SEÇMƏ

Arayik Harutyunyan sülhməramlıların ailələrini Qarabağa gətirmək istəyir

Yayımlandı: 9 Dekabr 2022 14:41

Tofiq Zülfüqarov: “Harutyunyan Rusiya ilə Azərbaycanın münasibətini gərginləşdirməyə çalışır”

“”Dağlıq Qarabağ”ın prezidenti Arayik Harutyunyan 1500 sülhməramlının ailəsinin Rusiyadan bölgəyə köçürülməsi üçün əlindən gələni edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar. Bu məsələ ilə bağlı o, Rusiyanın ali orqanlarına müraciət edib və rus hərbçilərinin ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair təminat alıb”.

Bunu dekabrın 9-da Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzet daha sonra yazır ki, “Artsax”da təhlükəsizlik və sağ qalmaq üçün bütün ümidlərin Rusiya sülhməramlıları ilə bağlı olduğu heç kimə sirr deyil:

“Artsax xalqı dəfələrlə bəyan edib ki, rus əsgəri getsə, ermənilər də onunla birlikdə oranı tərk edəcək. Bu baxımdan sülhməramlıların Artsaxda uzun müddət və hərtərəfli məskunlaşmaları və buradan getmək barədə düşünməmələri lazımdır”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqar Meydan TV-yə deyib ki, Arayik Harutyunyanın bu addımı Rusiya ilə Azərbaycan arasında gərginliyin yaranmasına hesablanıb:

“Məqsəd odur ki, mühasirəyə düşmüş anklav görüntüsünü beynəlxalq miqyasa qaldırmaq istəyirlər. Bütün strateji xətt silsilə təxribatlara köklənib. Çünki separatçılara Azərbaycanın reinteqrasiya siyasəti sərf etmir”.

Zülfüqarov bildirib ki, Azərbaycanın istənilən vaxt sülhməramlıları bölgədən çıxarmaq imkanı var:

“Ancaq biz bundan sonra reinteqrasiya prosesini hansı şəkildə aparacağıq sualına cavab verməliyik. Ermənilər buna imkan verərlərmi? Təbii ki, onlar silsilə təxibatlara gedib məsələni Fransa vasitəsilə beynəlxalq səviyyəyə çıxarmağa çalışacaqlar. Beləliklə, sülhməramlı əməliyyatının mahiyyətini dəyişdirib sülhə məcburetmə əməliyyatına çevrmək istəyirlər. Bu vəziyyətdə Azərbaycanın suverenliyi qismən də olsa, BMT-nin xüsusi qətnaməsi ilə əlindən alına bilər. Hazırda ermənilərin məqsədi budur. İncə və mürəkkəb oyun gedir, ona görə dərin təhlillərə ehtiyac var”.

Tofiq Zülfüqarov, Foto: Axar.az

Sabiq nazir Azərbaycan ictimaiyyətinin sülhməramlılardan narazı olduğunu başadüşülən hesab edir:

“Bəli, bunlar bəllidir, amma dövlət qurumları da öz işlərini tədricən görürlər, yəni taktiki üslub maksimal şəkildə maraqlarımıza uyğundur. Söhbət qəti addımlara ehtiyacın olmamasından gedir. Çünki qəti addımlar separatçıların əlinə səbəb verə bilər. Bilirsiniz, mandatsız olan sülhməramlıları çıxartmaq Azərbaycan üçün daha asan olacaq, nəinki BMT-nin hansısa mandata malik digər qurumunu”.

“Siz Fransa Prezidenti Makronun ABŞ-dan qayıdandan sonrakı bəyanatlarına diqqət edin, bu açıqlamalar Rusiyanın maraqlarına cavab verir. Bununla da Paris Ankaranın Moskvaya qarşı istifadə etdiyi üslubunu tətbiq edir. Hazırda Fransaya Rusiya ilə tərəfdaşlıq əlaqəsi yaratmaq sərf edir, elə Moskva da buna meyillidir. Makron gizlətmədən dedi ki, Moskva ilə Kiyev arasında müvəqqəti sülh yaratmaq lazımdır. Ermənilər də məhz bu sahədə oynayırlar və Harutyunyanın bəyanatları onu göstərir ki, onlar Rusiya-Fransa oyununu bölgədə təmin etmək niyyəti güdürlər. Çox mürəkkəb oyun gedir, ona görə biz sülhməramlıların təhlükəsindən başqa digər məqamları da nəzərə almalıyıq”.

Gözdən qaçırmayın:  Keçmiş deputat nazirliyə müraciət etdi: “Kəlbəcərdə təbii abidə dağıdılır”

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı hələlik heç bir şərhləri yoxdur, amma gün ərzində açıqlama veriləcək.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button