Now Reading:
APA-nı kim, niyə bağladı?

Ölkə mətbuatı yenidən dizayn olunacaq və bu dizaynda Əli Həsənov olmayacaq

Ölkə gündəmində son illərin ən səs-küylü hadisəsi baş verdi:Azəri-Press İnformasiya (APA) Agentliyi bir neçə dəqiqə ərzində qapadıldı.

Məsələyə rəsmi və ya qeyri-rəsmi heç bir açıqlama verilməsə də, məlumatlı şəxslər tərəfindən kifayət qədər ciddi arqumentlər səsləndirildi. Bu arqumentləri sadalamadan əvvəl APA-nın kimin qəzəbinə tuş gəldiyini aydınlaşdırmaqda fayda var.

Əvvəla onu qeyd edək ki, APA kimi bir qurumun qapadılması eynən təkrarı olan DAY.AZ saytının qapadılmasında olduğu kimi birbaşa ölkə başçısının iradəsi ilə baş verə bilər və bu məqamın inkarı qəbul edilməzdir.

Lakin “APA kimin qəzəbinə tuş gəlib” sualının cavabı yuxarıdakı izahatda cavabını tapmır. Məlumdur ki, uzun illər ölkə mətbuatının üzərində söz sahibliyi uğrunda Əli Həsənov və “Paşayevlər klanı” arasında qarşılıqlı anlayışsız mübarizə gedirdi. Hətta son illər Əli Həsənovun bütün mətbu qurumlara tam nəzarəti əlində cəmləməsini onun böyük qələbəsi kimi təqdim edənlər və Həsənovun böyük zəfərinin çətiri altında bayram edənlər də az deyildi.

O da məlumdur ki, təşəbbüskarı və maliyyə qaynağı dolayısıyla Kəmaləddin Heydərov olan Qafqazın mətbu nəhənglərindən sayılan APA-nın siyasi xəttini Əli Həsənov müəyyən edir, birbaşa ölkənin idarə olunan ən böyük mətbu orqanlarında baş verə biləcək bütün nöqsanlara görə cavabdehlik daşıyırdı. APA ölkə başçısının çıxışında səsləndirmədiyi ifadəni yaymaqla bağışlanması mümkün olmayan yanlış edib. Bunu biz yox, uzun illər adı “Paşayevlər klanı” ilə eyni cümlədə hallandırılan “Turan” İA-nın rəhbəri Mehman Əliyev deyib.

O həmçinin bildirib ki, Ermənistandakı yeni hakimiyyət və ona yaxın partiyalar son zamanlar müsbət impulslar göndərir.
Sitat: “Ətraf rayonların azad olunması ilə bağlı çıxışlar edirlər. Münaqişənin səbəbkarlarını istintaqa çağırır, həbs edirlər. Məsələn, sabiq prezident Robert Köçəryan həbs olundu, başqa birisi isə gizlənir. Belə bir məqamda İlham Əliyev tərəfindən “Ermənistanı çökdürəcəyik” açıqlaması təxribat idi. Güman ki, prezident də bunu təxribat hesab edib və qəzəblənərək saytların qapadılmasına göstəriş verib”.

Diqqət etdinizsə, Mehman Əliyev qurduğu cümlənin güman hissəsində hadisənin təxribat olduğuna qənaət gətirən şəxsin İlham Əliyev olduğunu və saytların da birbaşa onun göstərişiylə bağlandığını aşkar iddia edir. Başqa sözlə, Mehman Əliyev keçmiş tələbə yoldaşı və yeni düşməni Əli Həsənovun nəzarət etdiyi və yaxud da edə bilmədiyi informasiya agentliyində təxribat törədildiyini bəyan edir.
Mehman Əliyev təxribat hesab etdiyi bu hadisəyə görə konkret cavabdeh şəxsin Əli Həsənov olduğunu hamıdan yaxşı bilənlərdən biridir.

APA-nın nöqsanını bağışlamaq olardımı?

Əslində, APA uzun illər hakimiyyətə bütün mənalarda yaxşı xidmət edən mətbu rupor olub. Bu mənada onun xidmətləri nəzərə alınaraq nöqsanını bağışlamaq mümkün idi. Əgər son aylarda baş verən sabotajlar olmasaydı…
Bu yerdə onu vurğulayaq ki, cənab Mehman Əliyev mətbuata açıqlamasında APA-nın bağlanılması məsələsində önəmli mənzərəni tam təsvir edən mesajlar verib. Görünən budur ki, Ermənistanda baş verən son hakimiyyət dəyişikliyi fonunda ilk dəfə adı Qarabağ savaşında terrorçu kimi hallanmayan Paşinyan hakimiyyətə gəlib. Gəldiyi günlərdən fərqli olaraq son günlərdə sülhməramlı açıqlamaları və çağırışları ilə münaqişənin həllinə töhvə verə biləcəyini ortaya qoyub.

Belə qənanət yaranır ki, bu sülhpərvərliyi Paşinyanın missiyasına çevirən və Qarabağ münaqişəsinin həllini zəruri hesab edən hansısa maraqlı xarici qüvvə var. O da məlumdur ki, Qarabağ münaqişəsində qismən sülhün mümkünlüyü variantı Rusiya üçün Ermənistan və Gürcüstandan sonra Azərbaycanı da birdəfəlik itirmək təhlükəsidir. Məhz bu təhlükənin fərqinə varan Rusiya regionda sülhün bərqərar olmaması üçün mümkün olan bütün vasitələrə əl atmaqdan çəkinməyəcək. Bu mənada ölkənin enerji məsələsində yaranan böhran və onun ardından səsləndirilər “erməni təxribatı” iddiası, daha sonra “Alov Qüllələri”ndə peyda olan Ermənistan bayrağı, bunun ardından Gəncə olayları sıradan texniki nasazlıq yox, Rusiyanın yaranmış münbit vəziyyətə müdaxiləsi kimi yozula bilər.

Bu siyahıya “Milyarderlər İttifaqı” tərəfindən “My Armenia” oxuyan Zaranın Bakıya göndərilməsini də əlavə etmək olar.
Məhz bu ərəfədə ölkə başçısının məlum çıxışının təhrif edilməsi sülh danışıqları üçün təhlükəli hesab edilə bilərdi ki, belə də oldu. Nəzərə alsaq ki, protokoldankənar anlaşmaya görə, ölkə başçısının bütün danışıqları Prezidentin mətbuat xidməti tərəfindən hazırlanıb servis edildikdən sonra agentliklər tərəfindən yayımlanırdı, bu zaman məsələ bir qədər də ciddiləşir. Çünki məlum çıxış Prezidentin Mətbuat Xidməti tərəfindən yayımlanmayıb və bizdə olan məlumata görə APA bu məlumatı yaymasaydı məlum çıxış işıq üzü görməyəcəkdi. Yəni APA tarixində ilk dəfə özfəaliyyətlə məşğul olub və sülh danışıqlarına zərbə vura biləcəyi ehtimal olunan ifadəni tirajlayıb. Bundan sonra yayımlanan üzrxahlıq isə nəticəyə təsir edə bilməzdi.


Məhz yuxarıda sadaladığımız məqamlar diqqətə alındıqda, APA-nın illərlə göstərdiyi xidmətləri nəzərə alınmadan qapadılması siyasi baxımdan zərurətə çevrilirdi.

Bu məqamda cavabını yaxın günlərdə tapmayacaq bir sual meydana çıxır – APA nədən xəbərin tirajlanması üçün tələsmişdi və bu xəbəri tirajlamaq üçün kimdənsə tapşırıq gəlmişdimi? Əgər sualın cavabı müsbətdirsə, o zaman həmin şəxsin kimliyinın deşifrə olması və vəzifəsinin əlindən alınması da an məsələsidir.

Ölkə başçısı İlham Əliyevin verdiyi məlum qərarla birlikdə həm də, Əli Həsənovun mətbu hegemoniya dönəmi qapanmış oldu. Artıq cənab Həsənov ölkənin mətbu sferasına təkbaşına nəzarət edə bilməyəcək qədər çarəsiz durumla üz-üzədir. O, uzun müddət qazandığı qələbələrin hamısnı uduzdu.

İndi ölkə mətbuatı yenidən dizayn olunacaq və bu dizaynda Əli Həsənov olmayacaq.

P.S. Yazı hazırlanan ərəfədə “Turan” İA-nın saytında APA holdinqə daxil olan saytların 03.08.2018-ci il tarixdə saat 15:00-da fəaliyyətini bərpa edə biləcəyini yazıb. Bunu ardından APA rəhbəri Vüsalə Mahirqızı da facebook profilindən saytları özlərinin bağladığını, araşdırma aparıldığını qeyd edib. Bütün bunlar deməyə əsas verir ki, APA fəaliyyətini bərpa edəcək, lakin bu məqam yuxarıda sadaladığımız həqiqətləri dəyişmir.

24saat.org
Qurdqanlı

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.