2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Arif Alışanov məhkəməyə təsir göstərir – İDDİA

Hakimlər “AzTV” sədrinin tutdurduğu adamların heç bir vəsatətini təmin etmirlər

Vəkillər hesab edirlər ki, məhkəmə dövlət televiziyası rəhbərini onun özündən yaxşı “müdafiə” edir

“Məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etmir və qərarda hansı səbəbdən təmin etmədiyini əsaslandırmır. Prosessual qanunvericiliyə görə prosesdə müdafiə tərəfi ilə ittiham tərəfi çəkişməli, məhkəmə sadəcə prosesi idarə edərək ədalətli qərar çıxarmalıdır. Ancaq biz müdafiə tərəfi olaraq, həm ittiham tərəfi ilə, həm də məhkəmə ilə çəkişmək məcburiyyətindəyik. İndiyədək müdafiə tərfinin verdiyi heç bir vəsatət təmin edilməyib. Necə ola bilər ki, bütün vəsatətlər əsassız olsun? Yəni bu qədər vəkilin hamısı savadsız oldu ki, bir dənə də əsaslı vəsatət verə bilmədi?”

Bunu “Azərbaycan Televiziyası” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Arif Alışanovun iddiası əsasında ona sui-qəsd hazırlamaqda ittiham olunan Şücayət Əkbərov və daha üç nəfərin məhkəmə prosesində vəkil deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə prosesi 5 aydır davam edir. İyulun 6-da keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və növbəti prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Müdafiə tərəfinin vəkilləri hesab edirlər ki, hakimlər iş üzrə zərərçəkənin xeyrinə daha maraqlıdır və məhkəmə istintaqı dövründə bu açıq-aşkar hiss edilib. Onlar bildirrilər ki, hakim orbitr rolunu oynamaq əvəzinə prosesdə az qala tərəf kimi çıxış edir. Buna görə də həm vəkillər, həm də təqsirləndirilən şəxslər (Aqşin Hüseynov istisna olmaqla) dəfələrlə məhkəmə tərkibinə yazılı etiraz versələr də, hakim etirazı apellyasiya instansiyasına göndərmədən, “qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə verilmədiyi”ni səbəb göstərərk baxılmamış saxlayıb.

Vəkillərin etirazının əsasları isə ondan ibarətdir ki, hakimlər tərkibi, xüsusilə də sədrlik edən işdə zərər çəkmiş kimi tanınan AzTV sədrinin hüquqi nümayəndələrinə və onun xeyrinə şahidlik edənlərə məhkəmə xüsusi rəğbət nümayiş etdirdiyi halda, təqsirləndirilənlərə qarşı davamlı aqressivlik sərgiləyir. Alışanovun vəkillərinin hər istəyinə “bə çeşm” deyən Bakı Ağır Cinayətlər Məhkəməsinnin hakimləri Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət məhkəmə tərkibi hələ bir dəfə də olsun təqsirləndirilən tərəfin vəkillərinin qaldırdıqları vəsatəti təmin etməyib.

Məsələn, 5 aydır davam edən proses zamanı Ş.Əkbərovun vəkili işin tam obyektiv və hərtərəfli araşdırılmasından ötrü zərər çəkmiş A.Alışanovun prosesdə iştirakının təmin edilməsi ilə bağlı 8 dəfə vəsatət qaldırıb və bu, reallaşanadək prosesin təxirə salınmasını istəyib. AzTV sədrinin vəkili vəsatətin təmin edilməməsini istəyib və məhkəmə də vəsatəti təmin etməyib.

İki dəfə açıq ürək əməliyyatı keçirən və üstəlik şəkər xəstəsi olan Əkbərovun vəkili müdafiə etdiyi şəxsin barəsində tibbi ekspertizanın keçirilməsi barədə də vəsatət verib. Alışanovun vəkili buna da etiraz edib. Vəsatət təmin edilməyib.

 

Alışanov gerçəkdən zərər çəkibsə, şahidlərdən əvvəl dindirilməliydi

 

Onda təqsirləndirilən özü məhkəmə tərkibinə etiraz verdiyini bildirib. Hakim məhkəməyə belə bir etirazın daxil olmadığını, bu, baş verdikdən sonra etirazın müzakirə edilə biləcəyini söyləyib.

Ş.Əkbərovun yaxın adamlarının əksəriyyəti məhkəməyə çağırılıb, ifadəsi alınıb. Amma məhkəmə istintaqı “ölümünə sui-qəsd edilmiş” və “küllü məbləğdə əmlakı dələduzluqla ələ keçirilmiş” Alışanov və qızının iştirakı olmadan aparılır, onlar prosesdə vəkilləri vasitəsilə təmsil edilirlər.

Vəkillər etiraz və vəsatətlərin əsaslandırılması zamanı qeyd edirlər ki, Cinayət-Prosessual Məcəlləsinin (CPM) 330-cu maddəsinə görə, məhkəmə iclasında zərər çəkmiş şəxs şahidlərin dindirilməsindən və digər sübutların tədqiq edilməsindən əvvəl dindirilir. Müstəsna hallarda həyatına real təhdidlər olduqda zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, ona təsir göstərilməsinin qarşısının alınması məqsədilə zərər çəkmiş şəxs və ya dövlət ittihamçısının vəsatəti üzrə, yaxud məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında, həmin şəxsə məhkəmə iclasında bilavasitə iştirak etmədən texniki vasitələrdən istifadə olunmaqla ifadə vermək imkanı yaradıla bilər. Nəzərə alsaq ki, Ş.Əkbərov və digərləri müttəhimlər kürsüsündədirlər, cənab Alışanov və qızını hər hansı bir təhlükə gözləmir, o üzdən də onların gəlib qanunla ifadə vermələri və ittihamlarını müdafiə etmələrini əngəlləyən bir təhdid söhbət mövzusu deyil.

 

“Hakim Alışanovla dostdur”

 

Martın 14-də keçirilən prosesdə Ş.Əkbərov yenidən məhkəmə tərkibinə etiraz verib. Etirazda o, hakimlərin zərərçəkən A.Alışanovla dost münasibətdə olduğunu göstərib. Qeyd edilib ki, işin obyektiv araşdırılması üçün verilmiş digər vəsatətlər də məhkəmə tərəfindən təmin edilmir. Ş.Əkbərov proses zamanı zalda olan ailə üzvlərinə hakim tərəfindən kobud davranıldığını deyib. Əkbərovun vəkili bildirib ki, prosessual pozuntularla aparılmış cinayət işinin istintaqa qaytarılması barədə vəsatətləri rədd edildiyinə görə, hakimlərin bu işə ədalətli baxacağı şübhə altındadır. Buna görə də, etiraza baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyiblər. A.Alışanovun vəkilləri və prokuror etirazın qəbul edilməməsini müdafiə ediblər. Məhkəmə etirazı əsassız sayaraq onu baxılmamış saxlayıb.

Əkbərovun vəkili Bəxtiyar Hacıyev latın qrafikasını bilməyən Ş.Əkbərova cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt verilməsi və bu əsasla prosesin təxirə salınmasını istəyib. Qarşı tərəfin vəkilləri və prokuror vəsatətə etiraz edib. Hakimlər vəsatəti təmin etməyiblər.

 

Hakimin mövqeyi:  “Milyonlar Alışanova babasından qalıb”

 

Ş.Əkbərovun vəkili bu dəfə A.Alışanovun və yaxınlarının apardıqları alqı-satqılarla bağlı 2013-2017 ci illər üçün Şamaxı notariatına sorğu göndərilməsi barədə vəsatət verib. Məhkəmə hazırkı mərhələdə vəsatətin təmin edilməsinə ehtiyac görməyib.

Vəkil dövlət reyester xidmətindən Şamaxı və Kürdəmirdə əmlaklarla bağlı müayinə aktını verməkdən imtina etdiklərini bildirib, həmin sənədlərin məhkəmə tərəfindən əldə edilməsi barədə vəsatət verib. Vəsatət təmin edilməyib və hakim bildirib ki, bu məsələyə sübutların araşdırılması mərhələsində baxıla bilər.

Vəkilin daha bir vəsatəti Alışanov və işdə adları zərər çəkmiş kimi keçən şəxslərin aylıq əməkhaqqı ilə bağlı maliyyə arayışı alınmasına dair olub. Alışanovun vəkilləri vəsatətə etiraz edib. Hakim də əmlakların hansı pulla alındığının Alışanovun şəxsi işi olduğunu və bunun məhkəmənin predmeti olmadığını deməklə qalmayıb, “bəlkə pullar ona babasından qalıb”, replikasını atmaqla kifayətlənib.

Təqsirləndirilənin vəkilləri və yaxınları hesab edirlər ki, hakim məmur statusunda olan Alışanovu (səhmləri 100% dövlətə məxsus “AzTV” QSC-nin sədrini prezident təyin edir) onun özündən daha artıq müdafiə etməklə qanunları tapdalayaraq şəxsi mövqeyini bildirib. Bu vəsatət də təmin edilməyib.

Yaxınları bildirirlər ki, hakimin bu cür humanist mövqeyi ittiham olunan tərəfə münasibətdə təm əks mövqeli olur.

Ş.Əkbərov məhkəmədə bildirib ki, ona, keçmiş həyat yoldaşı və qızına məxsus bütün əmlaklar onun həbsindən sonra qanunsuz olaraq Alışanovun ailə üzvləri və yaxınlarının adına keçirilib. O qeyd edib ki,  5 ildən çoxdur ərdə olan qızı Cəmilə Tağıyeva əri ilə ümumi qazancı (Cəmilə AzTV-də işləyib) və nənəsindən qalan pay torpağının satışından əldə etdikləri pulla özlərinə Xırdalan şəhərində mənzil və avtomobil alıblar. Cinayət törətmədiyi və ya cinayətlə heç bir əlaqəsi olmadığı halda əmlakları müsadirə edilərək iddia olunan zərərin ödənilməsinə yönəldiləcək. Necə olur ki, hakim Alışanovun milyonlarla dəyəri olan saysız-hesabsız əmlaklarının “babasından qalma miras olduğu” qənaətinə gəlir, gənc ailənin bir mənzil və bir maşınının nənədən qalma olduğu fikrini qəbul etmir?

 

Məhkəmə vəsatətləri təmin etməyə borcludur, rədd etməyə yox

 

Vəkillər hesab edirlər ki, hakim bütün vəsatətləri rədd etməklə qərəzli mövqe sərgiləyir: CPM-nin 323-cü maddəsinə əsasən məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin aşağıdakı məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırır: yeni sübutların tələb edilməsi və cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi; əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması; ekspertizanın təyin edilməsi; maddi sübutların və sənədlərin tələb edilməsi haqqında. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmə onu təmin etməlidir. Vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarmalıdır.

Əkbərovun vəkili əlavə şahid qismində bəzi şəxslərin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatəti təmin etməyib. Artıq məhkəmə istintaqı başa çatdığından müdafiəı tərəfinin təqdim etdiyi şahidlərin dindirilməsi mümkün olmayacaq.

 

Təqsirləndirilənlər cəzalandırılır, Alışanova aid suallar çıxarılır

 

İyunun 1-də Ş.Əkbərovun müdafiəsinə qoşulan vəkili Ruslan Həsənov məhkəmə tərkibinə etiraz edib. Müdafiəçi vəsatətini məhkəmə kollegiyasının işə qeyri-obyektiv, qərəzli yanaşması ilə əsaslandırıb, bildirib ki, hakimlər kollegiyası müdafiə tərəfinin vəsatətlərini təmin etmir, tərəflər arasında yaranmış insident zamanı yalnız təqsirləndiriləni cəzalandırır, Alışanova aid hissədə pulların mənbəyi ilə bağlı verilən sualları çıxarır. Hakim yenə öz ampluasında qalıb, deyib ki, etiraz əsassız olduğu üçün baxılmamış saxlanılır.

Ş.Əkbərovun digər vəkili İmanqulu Həsənov isə vəsatət verərək məhkəmədən yenidən Şamaxıda hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib. Bu vəsatət də təmin olunmayıb.

Vəkil İ.Həsənov Aqşin Hüseynovdan Şücayətin əleyhinə ifadənin təzyiq altında alındığını, onun da yüngül cəza verilməsi qarşılığında əməkdaşlığa razı olduğunu söyləyib. Ona görə də Aqşinin ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Hakim isə bildirib ki, həmin məsələ ilə bağlı qərar verilib və bu səbəbdən vəsatət müzakirə edilmir.

 

Deputat Fazil Mustafa: “Məhkəmədə AzTV sədrinin adam öldürdüyü deyilir, kimsə reaksiya vermir”

 

İyunun 20-də baş tutan prosesdə vəkil İ.Həsənov bildirib ki, Ş.Əkbərovun küçmiş həyat yoldaşı Səlimə Sadıqova məhkəmədə ifadə verərkən hədə-qorxu və təzyiq altında öz adına olan əmlakları Camal Nəbiyevin (AzTV-nin işçisi, Arif Alıışanovun şəxsi təsərrüfatlarına nəzarət edən şəxs) adına keçirdiyini deyib. Vəkil bu iddaya görə, sənədləşmənin aparıldığı notariat kontorundakı görüntülərin alınması üçün vəsatət verib. Bu vəsatətlərin də aqibəti digərləri kimi olub.

Az qala bütün məhkəmə proseslərində Ş.Əkbərov Alışanovun sevgilisini öldürdüyünü, sürücüsü Hacı Babayevlə birgə meyiti hissələrə ayıraraq ondan qurtulduğunu deyir, məhkəmə və istintaq orqanlarından bu məsələnin araşdırılmasını tələb edir. Vəkilləri də onun söylədiklərinin yoxlanması üçün dəfələrlə vəsatət qaldırıb. Lakin məhkəmə belə bir ciddi ittihama hələ də susqun qalır, baxmayaraq ki, cinayət barədə söylənənlər Milli Məclisdə də səslənib. Deputat Fazil Mustafa bunları deyib: “AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Doğru, ya səhvdir, bilmirəm, amma ortada məhkəmədə səslənən ittiham var. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir”. Millət vəkili məhkəmənin belə ittihamlara ciddi yanaşmalı olduğunu vurğulayıb.

 

Şücayət Əkbərov: “Həyatda qalmağımı istəmirlər”

 

Hakimlər digər təqsirləndirilənlərə qarşı da eyni münasibəti nümayiş etdirir. Misal üçün, ən son iyunun 29-da keçirilən məhkəmədə Qoçali Cəbiyevin vəkili müvəkkili barəsində məhkəmə-tibbi ekpertizasının keçirilməsini tələb edib. Bildirib ki, Qoçali istintaq dövründə verilən işgəncələr nəticəsində birinci qrup əlillik qazanıb. Amma bu vəsatət də baxılmamış saxlanılıb.

Ş.Əkbərov axırıncı prosesdə deyib ki, həbsxanada da durumu məhkəmədəkindən fərqli deyil, onun həyatda qalmağını istəmirlər. Belə ki, 3 həftədən çoxdur adı xəstəxanaya aparılacaq şəxslərin siyahısına salınsa da, son anda ordan çıxarılır. Səbəbini soruşanda da Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova “yuxarı”dan göstəriş gəldiyini deyirlər…

Qeyd edək ki, ittihama əsasən, Ş. Əkbərov Şamaxı və Kürdəmirdə torpaq sahələri almaq adı ilə A.Alışanovun təxminən 5 milyon manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər.

Təqsirləndirlənlər isə ittihamları qəbul etmirlər.  Ş.Əkbərov məhkəmə proseslərində bildirib ki, A.Alışanov Şamaxıya gələrkən yanında əvvəlki kürəkəni Fəridin gəzdiyi qız olub və onu dağdan çaya ataraq öldürüb. Təqsirləndirilən iddia edir ki, bu hadisəni bildiyi üçün A.Alışanov onu şərləyərək həbs etdirib.
Arif Alışanovun vəkilləri isə onun dediyini cəfəngiyyat adlandırıb və təqsirləndirilənin özünü müdafiə etmək üçün uydurduğu fikir adlandırıb.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button