2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Apellyasiya məhkəməsindən Mehman Hüseynovla bağlı QƏRAR

Cəzaçəkmə müəssisəinin nümayəndəsi deyib ki, Mehman abadlıq işlərində iştirak etmir

“14 saylı cəzaçəkmə müəssisəsi barədə deyirlər ki, “Mozambik oradan yaxşıdır”. İşdi, birdən orada kol əksən, ağac böyüsə, dilə gəlib deyər ki, məni niyə burada əkmisiz? Ora ancaq daşlıq və tozanaqdı”, – bloqqer Mehman Hüseynov saxlandığı müəssisədə abadlıq işlərində iştirak etməməsi barədə deyilənlərə münasibət bildirərkən söyləyib.

Oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində bloqqerin vaxtından əvvəl azadlığa buraxılması məsələsiylə bağlı şikayətinə baxılıb. Apellyasiya şikayəti onun bu barədə ərizəsinə “yox” deyən Qaradağ Rayon Məhkəməsinin qərarından verilib.

“Adamın səsi yoxdursa, zorla oxumalıdır?”

Saytların yığılması Saytlarin yigilmasi

Vəkili Fuad Ağayev deyir ki, Mehmana verilmiş 2 illik cəzanın başa çatmasına 4 ay 20 gün vaxt qalıb. Müdafiəçi bildirir ki, Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmaq hüququ təmin edilməlidir, bunun üçün kifayət qədər əsaslar var: “Hələ mən ondan danışmıram ki, Mehmanın haqqındakı hökm ədalətsizdir, əsassızdır. Onun ittiham olunduğu əməl ağır cinayət deyil. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun haqqında intizam tənbehi olmayıb. Həbsdə olduğu zaman anasını itirib, yaşlı atası tamamilə tək qalıb. Çünki Mehmanın bir qardaşı ölkədən kənardadır, biri də Naxçıvanda hərbi xidmətdə”.

Vəkil 14 saylı cəzaçəkmə müəssisəsinin Mehman Hüseynov haqqında verdiyi rəydən də danışıb. Deyib ki, adama özünü təqsirli hesab etməməsinə, müəssisədəki özfəaliyyət dərnəyində iştirak etməməsinə görə mənfi rəy verib onun azadlığa çıxmasına əngəl olmaq absurddur:

“Bu adamın səsi yoxdursa, zorla xorda oxumalıdır? Bu nə yanaşmadır?!”

Mehman Hüseynov da bildirib ki, məhz anasının ölümündən sonra atasının tək qalmasına görə vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə ərizə verib. Hakim ondan məhkəməyə ərizəsində yazdığı “heç bir cinayət törətmədiyim halda, 1 il 8 aydır, həbsdəyəm” cümləsini təsdiqləyib-təsdiqləmədiyini soruşub. Bloqqerin cavabı belə olub: “Mən bu gün də hesab edirəm ki, sifarişlə həbs olunmuşam. Səbəb də mənim jurnalist fəaliyyətimdir. Bunun qarşısını almaq üçün məni həbsxanaya salıblar”.

“Abadlıq işlərində iştirak etmir”

14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işlərinin təşkili üzrə inspektoru Elgiz Murquzov isə əksinə, Mehmanın vaxtından əvvəl buraxılmasını məqsədəuyğun saymadıqlarını söyləyib. Fikrini də belə əsaslandırıb: “Məhkumun haqqında intizam tənbehinin olmaması o demək deyil ki, o, vaxtından əvvəl buraxılmalıdır. Mehman Hüseynovun təhsilə münasibəti müsbət olsa da, əməyə münasibəti qənaətbəxş deyil. Müəssisədə abadlıq işlərində iştirak eləmir. 2017-ci ildə onun haqqındakı illik xasiyyətnamə də mənfi olub”.

Bloqqer və vəkili müəssisənin nümayəndəsinin söylədiklərinə etiraz edib. Mehman Hüseynov deyir ki, cəzaçəkmə müəssisəsində istər məhkumlarla, istərsə də əməkdaşlarla münasibəti yaxşıdır:

“Orada dərdli insanlar çoxdur. Kimsə gəlib hansısa məsələ ilə bağlı məsləhət istəyəndə, nəsə soruşanda, on dəqiqədən sonra rəhbərlik çağırır ki, ona niyə yol göstərirsən? Mən də bu cür problemlərdən qaçmaq üçün ümumiyyətlə, ayrı dayanıram”.

Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası beş dəqiqəlik müşavirədən sonra şikayətin təmin olunmadığını, Qaradağ Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib. Həmin qərarda da cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülərək, bloqqeri vaxtından əvvəl azadlığa buraxmaqdan imtina olunmuşdu.

“Cəzaçəkmə müəssisəsinə əhəng alıb aparmışıq”

Vəkil Fuad Ağayev AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Bloqqerin atası Rafiq Hüseynov da AzadlıqRadiosu-na deyir ki, oğlunun müəssisədə abadlıq işlərində iştirak etməməsi barədə deyilənlər yalandır:

“Anasıyla yanına gedəndə bizi yoldan qaytarmışdı ki, müəssisə üçün əhəng alıb aparaq. Altı kisə əhəng apardıq. Mehmanın heç bir günahı yoxdur. Haqq öz yerini tapacaq. Mehman azadlıqda olmalıdır, orada yatası oğul deyil. O, bu cəmiyyətə lazımdır”.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Bloqqer həbsindən iki ay öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb. Sonradan bir daha bu işə baxan Ali Məhkəmə bu dəfə apellyasiya məhkəməsinin qərarını haqlı sayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Ancaq hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button