2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Arif Hacılı: “Mübarizə həm siyasi, həm də hüquqi müstəvidə aparılmalıdır”

24 saat.org Müsavat Partiyasının başqanı Arif Hacılı ilə müsahibəni təqdim edir.

– Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşərək müzakirələr aparıb. Görüşdən sonra verilən açıqlamada xüsusi bir razılaşmanın əldə olunduğu deyilməyib. Müsavat Partiyasının prezidentlərin görüşü haqda mövqeyi nədən ibarətdir ?

– Bizim mövqeyimiz açıq və aydındır. Biz Rusiya vasitəsilə bu problemin Azərbaycanın mənafelərinə uyğun həll edilməyəcəyi qənaətindəyik. Çünki bu problem zamanında Rusiya tərəfindən yaradılıb. Bu konfliktin davam etməsi, problemin həll edilməməsi Rusiyanın maraqlarına uyğundur. Odur ki, prosesin Minsk Qrupu həmsədrlərinin təsirinin azalması fonunda Rusiyanın təsirinin artması hesabına müzakirəsi, sözsüz ki, Azərbaycanın marağına uyğun ola bilməz. Biz Minsk Qrupunda həmsədrlər institutunun dəyişdirilməsini tələb etmişik. Hesab edirik ki, Minsk Qrupuna daxil olan digər ölkələrin nümayəndələri də, həmsədrlər qrupunda olmalı, prosesin müzakirəsində iştirak etməlidir. Azərbaycanın mövqeyi nəzərə alınmaqla belə bir dəyişiklik edilməlidir. Rusiya faktiki olaraq Ermənistanla müttəfiq dövlətdir. Rusiyanın Ermənistanla MDB çərçivəsində çoxtərəfli saziş və müqavilələrdən başqa hərbi müttəfiqlik barədə ikitərəfli müqaviləsi var. Odur ki, Rusiyanın bu problemi Azərbaycanın mənafelərini nəzərə alaraq həll etməsi mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

– Yəni bu görüşə və orada əldə edilən nəticəyə münasibətiniz müsbət deyil?

– Ümumiyyətlə belə görüş faktının özü Azərbaycanın mənafelərinə ziddir. Xüsusilə, burada atəşkəs rejimi, təmas xətti ilə bağlı müzakirələr faktiki olaraq Azərbaycan ordusunun 2-5 aprel tarixdə apardığı uğurlu hərbi əməliyyatların nəticələrini heçə endirir.

– Azərbaycanda daxili ictimai-siyasi ab-hava, QHT-lərin durumu, mətbuatın fəaliyyəti və siyasi partiyaların vəziyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan hakimiyyəti öz fəaliyyəti dövründə daim demokratik təsisatların fəaliyyətini məhdudlaşdırmaq xəttini yeridir. Bu siyasət indi də bunu edir. İstər qanunvericilikdə edilən dəyişikliklər, istər hakimiyyətin demokratik institutlara qarşı davranışı ölkədə 1990-cı illərin əvvəllərində yaranan demokratik institutların aradan qaldırılmasına yönəlib. Belə ki, ölkədə fundamental insan hüquq və azadlıqları daim tapdalanır, Azərbaycan konstitusiyası və qanunlarına əməl edilmir. Çoxpartiyalı sistemin aradan qaldırılması istiqamətində addımlar atılır. Bu məqsədlə siyasi partiyaların normal fəaliyyət göstərməsinə imkan verilmir. Media qurumları, xüsusilə, azad və müstəqil media təzyiq altındadır, sərbəst toplaşma azadlığı məhdudlaşdırılıb. Faktiki olaraq Azərbaycanda yalnız bir şəhərdə və bir stadionda vətəndaşların sərbəst toplaşmaq hüququ tanınır. Digər şəhərlərdə və məkanlarda isə vətəndaşların bu hüquq tanınmır. Hakimiyyətin apardığı siyasət nəticəsində ölkədə seçki sistemi aradan qalxıb və təxminən SSRİ-nin durğunluq dövründə olan seçkilərə bənzər seçkilər keçirilir. Bu isə seçkilərin olmaması, təyinatın olması anlamına gəlir. Təbii ki, belə bir şəraitdə demokratik qüvvələrin fəaliyyəti üçün minimum şərait belə yoxdur. Amma buna rəğmən Azərbaycanın minlərlə fədakar vətəndaşı siyasi partiyalarda, mətbuat orqanlarında, qeyri hökumət təşkilatlarında fəallıq edərək ölkədə demokratik cəmiyyətin cücərtilərini qoruyub saxlamağa çalışırlar. Hələlik bu cəhdlər böyük uğurla nəticələnməyib. Lakin hər şeyin bir sonu olduğu kimi Azərbaycandakı bu avtoritar idarəçilik sisteminin də bir sonu olacaq.

– Müsavat Partiyası korrupsiya, Panama sənədləri ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bundan sonra hansı addımlar atmağı planlayırsınız?

– Mübarizə həm siyasi, həm də hüquqi müstəvidə aparılmalıdır. Biz ölkədə baş verən siyasi və iqtisadi pozuntularla bağlı mübarizəmizi davam etdiririk. Panama sənədləri ilə bağlı da Müsavat Partiyasının hüquqi mübarizəsi davam edəcək.

– Azərbaycan müxalifətinin aparıcı hissəsi arasında münasibətlər arzu edilən səviyyədədirmi?

– Çoxpartiyalı sistemin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, müxtəlif siyasi yönlü təşkilatlar öz mövqelərinin ölkədə hakim olması uğrunda mübarizə aparır. Bu baxımdan hesab edirəm ki, dediyiniz istiqamətdə ciddi problem yoxdur. Təbii ki, siyasi qüvvələr arasında əməkdaşlıq mühitinin yaxşı olması arzu ediləndir. Ancaq hesab etmirəm ki, bu münasibətlər ölkədə demokratiyanın inkişafına mane olacaq səviyyədədir.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button