Now Reading:
Aqil Abbas: “Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün”

“Bakıda 20 min ağdamlı var, niyə gəlmirsiniz futbola, qardaş?”

“Dədə, hardasan? Gəl, nəşriyyatın qabağına, mən də düşürəm”. Növbəti zəngində elə mən də “Azərbaycan” nəşriyyatına yetişməkdəydim. 1998-ci ildə məhz bu ünvanda – onunla ilk görüşümüz isə mən hərbi xidmətdəykən olmuşdu – görüşmüşdük. Oradan-buradan danışıb dərdləşmişdik, sonra da jurnalistika sahəsində çalışmağım üçün “Ədalət” qəzetinə dəvət almışdım…

Elə bu düşüncələrdəykən həmsöhbətim – Milli Məclisin deputatı, “Ədalət” qəzetinin sahibi Aqil Abbas qapıda göründü. Salamlaşan kimi “Mehman gəlsə, söhbətimizə mane olmaz ki?” “Qətiyyən” deyəndə zəng edir dostuna. Dəyərli qələm adamlarından olan, amma xeyli müddətdir mediada görünməyən Mehman Cavadoğlu ilə görüşüb, onun sayəsində Badamdara – mənzilbaşına yetişirik. Kəklikotulu çay gələnədək “vaxtı itirməyək” deyib, söhbətimizə başlayırıq:

– Aqil bəy, görüşümüz bazar günü olmalıydı, leysan yağış imkan vermədi. Amma siz o leysanda “Qarabağ”-“Səbayel” oyununa baxmağa getdiniz. Bu, futbol sevgisidir, yoxsa…

– Sənə bir şey deyim. Mənim ən çox incidiyim nədir? Xüsusən öz qarabağlılarıma, o cümlədən qəbələlilərə deyirəm: qardaş, çıxırıq “”Qarabağ!” olsun!” Sən “Qarabağ” çığırırsan, amma “Qarabağ”ın oyununa gəlmirsən. Düzdür, “Qarabağ”-“Atletiko” oyununa 67 min azarkeş gəlir, ya “Çelsi”nin. Deməli, onların heç biri “Qarabağ”ın azarkeşi deyil. Onlar gəlmişdilər “Çelsi”, “Atletiko”, “Roma”nın oyununa baxmağa. Yaxşı, bu gün “Qarabağ” oynayanda niyə gəlmirsən?! Deməli, görüntü yaradırsan. Bu, məni əsəbləşdirir, dədə! Olmaz belə! Əgər sən Bakıda 4 milyon adam yaşayır, əgər bunun 5 mini futbola gəlmirsə, Azərbaycan futbolu olmayacaq. Heç vaxt olmayacaq! Yaxud Bakıda heç olmasa 20 min ağdamlı var… Hər şeyi atdım qırağa ha, öz ağdamlılarımı günahkar sayıram. 20 min ağdamlı var, niyə gəlmirsiniz futbola, qardaş?! Hə?

– Deyəcəklər bu qədər dərd-sərimiz var, futbol vaxtıdır?

– (Əsəbi halda) Hansı dərdləri? Domino, şahmat oynayanda dərd çıxır yaddan? Dərdimiz var, o cümlədən biri mən-ev-eşiyi yanan. O nə deməkdir, “dərdimiz var, problemimiz var”. Əlində min dollarlıq telefon gəzdirirsən. Problemin varsa… Bax, mənim telefonum 60 manat olmaz. 6 ildir işlədirəm (köhnə, heç kamerası belə olmayan telefonu göstərir-E.P.)

– Yəni başqa telefonunuz yoxdur?

– Yoxdur. Pulum da var. Neynirəm ki? Telefon onunçündür ki, “Mehman, nə təhərsən? Gəl, filan yerə. Ya Elşad, salaməleyküm”. Futboldan danışırdıq, niyə gəlmirsən futbola? Bazar günü futbolda olanda, orda fanatlar var: “Ordu Qarabağ”, “Allahverdi Qarabağ” da deyilir, “Qarabağ boys” (boys-oğlanlar), “İmarət Qarabağ”. Hamısı cavan uşaqlar. Qışqırırlar orda. Allahverdi Bağırovu sevirsən, onun yaratdığı komandanın oyununa niyə gəlmirsən, qardaş, onu mənə de, görüm! Sənin Allahverdiyə, Qarabağa hörmətin budur? Gəl də! Niyə “Neftçi”nin, “Sumqayıt”ın oyununa gəlmirsən? Bayılın ortasında futbol gedir, 100 azarkeş gəlir “Səbayel”in oyununa. Məhəllənin içi, özü də pulsuzdur, niyə gəlmirsən? Əgər futbola azarkeş gəlmirsə, elə bil teatr göstərirlər, zalda da tamaşaçı yoxdur. O halda aktyor oynaya bilərmi? Oynamaz!

– Oyunu haradan izlədiniz, VİP-dən?

– Mən gedib tamaşaçılarla 20-25 dəqiqə birgə izlədim. Amma ordan meydan tam görünmürdü. Özü də heç kəsə deməmiş getmişdim. Sonra “Qarabağ”ın rəhbərliyi bildi ki, mən ordayam, dedilər “VİP-ə gəl”. Getdim, ordan daha gözəl görünürdü.

– “Qarabağ” Çempionlar Liqasındakı uğurunu təkrarlaya biləcək?

“Dədəm şərab zavodunun direktoru işləmişdi, amma içkiyə nifrət edirdi”
– Biləcək. Azərbaycanda, dədə, futbol qurtarıb. Qalıb “Qəbələ”, “Neftçi”, bir də “Zirə” ilə “Sumqayıt” kimi cavan komandalar. “Səbayel” də gözəl oynadı. Amma onlar çempionluq uğrunda oynayan komanda deyil, milli komandaya futbolçu yetişdirmək üçündür.

– Azərbaycan üçün cəmi 8 komanda az deyilmi?

– Biabırçılıqdır! Ən azı 16 komanda olmalıdır.

– Səbəb nədir, pulsuzluqmu?

– Yox. Allaha şükür, o qədər pulumuz var ki, heç xərcləyib qurtara bilmirik. Bunun səbəbi AFFA-nın düzgün siyasət yeritməməsidir. Mən futbolu bilirəm də, prezidenti də, fəxri-prezidenti də olmuşam. 1993-dən üzü bəri, “Azərsun”a keçənə qədər.

– İndi niyə AFFA-da təmsil olunmursunuz?

– AFFA məni çox istəyir. Rövnəq müəllimlə çox ciddi söhbətlərimiz olub. O, çox istəyir k, futbol inkişaf etsin, pul da buraxır. Siz bilmirsiniz, “Səbayel”i də, “Sumqayıt”ı da, “Zirə”ni də, “Keşlə”ni də saxlayan SOCAR-dır. “Qəbələ” ilə “Qarabağ”dan başqa. Amma bu gedişlə futbolda inkişaf olmayacaq, dədə. Niyə? Əgər Ağdam, Ağcabədi, Yevlaxda futbol yoxdursa, futbol inkişaf edə bilməz. Azərbaycan Çempionatına Tovuzun “Turan”ı çıxmalı idi, amma çıxmadı. Tovuzda ömrü boyu futbol olub ha… Orda 100 ildir futbol var. Gəldi “Səbayel” çıxdı. Onların pulu olmadı çıxmağa. Mən də o vaxt yazdım ki, olmayan Ağdam “Qarabağ”ı saxladı, olan Tovuz komandasını saxlaya bilmədi. Tovuzda 100 dənə milyoner var, niyə komandanı saxlamadılar? Futboldan danışdıqsa, bir şey də deyim. O gün baxıram ki, “Neftçi”nin prezidentini çıxarıb göndəriblər “Sumqayıt”a, onun prezidentini də “Neftçi”yə göndəriblər. Dünyada belə bir şey yoxdu e, dədə! Bütün dünyada bu məsələləri klubun üzvlərinin seçdiyi rəhbərlik həll edir. Hətta Ərdoğan nə qədər çalışdısa, “Fənərbaxça”nın prezidentini işdən çıxartdıra bilmədi, çünki onu klub seçib, sən kimsən, məni işdən çıxardırsan? Klub seçir. Deməli, bizdə klub yox, komandadır.

– Aqil bəy, futboldan çox danışmayaq, oxucu elə bilər ki, bizim elə dərd-sərimiz futbolla bağlıdır. Sizin “Qiyamət gecəsi” povestinizi oxudum. Öz həyatınızdan yazmışınız…

– Özüməm. Adımı da yazmışam. Atamın da, qardaşımın da, dostlarımın da adını yazmışam.

– Həmin əsəri oxuyanda bir anlıq düşündüm bunu yazan insan çətin ki, ürəkdən gülsün. İndi də sizinlə söhbətdə mənə elə gəldi ki, siz qəhqəhə ilə güləndə də gözlərinizdəki kədəri gizlədə bilmirsiniz. Müşahidəmdə yanılmıram ki?

– Yox. Hadisələrdən sonra belə olmuşam. Azərbaycanda mənim ən yaxın dostum Mehman Cavadoğludur, bir də Rəşad Məcid. Onlar şahiddirlər. Mən çox şən adamam. 1988-ci ildən bəri mənimlə birgə Ağdama səfərlərimdə Mehmanla Rəşad olub və mənim nə çəkdiyimi onlar bilir. Bir gün onlardan soruşun ki, Aqil müharibə başlayandan nələr çəkib? Ondan sonra saçlarım sürətlə ağardı, hətta dişlərim də töküldü. Ağzımda bir dənə öz dişim yoxdur. Dişlərimin dördünü əsəbdən əlimlə qırmışdım, dördünü də dişimi qıcayıb qırmışdım. Döyüşün altındasan axı…

– Povestdə öz kəndinin qəbiristanlığında dəfn olunmaq arzusundan bəhs olunur, olduqca təsirlidir. Yaşamaq yox, kəndində dəfn olunmaq arzusundan söhbət gedir…

– O əsərdə bir şey var. Deyir bir sağlıq dedim, düşdülər üstümə, “səni Ağdamda dəfn eləyim!” Mən onu öz dayıma demişdim. Dayımın 70 yaşı idi, ad günündə hamı durur ki, “Yüz yaşa! Min yaşa!” Söz verildi mənə… Əslində ad günü keçirdən mənəm də, pis çıxmasın, “şot”u da mən verəcəm. Mən də dedim, ay dayı, sənə nə arzulayım? Dayı, sənə qurban olum, səni Ağdamda öləsən! Ağdamda sənin üstündə ağlayım, dayı! Dayı, səni Ağdamda çiynimə alım, Ağdama, Qarağacıya aparım, orada qəbir qazdırım, səni orda basdırım, dayı!

– Həmin ad günü nə vaxt olub?

– Dayım 20 ildir rəhmətə gedib. Hə… Dedim, dayı, bundan yüksək sənə nə arzulayım? Sənin üstündə Quran oxudum, Qarağacıda… Məclisdəki dayım oğlanları, o biri dayılarım hamısı qalxdı üstümə, məni söydülər ki, “tərbiyəsiz, bu nə sağlıqdır deyirsən?” Dedim, yaxşı… Oturdum yerimdə, dayımı budey Badamdarda basdırmışıq, qəbrinin üstünə məndən başqa gedən də yoxdur, çünki evimə yaxındır. Yəni mən dediyim oldu. Amma mən ona bunu arzulamamışdım axı.

– Bir dəfə oxumuşdum: Ağdamdan köçkün düşən uzunömürlü nənəyə nəvəsi gəlib ki, “bilirsən nə olub?” Ağbirçək tez qayıdıb ki, “Ağdam qayıdıb?”

– “Dolu”dan olmuş bir əhvalatı deyim. Türkiyə bir dəfə çempionatda 3-cü yeri tutdu axı… Pələngin anası yerdə xəstə yatır, görür çöldə bayramdır, top atan, fişəng atan kim. Tez yüyürür çölə ki, “nə oldu, Qarabağı qaytardılar?” Deyirlər, yox e, Türkiyə üçüncü yeri tutub. Qayıdır ki, Allah başınıza daş salsın! Qarabağdan ən çox tədqiqat işi aparan jurnalist Vasif Quliyevin bibisi Qəmər… Xan əminin yazdığı mahnı var: “Ay Qəmərim, Qəmərim, gözəl Qəmərim, Qəmərim…” Vasifin bibiləri qəşəng olub, onlara da mahnılar qoşublar. Biri də Qərənfil bibisidir, ona da mahnı qoşulub. Qəməri mən görmüşdüm, dünya gözəliydi. Şuşa işğal olunanda 90 yaşı olardı. Hamı Şuşadan çıxır. Vasifgil də hörmətli nəsildir, oğlanları nə qədər edir, Qəməri çıxarda bilməyib. Benzin qabını götürüb əlinə ki, yaxın dursanız, üstümə töküb yandıracağam. A bala, mən indən belə hara gedim? Vasif Quliyevin bibisi Qəmər çıxmadı, qaldı Şuşada. Təbii ki, ermənilər öldürdülər…

– Dəhşətli faktdır. Aqil bəy, ötən ilin statistikasına görə, ölüm hallarının 57,8 faizi ürəkdəndir. Bəlkə elə ölkədəki qəfil ölümlərin əsas səbəbi Qarabağsızlığımızdır? Bu ölümlərdə Qarabağsızlığın çəkisi nə qədərdir?

– Elə o qədər! Nə qədər qarabağlı ölürsə, demək olar ki, onun 90 faizi ürəkdən ölür.

– Təkcə qarabağlılarmı?

– Mən özümünkündən danışıram. Sənə bir şey deyim. Mənim atamı Mehman çox gözəl tanıyır. Ömür boyu xəstələnməmişdi. Bütün günü də meyvə yeyərdi, xüsusən də alma xoşlardı, özü də qızıləhmədi almasını çox sevərdi. Bizim bina evlərində yaşamırdı, həyət evi istəmişdi, almışdıq. İki otaqlı evinin qabağında da balaca bir bağça var idi. Atam çıxıb orda nərdtaxta oynayardı. Ölən günü də nərd oynayırmış, qəşəng də oynayırdı. Sonra durub bir cavan oğlana deyib ki, sənin oyunundan xoşum gəlir, gəl, sən oyna! Duranda son dediyi söz bu olub: “Nə oldu ə, bu türklər, bə gələcəydilər?” Deyib və ironiya ilə gülüb. Hamımız deyirdik türklər gəlib bizi xilas edəcək axı… 71 yaşlı, heç bir xəstəliyi olmayan bir kişi yıxıldı, öldü. 1998-ci ildə… Hamı təəccüb içindəydi ki, bu kişiyə nə oldu? Heç qrip də olmamışdı. Bir də içki içməzdi. İçki içənlərə də nifrət edərdi.

– Amma siz içirdiniz…

– Bilirdi içdiyimi. Özü də mənim dədəm şərab zavodunun direktoru işləmişdi. Amma içkiyə nifrət edirdi. Nə Ağdamdakı, nə də Ağcabədidəki – Bayatdakı evimizin həyətinə içki buraxmırdı. Toyumu da küçədə eləmişdi ki, kim istəyir, getsin, zəhərlənsin. Niyə öldü mənim atam?

– Qarabağsızlığa görə?

– Ona görə. Gözlədilər 1 il, 2 il, 3, 5 il, türklər gələcək-6 il, ürəyi partladı, öldü… Mənim həmişə dediyim bir söz var: bir yası düşənlər var, bir yasa gələnlər. Yasa gələn yasdan çıxandan sonra – içi mən qarışıq – gedib bir yerdə araq içirik ki, yasdan çıxaq. Ordan çıxıb gedirik evimizə. Yası düşən onu ömür boyu çəkir. 40 gün nağddır, bu, heç… Anarın yaxşı bir sözü var, deyir yası düşənin yası 40-dan sonra başlayır. Çünki o gəlir, bu gəlir, hamı ürək-dirək, sonra hamı çıxıb gedir, qalır öz dərdi ilə baş-başa. Dədə, qarabağlılar yası düşənlərdir, mənim ən yaxın dostum Mehman Cavadoğlu yasa gələndir… bildinmi? Mehmanın xətrinə dəyməsin, ümumiyyətlə deyirəm… Nə qədər deyirsən, gülürsən ha, içində o qalır. Demirəm ağdamlılar, füzulililər, ya şuşalılar bütün günü ağlaşma qurublar. Qurmayıblar, araq da içirlər, toya da gedirlər, deyib-gülürlər də. Amma nə eləsələr də gözlərinin içi gülmür. Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün. Gülmür…

(davamı gələn sayımızda)
cumhuriyyet.net

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.