2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Arif Əliyev: “Mediamız havaya buraxılmış ağzı açıq şarı xatırladır”

Milli mətbuat günü ərəfəsində mətbuatın durumu ilə bağlı silsilə müsahibələrimiz davam edir. Bu dəfə jurnalist, media məsələləri üzrə ekspert, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ASTNA-nın suallarına cavabında mətbuatın gününü dəyərləndirib.

Sual: Arif bəy, mətbuatımızın günü hansı durumdadır?

Cavab: Xaotik durumda. Biz postsovet dövründə mediamızın həyatını bir neçə mərhələyə bölmüşdük: formalaşma, inkişaf, durğunluq, böhran. İndi növbəti xaos mərhələsidir. Mediamız havaya buraxımış ağzı açıq şarı xatırladır: onun hərəkət trayektoriyasını ancaq izləmək olur, proqnozlaşdırmaq olmur.

Saytların yığılması Saytlarin yigilmasi

Sual: İllərdir mətbuatın günü niyə ağarmır?  Nədir buna mane olan? Və ya mətbuatın gününün ağarmasını Azərbaycanda kimlər istəmir?

Cavab: Mahiyyətcə, media dövlətdə hakimiyyət qollarından biridir. Onun qeyri-rəsmi statusu da belədir: “dördüncü hakimiyyət”. Bizim reallıqda isə o, çoxdandır icra hakimiyyətinin altıncı barmağına çevrilib. Hakimiyyət də bilmir, bu barmağı hara soxsun, necə tutsun ki, eybəcər görsənməsin. Əli Həsənovdan sonra ölkənin media siyasətinə – əgər buna “siyasət” demək mümkünsə – rəhbərlik əldən-ələ keçdi və keçməkdədir. İndi ortada azı üç əl birdən oynayır. Oynayır deyəndə ki, Krılovun məşhur təmsilindəki kimi, hərəsi bir tərəfə çəkir. Ona görə də illərdir yük ortalıqdadır. Xaos buradandır.   

Sual: Mətbuatın və ya jurnalistlərin özləri medianın vəziyyətinin yaxşılaşdırılmasına cəhd edirlərmi?

Cavab: 2008-ci ildən, Mətbuat Şurasının bədnam qurultayından saysaq, bir neçə belə get-gedə zəifləyən cəhd olub. Alınmayıb və jurnalistlərin öz hesabına yaxın zamanlarda alınacağına da inanmıram. Bir lətifədəki kimi: axı nəylə? Hansı güclə? Siz “jurnalistlər” deyəndə, vahid və həmrəy bir zümrəni nəzərdə tutursunuz. Düz də edirsiniz, çünki birlik yoxdursa, heç nə alınmaz. Yəni, dilçək yoxdursa, dil ancaq dad və isti-soyuq bilən səssiz ət parçasıdır. Mən “dad və isti-soyuq” kəlmələrini elə-belə işlətmədim. Hanı 20 il əvvəl haqsız incidilmiş, özü də xoşlamadıqları bir redaktora görə çiyin-çiyinə 3 gün tətil edən 42 redaktor? Bəzi istisnalarla yerlərindədirlər, amma gah səfərdə saçyoldusuna çıxırlar, gah siyasətçilərin kabinetlərində üz-üzə gəlirlər. Hər halda mübahisələrin predmeti “mətbuatın vəziyyətinin yaxşılaşdırılması yolları” deyil.      

Sual: İndi barmaqla sayılacaq müstəqil media və jurnalist qalıb. Digərləri demək olar ki, artıq taleyi ilə barışıb. Niyə onlar vəziyyətlə barışmalı oldular və ya onları buna nə (kim) vadar etdi?

Cavab: Sualınızın sonunda kimi nəzərdə tutduğunuzu təxmin edə bilərəm. O şəxs, yaxud şəxslər vəzifədən gedəndə ümidlər dirçəlmişdi, media sahəsində dərin islahatlardan söhbət gedirdi. Amma gördünüz ki, bir-iki nəfər heç nəyi həll etmir. Eyni ideyaları, eyni üsulları indi başqaları həyata keçirməyə çalışırlar. Düzdür, sistem əvvəlki kimi saz işləmir, ancaq cənab Həsənov da birdən-birə “media bossu”na çevrilməmişdi –  təcrübə vaxtla qazanılır. Mən görürdüm ki, ilk vaxtlar bu “başqaları” həqiqətən ciddi dəyişikliklər istəyirlər, konkret addımlar atırlar. Təəssüf ki, dayandılar, ya dayandırıldılar. İradə çatmadı, qeyri-müəyyənlik, nəzarəti itirmək təhlükəsi qarşısında qorxu qalib gəldi, dili “dada” alışmış redaktorlar ordusunun qəzəbindən ehtiyat etdilər.

Taleyi ilə barışanlara gəldikdə isə, mən bu ifadəni yerində hesab etmirəm. Getmək istəyənlər, ya buna məcbur edilənlər getdilər, bir qismi orada vicdanla işini davam etdirir, sözünü deyir. Digər qismi xarici təşkilatlarda dəyərini artırmaq üçün ölkədə qalanlardan donos yazır, internet kanallarda təhqirlər yağdırır, rəqiblərinə söyüş söyür. Və buna özlərinə qarşı törədilən ədalətsizliklərlə haqq qazandırır. Onların bu cəmiyyətə, mediamıza vurduğu ziyan heç də hakimiyyətin vurduğu ziyandan az deyil. Hansını qazısan, altından başqa maraq, oliqarx qruplarla əlaqə çıxır.

Ölkədə işləyən jurnaistlərin düşdüyü vəziyyət isə onların taleyi deyil. Tale adamın başına daş kimi düşür. Burada isə konkret insanların kərpic-kərpic ucaltdıqları divardan söhbət gedir. Bir kərpic hüdudsuz hakimiyyət və real müxalifətsizlikdir, ikincisi – legitim parlamentsizlikdir, üçüncüsü – ədalətli məhkəmə və qeyri-müstəqil vəkillər institutudur, dördüncüsü – fəal QHT-sizlikdir. Mən sizə jurnalistikanın dörd başlıca informasiya  mənbəyinin adını çəkdim. Həmin mənbələr qapanıbsa, ya işləmirsə, jurnalistika çurnalistikaya çevrilir. Yeri gəlmişkən, “çurnalistika” lağ-lağı söz deyil, ordan-burdan köçürmə, belə demək mümkünsə, “ikinci əl” jurnalistikadır və bu gün Azərbaycan mediasının minimum 90%-nə xas termindir. Təkrar da olsa, deyəcəyəm: KİV velosiped kimi bir şeydir, dayanmamalıdır, dayansa, yıxılacaq. Satış şəbəkələrinin darmadağın edildiyi, reklam bazarının çökdürüldüyü şəraitdə media ayaqda qalmaq üçün nə edəcək? Ya büdcə qazanına, ya da qazanın üstündə durmuş siyasətçinin cibinə düşəcək. Məntiq böyük qüvvədir. Ona qarşı gedənlər, məsələn, siz demiş, “barmaqla sayılan jurnalistlər” isə qəhrəmanlardır. Cəmiyyətin istənilən təbəqəsində, o cümlədən media mənsubları sırasında qəhrəmanların sayı 1-2%-dən artıq ola bilməz. Qalan 98%-i isə həyatın məntiqinə tabe olduqları üçün ittiham edə bilmərik. İstər media, istər qeyri-media – bütün sahələrdə belədir. Taleyi bura qatıb Tanrını pis işlərimizə şərik çıxartmayaq. Nədir, məntəqə-məntəqə gəzib qutulara saxta bülletenlər atan müəllimləri və həkimləri də “taleyi ilə barışanlar” adlandırmalıyıq?       

Sual: Azərbaycanda yeni MEDİA agentliyi yaradıldı. Mediaya yenə də inkişaf adı ilə pullar ayrıldı. Yeni qanun layihəsi hazırlanır. Sizcə, bunlar medianın vəziyyətinin yaxşılaşdırılmasına xidmət edirmi və ya edəcəkmi? İllərdir ki, medianın inkişaf etdiyinin deyil, əksinə daha da gerilədiyinin şahidi oluruq. Bəs hara gedir həmin o pullar? Niyə o pulları ayıranlar hesabatlılıq tələb etmir ki, bu milyonlarla hansı işlər görülüb və hansı müsbət nəticələr var? Olmaya vəziyyət onları qane edir? Bəlkə elə məqsəd də məhz budur?

Cavab: İki dənə də MEDİA təşkilatı yaradıb KİV-ə ayrılan pulları 4 dəfə artırmaq olar, 10 təzə, gözəl qanun hazırlaya bilərik. Gül kimi “İnformasiya azadlığı haqqında” qanunumuz var idi də. 2005-ci ildə qüvvəyə minəndə Avropada onu başqa ölkələrə misal çəkirdilər. Nə oldu, medianın vəziyyətini yaxşılaşdırmağa xidmət etdi? Hesablama palatamız da var. Məncə, pis işləmir. Hər halda, KİVDF-də yeyintiləri araşdırdı da, hesabatını hazırladı da, lap hökumət günahkar bildiyi adamlardan haqq-hesabını soruşdu da. Problemlərimiz bitdi, yoxsa yeniləri əlavə olundu? MEDİA agentliyi son müsabiqəsində internet resurslar arasında pul bölüşdürdü. Çap KİV-nə tətbiq edilib guya bizi yarıtmış “dəstək” forması indi də onlayn mediaya şamil olundu. Daha Əli Həsənovu çıxartmaq nəyə lazım idi? Onun ən böyük arzularından biri elə bu idi ki! İllərdir Mətbuat Şurası ilə bahəm yeni qanun və internet-mediaya pul ayırmaq zərurəti barədə danışırdı.

Sual: Siz nə təklif edərdiniz? Mətbuatın gününü ağartmaq üçün nə etmək lazımdır? Hansı addımlar atılmalıdır?

Cavab: Böyük mütəfəkkir Axundovun necə basdırılmaq istədiyini sağ ikən özündən soruşanda deyib ki, ölülərin əziyyətindən dirilərin necə xilas olacaqlarının ölülər üçün heç bir fərqi yoxdur. Bizdən təklif soruşanda, həmişə o səhnə gözümün önünə gəlir. Söhbət media təşkilatlarını hansı formada dövlət orqanından asılı vəziyyətdə saxlamaqdan gedirsə, bunun jurnalistika üçün elə də fərqi yoxdur. İnkişaf istəyiriksə, qabağa gedən yolu kəsmiş divarı sökməliyik. Mən “sökməliyik” dedim, uçurmalıyıq yox, çünki uçqunun altında kimlərin qalacağı hələ bəlli deyil. (Düzü, mənə bəllidir). O “divarın” özül “kərpicləri”ni əvvəlki suallardan birinə cavabımda sadaladım. Çətindir? Əlbəttə, ac KİV-ə pul və bayramqabağı sovqat paylamaqdan çətindir. Amma mümkündür. Yeri gəlmişkən, suallarınızdakı “mətbuatımızın günü”, “mediamızın günü” ifadələrində Jurnalistika Gününə bir işarə duyulur. Peşə bayramınız mübarək, jurnalistlər! Bayramın mübarək, millət! Mətbuat sənin Axundov, Zərdabi kimi “taleyi ilə barışmamış” qəhrəmanlarının əməyi ilə öz tarixində yaratdığın ən mükəmməl sosial institutundur! Onu qorumağın lazımdır. Bu bayram isə əlahiddə bayramdır. Jurnalistika günü qeyd olunmağa başlayandan bəri ilk dəfədir ki, biz onu azad edilmiş Şuşada da keçirə biləcəyik!  

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button