2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ARKİ-də istefalar: kimlər gəlir, kimlər gedir…

Əməkdar artist: “Bir Şəfiqəyə görə niyə İttifaqdan çıxmalıyam? İttifaqı Şəfiqə yaratmayıb”

“Kino İttifaqından çıxmamışam, belə bir fikrim də yoxdur. Bir Şəfiqəyə görə niyə İttifaqdan çıxmalıyam? Şəfiqə kimdir? Onu ora qoyublar, sabah-biri gün də sədrlikdən çıxaracaqlar. Hər dəfə kimsə sədr gələcək, sonra da gedəcək deyə, İttifaqdan çıxmalıyam?”

Bunu Meydan TV-yə Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) çıxması ilə bağlı mətbuatda yayılan xəbərə münasibət bildirərkən deyib.

Saytların yığılması Saytlarin yigilmasi

APA bir qrup mədəniyyət və incəsənət xadimi ARKİ-nin üzlüyündən imtina etdiyini yazıb.

Məlumatda qeyd olunur ki, ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsi ittifaqdan çıxıb.

Onların arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artistlər Gülşad Baxşıyeva və Münəvvər Əliyeva da var.

“İttifaqdan işini apara bilməyən adamı çıxarmalıdırlar”

“İttifaqı Şəfiqə yaratmayıb. ARKİ yarananda məni çağırdılar və dedilər ki, Prezidentin sərəncamı ilə yaradılır. Mən də böyük məmnuniyyətlə razılaşdım. Çünki Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) fəaliyyətini dondurmuşdu. Əksinə, ARKİ-dən heç kim çıxmasın. İttifaqdan işini apara bilməyən adamı çıxarmalıdırlar”, – Gülşad Baxşıyeva Meydan TV-yə deyib.

Onun sözlərinə görə, ittifaqa üzv olandan sonra orada keçirilən heç bir tədbirə dəvət olunmayıb. Hətta bir müddət öncə Şəfiqə Məmmədovanın ikinci dəfə sədr seçilməsi ilə əlaqədar keçirilən tədbirdən də xəbərsiz olub:

Gülşad Baxşıyeva. Foto: “qafqazinfo”

“Nə qurultaylarında, nə hansısa yubiley tədbirlərində iştirak etmişəm, çünki dəvət etməyiblər. Məni saymayıblar. Amma bu o demək deyil ki, buna görə inciyib, küsəcəyəm və çıxıb gedəcəyəm. Belə hal ola bilməz. Sabah-biri gün qurultay keçirib, Şəfiqə Məmmədovanı növbəti dəfə seçməsələr, təzədən ərizə yazıb, üzvlüyümü bərpa etməli deyiləm. Əksinə, hesab edirəm ki, işinin öhdəsindən gəlməyənlər getməlidirlər”.

“Həm AKİ, həm də ARKİ-nin üzvüyəm, heç birindən də çıxmamışam”

Üzvlükdən çıxan sənətçilərdən birinin də Əməkdar artist, aktrisa Münəvvər Əliyeva olduğu deyilir.

Aktrisa Meydan TV-yə bildirib ki, həm AKİ, həm də ARKİ-nin üzvüdür və heç birindən də çıxmayıb:

“Bir ay öncə ARKİ-də keçirilən qurultaydan, ümumiyyətlə, orada baş verənlərdən xəbərim yoxdur. Vaxtilə oranın üzvü olmuşam. Deyim ki, nə vaxtsa gedib, ərizə yazıb üzvlükdən çıxmışam, yox. Sadəcə, Rüstəm İbrahimbəyov növbəti dəfə AKİ-nin fəaliyyətini bərpa edəndə orada da üzv oldum. Hər iki ittifaqın üzvü oldum nə xeyri, olmadım nə xeyri? AKİ-yə üzv olandan sonra ARKİ-dən zəng etdilər ki, siz gedib AKİ-yə yazılmısınız? Dedim ki, hə, yazılmışam. Mən hətta xatırlamıram ki, axrıncı dəfə ARKİ-nin tədbirində nə zaman olmuşam. ARKİ yeni açılanda bir-iki dəfə getmişdim. Amma sonradan heç vaxt dəvət etmədilər. Heç AKİ-yə də dəvət etmirlər. Ona görə də hazırda baş verənlərin mənə heç bir isti-soyuğu yoxdur”.

Münəvvər Əliyeva. Foto: “Telegraf.com”

“Qurultay keçirilməli, üzvlərin hamısı sədrin seçilməsi prosesində iştirak etməlidir”

ARKİ üzvü, Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudovbəyov Meydan TV-yə bildirib ki, hazırda İttifaqın üç yüzə yaxın üzvü var.

Qurultay keçirilməli və həmin üzvlərin hamısı sədrin seçilməsi prosesində iştirak etməlidir:

“Bir nəfər də kənarda qala bilməz. Üç yüz nəfər dəvət olunmalıdır. AKİ-dən də Rasim Balayev, Əli İsa Cabbarov da gəlməlidir. Hamımız birlikdə qurultayı keçirməliyik. Azərbaycanda nə kino var ki, iki də ittifaqı olsun? Kinostudiya kənarda qalıb, dağılır. Bunlar özləri üçün kino-kino oynayırlar. Büdcədən pul alırlar, özləri üçün ittifaq düzəldirlər. Üç-beş nəfər sağ qalmış kino xadimlərinin hərəsi bir ittifaqdadır. Aralarında da qarşıdurma, xeyli söz-söhbət yaranıb. Top-tüfəng davası bu gün də davam edir. Arada kinomuz ağlar qalıb”.

Şeyx Əbdül Mahmudovbəyov . Foto: “ölke.az”

“Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsinə etiraz olaraq istefa verirəm”

2023-cü yanvarın 24-də 7 il ərzində ARKİ-nin mətbuat xidməti vəzifəsində çalışan Əli Vəliyev “Facebook” səhifəsində status yazaraq vəzifəsindən getdiyini qeyd edib:
“Şəfiqə Məmmədova saxta seçki keçirməsinə və özünü saxta yolla sədr elan etməsinə etiraz olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıram”.

İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova Meydan TV-nin zənglərinə cavab verməyib.

İttifaqın katibi Ayaz Salayev məsələni şərh edərkən deyib ki, İttifaqdan çıxanları qınaya bilmərəm, qurultayın çağırılmasını təklif etsinlər.

“Bir ölkədə iki kino ittifaqını yaradanlar düşünməlidir”

Digər İttifaqın – AKİ-nin sədri, Xalq artisti Rasim Balayevin də baş verənlərə belə münasibət bildirib:

“ARKİ-də baş verənlərlə bağlı heç bir düşüncəm, fikrim yoxdur. Orada baş verənlər onların işidir. Bütün ölkələrdə kino ittifaqı birdir. Bir ölkədə iki kino ittifaqını yaradanlar, bu şəraiti yaradan adamlar düşünməlidir. Bundan sonra necə olacaq? Bunu yaradan adamlar düşünməlidir”.

2022-ci il dekabrın 17-də ARKİ məlumat yayıb ki, İttifaqın nizamnaməsinə uyğun olaraq Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən İdarə Heyətinin sədri seçilib.

Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Bəzi üzvlər iclasdan xəbərsiz olduqlarını bildirib, narazılıq ediblər.

Rasim Balayev. Foto: “azerbaycan24”

Nazirlikdən reaksiya

Mədəniyyət Nazirliyinin ARKİ-də baş verənlərə münasibət bildirib.

Nazirlik qeyd edib ki, qanunvericiliyə əsasən, ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar, o cümlədən kino ittifaqları qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçirirlər.

Həmin qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Prezident Adminstrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mətbuata iclasdan xəbərsiz olduğunu deyib.

Mədəniyyət Nazirliyinin aidiyyəti şöbəsində də bununla bağlı məlumatsız olduqlarını bildiriblər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2012-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) 1981-ci ildən Rüstəm İbrahimbəyov rəhbərlik edirdi.

2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra AKİ-də ciddi problemlər yaranıb.

Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb.

Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.

Ölkədə iki kino ittifaqının fəaliyyət göstərməsi kino adamları arasında ciddi problemlər, söz-söhbətə, ayrı-seçkiliyə səbəb olub.

Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşmiş rejissorlar, kino adamları iki ayrı cəbhədədirlər.

2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.

AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button