Loading...
Loading...
SEÇMƏ

Arayik Arutyunyan Laçını tərk etməyi təklif edib

Yayımlandı: 1 İyul 2022 23:30

Siyasi şərhçi: “Arutyunyanın ağaları Yerevanda yox, Moskvada oturub”

Özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyan deyib ki, ermənilər Berdzoru (Laçının mərkəzi) tərk etməlidir.

O, ermənilərin Laçında yaşamaq imkanlarının məhdud olduğunu düşünür.

İyunun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verərək bildirib ki, yeni nəqliyyat marşrutunun tikintisi başa çatandan sonra Laçının Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək.

Açıqlamadan görünür ki, Paşinyanla Arutyunyanın fikirləri fərqlidir.

“Biz Berdzordan yan keçməliyik. Soydaşlarımızın gələcəkdə burada yaşamaq imkanlarının az olduğunu görürəm. Aqavnoya (Zabux) gəlincə, Azərbaycan hakimiyyəti danışıqları davam etdirir. Burada mübarizəmizi davam etdirəcəyik”, – deyə Arayik Arutyunyan bildirib.

Nikol Paşinyan isə “Berdzor, Aqavno və Sus qəsəbələrinin taleyi necə olacaq?” – sualına belə cavab verib:

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarına daxil olmayan həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Biz Berdzor (Laçının mərkəzi) sakinlərinin problemini hökumətin qərarları ilə həll edirik. Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır. Aqavno (Zabux kəndi) kəndinin sakinlərinin problemləri isə öz vəsaitləri hesabına həll olunacaq. Sus kəndinin taleyinə gəlincə, bu barədə məndə heç bir məlumat yoxdur”.

Siyasi şərhçi İlqar Vəlizadə Paşinyanla Arutyunyanın açıqlamalarındakı təzadı Meydan TV-yə belə şərh edib:

“Bu ziddiyyət Arutyunyanın ağalarının Yerevanda yox, Moskvada oturduğunu göstərir. Həmin ağalar daha çox Rusiyada erməni diasporasının aparıcı üzvləri və onların ətrafındakı siyasi dairələrdir. Separatçılara da mahnını Paşinyan deyil, onlar sifariş verir. Bəzən Yerevan separatçıları vahid kursdan çıxış etmək üçün danışıqlara çağırsa da, belə təzadlar yaranır”.

Onun fikincə, Arutyunyanın açıqlaması daxili auditoriyaya da hesablana bilər:

“Bəlkə, yerevandakılara mesaj verə bilər ki, fərqli addımlar ata bilərlər. Halbuki Qarabağdakı separatçılar heç nəyi həll etməyən adamlardır. Oxşar mənzərə Fərrux kəndində də yaranmışdı. Çıxmaq istəmirdilər, sonra sülhməramlılar gəlib məsələni həll etdilər”.

İlqar Vəlizadənin şəxsi arxivindən

İlqar Vəlizadə 2020-ci ilin noyabrında imzalanan üçtərəfli sazişi xatırladaraq deyib ki, sənədə görə, adları çəkilən yaşayış məntəqələri Azərbaycana təhvil verilməlidir:

“Bu prosesi Rusiya sülhməramlıları təmin etməlidir. Məsələ bilavasitə onların səlahiyyətindədir. Məncə, bu, Lavrovun Bakı səfırində müzakirə olunub”.

“Güman ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiya sülhməramlıları da məsələni müzakirə edib son qoyacaqlar. Yəni texniki məqamlar qalıb, söhbət postların yerinin dəyişməsindən gedir. Mən məsələnin hərb yoluyla aradan qaldırılacağını düşünmürəm, bunlar spekulyasiyalardır”, – deyə o bildirib.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Gözdən qaçırmayın:  Yoxsulluq: Almaniyada 16,6, Azərbaycanda 5.9 faiz?

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, ErmənistanRusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button