. Bir də ki, torpaqların işğalı Minsk qrupunun fəaliyyəti zamanı və onların müşahidəsi altında baş verib. Minlərlə ölən və yaralanan, 4 min nəfərdən çox Azərbaycan vətəndaşı itkin düşüb. 1992-ci ildən vasitəçilik edən bu qrup heç nəyə nail olmayıb. Nail olmağa çalışmayıb. Əksinə işğalı pərdələməklə məşğul olub və ermənilərə imitasiya danışıqları aparmağa şərait yaradıb. Buna sübut olaraq yüzlərlə arqumentimiz var. Onlar bu torpaqların qeyri müəyyən müddətə ermənilərdə qalmasına şərait yaradan mühit formalaşdırıb, Azərbaycanı faktiki olaraq mövcud işğalla-“reallıqla” barışmağa məcbur ediblər. Onların irəli sürdüyü sülh planlarının heç biri ermənilər tərəfindən qəbul edilməyib. Onların “sülh prosesi” şəhər və kəndlərimizin yer üzündən silinməsi ilə nəticələnib. 28 il Azərbaycanın boğazına ipi salıb sürüyüblər.Nəticədə, Azərbaycan xalqı ayağa qalxıb və Amerikanın da himayə etdiyi işğalçını öz torpaqlarından qovub çıxarıb. Düşmən kapitulyasiya sənədinə imza atıb. Azərbaycan artıq münaqişənin bitdiyini deyir və Qarabağdakı erməni əhalisini öz vətəndaşı sayır. Bu məsələ artıq de fakto və de yure daxili məsələyə çevrilib. Rusiya, Fransa və ABŞ da daxil bütün ölkələr bu ərazini Azərbaycan ərazisi kimi tanıyır. İndi isə həmin həmsədrlər gəlib ki, bizim o zaman “sizə məlum olan sülh planımız var idi” və orda sonda status məsələsi də var idi. Gəlin bu ərazinin statusunu beynəlxalq qarantiya ilə həll edək…?

Onlara demək lazımdır ki, a kişi bu iş sənin planın əsasında həll olunub ki, indi də bu planın son hissəsini həll edək?. Ikincisi, ermənilər bu planı qəbul etmişdi ki, indi də bu plan əsasında hərəkət edək? Yoxsa Ermənistan qəbul etdi , biz onu pozduq? Bu cür çağırış təbii mənəviyyat baxımından riyakarlıqdır, siyasi baxımdan isə anti-Azərbaycan layihəsidir, onun suverenliyi və siyasi müstəqilliyinə müdaxilədir.  DQMV-i  və onun vilayət statusunu 1923-cü ildə Azərbaycan sovet höküməti öz daxili qərarı ilə təsis edib və 1991-ci ildə də ləğv edib. Bu vilayət statusunu beynəlxalq birlik yox, Azərbaycan hökümətinin özü verib və onu ləğv etdiyinə görə də heç bir beynəlxalq məsuliyyət daşımır. İndi Azərbaycanın bu ərazisi niyə beynəlxalq birliyin danışıq mövzusu olmalıdır?

Digər tərəfdən, Azərbaycan Konstitusiyasında DQ-ın nə inzibati və nə də siyasi vahid kimi adı getmir və bu cür çağırışlar Azərbaycan Konstitusiyasına da ziddir. Bunun da altını çizmək lazımdır.

İndi ABŞ və Fransanın bu çağırışı Məşədi İbad filmindəki hambalın davasına bənzəyir. O, yalnız mənim bir abbasım hara getdi deyirdi, bunlar da mənim statusum hara getdi deyir? Məgər statusla bağlı razılıq olub ki,onu da Azərbaycan pozmuş ola? Və ya pozduğuna görə yenidən müzakirəyə çıxara.Yoxsa, Laçın koridoru haqqında razılıq var idi?  Sizin, Həmsədrlərin, öz qərarınız belə idi ki, əgər danışıqlar zamanı bir məsələ barədə razılıq yoxsa, demək heç bir məsələ üzrə razılıq yoxdur. 28 ildə heç bir razılıq olmayıb. Bütün bunlar sizin “sülh prosesinizin” mövzusu idi.   Ermənilər sizin “sülh prosesi” ilə torpaqlardan çıxsaydılar, bütün bunların hamısı olacaqdı, status da olacaqdı, dəhliz də. Əksinə, Ermənistan “Qarabağ Ermənistandır”  deyərək müharibə yolunu seçərək məğlub oldu və ordusu kimi arzu elədiyi statusu da məhv oldu. Bəs ermənilər qalib gəlsəydi nə deyəcəkdiniz?  Getsin indi də Antoni Blinken 28 il statusdan danışsın, Azərbaycan üçün status məsələsi bitmişdir.  Qarabağ ermənilərinin statusu Azərbaycan vətəndaşlarının statusu ilə eyni olacaqdır. Yoxsa Blinken bu cür statusa etiraz edir? O zaman Prezident Yeltsinin 1997-ci ildə dediyi kimi qoy Amerika Birləşmiş Ştatlarının statusunu onlara versin.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button